
Zəmanəsinin böyük siyasətçisi, gerçək demokratı...
İngiltərənin sabiq baş naziri Uinston Çörçilin adı çəkiləndə yaşlı və orta nəsil insanlarının ağlına adətən ilk gələn bu sözlər olur – “Filankəs Çörçildən çox bilir”. Şübhəsiz, bunun obyektiv bir nədəni var. İnsanların bilik, bacarıq, dünyagörüş səviyyəsini ölçmək üçün Çörçilin iti zəkası, zəngin həyat təcrübəsi, uzaqgörənliyi sanki bir ölçü vahidinə, etalona çevrilib.
Amma etiraf edək ki, bu ifadə heç də həmişə səmimi niyyətdən qaynaqlanmır. Olur ki, ünvanına məlum sözlərin deyildiyi şəxsin sadəcə, çoxbilmiş, aferist obrazını yaratmaq cəhdi sezilir. Amma bəs gerçək nə deyir?
Bu yaxınlarda Çörçilin 2-ci Dünya müharibəsi zamanı baş verənlərlə bağlı yazdığı memuar və xatirələri ilə tanış olmaq imkanım oldu. Və bir daha bu məşhur siyasət “balinas”ını yaxından tanımaq şansı buldum. Onun siyasi fəaliyyəti ilə yanaşı, şəxsi həyatı da olduqca maraqlı, zəngin, diqqətçəkicidir.
Az-çox mütaliə etmiş şəxslər bilirlər ki, 2-ci Cahan savaşının faşistlərin məğlubiyyəti ilə bitməsində Çörçilin xidmətləri danılmazdır. Onun İngiltərə üçün, ümumiyyətlə, bəşəriyyət üçün etdikləri əksər siyasətçilər üçün əlçatmaz sayıla bilər. Məsələn, onun İngiltərəni müharibədən minimum itki və qələbə ilə çıxarması reallıqdır. Amma sonra nə baş verdi? Belə bir güclü, ağıllı, təcrübəli siyasət adamı 1945-cı ildə keçirilən parlament seçkilərində uduzdu və baş verənlərdə özünə şəxsi düşmən axtarmadı!

Təsəvvür edirsinizmi, müharibəni qazanmış, İngiltərəni dünyanın yenidən bölüşdürülməsində söz sahibi etmiş biri, öz ölkəsində keçirilən seçkiləri uduzur. Şübhəsiz ki, bu həm də onun demokrat xarakterindən irəli gəlirdi. Çünki Çörçil fərqində idi ki, bu nəticə heç də əsassız və təsadüfi deyil. Oturuşmuş siyasi sistem, demokratik ənənələrə malik Britaniyanın seçicisi sanki bununla demək istəyirdi ki, etdiklərinə görə “sağ ol”, amma yenə də hakimiyyətdə qalarsansa, bu, fəsadlar verə, korrupsiya, şəxsiyyətə pərəstiş yarana və bundan da ölkə itirə bilər.
Lakin bütün bu olanlar Çörçili qətiyyən həvəsdən salmır. Əksinə, növbəti - 1951-ci ildə keçirilən seçkilərə daha həvəslə qatılaraq yenidən İngiltərənin baş naziri olur.
Demokratiya, demokratik ənənə bax, budur - yadfikirliliyə hörmət və dürüstlük. Bunu U.Çörçilin timsalında aydınca görmək olar. Bu iki şərti təmin edən cəmiyyətin qazancı yalnız tərəqqi, rifah ola bilər. Zatən, bu sübut olunub. Hazırda da dünyanın inkişaf etmiş ölkələrinin təməl prinsiplərini bu iki şərt təşkil edir...
Fiziki cəhətdən heç də çevik olmayan Çörçil müharibə illərində belə demək mümkünsə, İngiltərədə az-az olurmuş. Şimali Afrika və Qərbi Avropada gedən döyüş bölgələrinə tez-tez baş çəkən Çörçilin Moskvada Stalinlə keçirdiyi görüşlərin də təfərrüatına varmaq çox maraqlıdır.
Xatırlatmaq yerinə düşər ki, 2-ci Dünya müharibəsində İngiltərə, SSRi və ABŞ bir koalisiyada müttəfiq olublar. Amma bu müttəfiqlik heç də səmimi xarakterdə olmayıb. Çünki əgər müharibənin başlama səbəbi faşizm idisə, digər tərəfdən, SSRİ-də hakim olmuş kommunizm ideologiyası də Avropa üçün qəbul olunmaz sayılırdı. O üzdən faşizmi (ifrat sağçılığı) məhv etmək nə qədər vacib idisə, ifrat solçuluğun da Avropaya yayılması arzuolunan deyildi...
Başqa bir maraqlı detal. 1945-ci ildə ABŞ-ın atom silahını artıq hazırlaması xəbərini Stalinə necə çatdırmaq mübahisə mövzusu olub. Moskvadakı görüşlərin birində xəbəri Stalinə çatdırmaq ABŞ-ın o zamankı müdafiə nazirinə tapşırılıbmış. Lakin Stalinin buna necə reaksiya verəcəyi Çörçil üçün maraqlı olub. Özü kənardan bu səhnəni müşahidə edib. Stalin isə xəbəri alandan sonra, tövrünü ümumiyyətlə, pozmayıb və bunu sanki gözləyirmiş kimi davranıb. Əlbəttə ki, bunun siyasi bir gediş olduğunu Çörçil də anlayıb, Stalinin atom silahını ən qısa zamanda SSRİ-nin də əldə etməsi üçün əlindən gələni edəcəyinə şübhə etməyib ki, bu da ayrı bir yazının mövzudur...
Əksər hallarda xarici səfərlərini qızı Meri ilə birgə gerçəkləşdirən Çörçilin həm də diqqətli, həssas bir ata olduğunu görürük. Zənnimcə, bu həm də təhlükəsizlik məsələləri ilə də bağlı ola bilərdi.
Xaraktercə emosional olan Çörçil siyasi fəaliyyəti zamanı başına gələn bəzi sərgüzəştlərə qarşı təmkinini pozmaması, onun lazımi məqamda nə edə bilmə bacarığından irəli gəlir. Yazdığım növbəti fakt bunu sübut edir. Ziyafət tədbirlərinin birində ofisiant bilməyərəkdən şorbanı Çörçilin başına tökür. Hamı çılğın, emosional Çörçilin buna necə reaksiya verəcəyini gözləyərkən, onun cavabı orijinal və diplomatik olur: “Siz elə bilirsiniz ki, şorbanı başıma tökməklə, saçımın tökülməsinin qarşısını ala biləcəksiniz?..”

Hər iki dünya müharibəsində bu və ya digər şəkildə aktiv iştirak etmiş, müharibədən sonra isə NATO kimi tanıdığımız hərbi-siyasi alyansın yaradılmasında müstəsna rolu olmuş bu böyük siyasət “balinası” 1955- ci ildə böyük siyasətdən çəkilib, ömrünün qalan hissəsini memuar yazmağa və şəkil çəkməyə sərf edib. 1953-cü ildə o, Nobel mükafatı, 1963-cü ildə isə ABŞ-ın fəxri vətəndaşlığını alıb.
1965-ci ildə, 90 yaşında dünyasını dəyişən Uinston Çörçili ingilis xalqı yüksək dəyərləndirir. Bunu onun dəfninə qatılan insan selindən də görmək mümkündür...

Xasay Səfəroğlu.