Medianews.az
Erməni oliqarxları Şuşaya yatırım qoyur
112 baxış

Erməni oliqarxları Şuşaya yatırım qoyur

Müxalif Erməni Milli Konqresi: “Bu rejim Qarabağ məsələsindən ölkəni talamaq üçün istifadə edir”

Rəsmi Bakı isə növbəti dəfə ABŞ-ı münaqişənin həllinə kömək göstərməyə çağırıb; səfir Elin Süleymanov Amerika mətbuatında yeni məqalə yayıb

“DQR prezidenti” Bako Saakyan şəhərin erməni qüvvələri tərəfindən işğal olunmasının növbəti ildönümü ərəfəsində Şuşada erməni heykəltəraşın sərgisinin açılışında iştirak edib və oliqarxlara bu dəstək üçün minnətdarlıq bildirib. Məlumat verilir ki, Şuşada erməni incəsənət mərkəzinin açılması şəhərin erməni mədəniyyəti mərkəzlərindən biri kimi tanıtmaq üçün neçə vaxtdır başlamış işlərin bir hissəsidir. Dünya erməniləri və Ermənistan son vaxtlar Şuşadan Azərbaycan mədəniyyətinin izlərini silmək və onun qədim erməni yaşayış məskəni imicini formalaşdırmaq üçün bir sıra tədbirlər həyata keçirirlər.

Digər xəbərə görə, Şuşada yeni stadion da istifadəyə verilib. Stadionun tikintisini Ermənistanın hakim Respublika Partiyasından deputat, Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan maliyyələşdirib. Stadionun açılış mərasimində Ermənistan rəsmiləri və xarici ölkələrdən gəlmiş erməni diaspor nümayəndələri iştirak ediblər. Hər il olduğu kimi ermənilər bu il də Şuşanın alınmasını bayram etməyə hazırlaşırlar və bu məqsədlə bir sıra tədbirlər hazırlayırlar.

Ermənistan hakimiyyətində müxtəlif vəzifələr tutan oliqarxlar öz bizneslərini Qarabağa doğru genişləndirməkdə adətən tərəddüd edirdilər. Lakin son vaxtlar bu tendensiyanın dəyişdiyi müşahidə olunmaqdadır. Bundan əvvəl Ermənistanın hakim Respublika Partiyasından və “Firəvan Ermənistan” partiyasından olan iki deputatın Qarabağda üzüm plantasiyaları salmaq, şərab zavodu açmaq üçün 300 hektar torpaq sahəsi aldığı haqda xəbərlər yayılmışdı. Ehtimal olunur ki, prezident Serj Sərkisyan artıq kifayət qədər varlanmış oliqarxlara pullarının bir hissəsini Qarabağa yönəltməyi tapşırır. Belə ki, xaricdəki varlı ermənilər Dağlıq Qarabağa iri yatırımlar qoymur və xırda ianələrlə kifayətlənirlər.

Ermənistan müxalifəti isə İrəvanın Ağsaqqallar Şurasına bazar günü keçirilmiş seçkilərdən ölkəni talayan indiki hakimiyyətdən yaxa qurtarmaq baxımından mühüm mərhələ kimi istifadə etməyə çalışırdı. Seçkilərə qatılmış müxalif Erməni Milli Konqresinin koordinatoru, keçmiş prezident Levon Ter-Petrosyanın müşaviri olmuş Levon Zurabyan ironiya ilə deyir ki, hakimiyyətdə olan Qarabağ klanı doğrudan da Ermənistanı çox sevir, xüsusən də onun sərvətlərini və mülkiyyətini. Zurabyana görə, indiki hakimiyyətə Qarabağ münaqişəsi ancaq bir məqsəd üçün lazımdır - Ermənistanı talamaq. Müxalif funksioner bildirib ki, hakimiyyət istər Qarabağ, istər “soyqırımın tanıdılması” məsələsində davakar ritorikadan məhz bu məqsədlə istifadə edir və nə qədər ki, bu hakimiyyət var, problem həll oluna bilməz.

Bu günlərdə İrəvanda Erməni Milli Konqresinin fəalları 2 ildən 6 il müddətinə həbs olunmuş gənc silahdaşlarının müdafiəsi üçün Baş Prokurorluğun qarşısında növbəti etiraz aksiyasını keçiriblər. Piket iştirakçılarının əllərindəki şüarlarda həbs olunmuş gənclərin azadlığa buraxılması, ədalətsiz qərar qəbul edən hakimin cəzalandırılması, cinayətkar hakim Respublikaçılar Partiyasının ləğv olunması, “azad Ermənistan” tələbləri yazılıb. Bir qadın isə əlində prezident Sarkisyanın şəkli çəkilmiş və “siz hələ azadlıqdasınız?” yazılmış plakat tutub.

Ermənistan müxalifəti İrəvan meri seçkisi ilə bağlı kampaniyanın gedişində hakimiyyətin Qarabağ probleminə dair mövqeyini bu kontekstdə dəfələrlə tənqid etmişdi. Hakimiyyətin tənqidçiləri bildirir ki, hakimiyyətin bu problemdən öz maraqları üçün istifadə etməsi ölkənin boşalmasına, miqrasiyanın daha da genişlənməsinə gətirib çıxarır. Ermənistanın Milli Statistika Komitəsinin açıqladığı son statistikaya görə, bu ilin üç ayı ərzində 36 minə yaxın adam tərk edib. Bu, ötən ilin ilk üç ayı ilə müqayisədə 10 min nəfər çoxdur.

“Joqovurd” qəzeti yazır ki, miqrasiyanın ilbəil artması ağır sosial-iqtisadi vəziyyətlə yanaşı son prezident seçkilərinin saxtalaşdırlması, Qarabağ məsələsinin həll olunmaması üzündən müharibə təhlükəsinin get-gedə artması ilə bağlı cəmiyyətdə ümidlərin azalmasıdır.

Belə görünür ki, Ermənistan hakimiyyəti bu tendensiyanı nəzərə alaraq münaqişənin nizamlanmasına dair faktiki olaraq dayanmış danışıqlarda müəyyən canlanma yaratmaq istəyir. Çünki danışıqların formal əhəmiyyət kəsb etsə belə davam etdirilməsi hakimiyyətlərə imkan yaradır ki, problemin həlli ilə məşğul olduqlarını imitasiya etsinlər.

Xəbər verildiyi kimi, mayın 14-də Polşanın Krakov şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü razılaşdırılıb. Bu görüş Avropa İttifaqının Şərq Tərəfdaşlığı təşəbbüsünə daxil olan ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutacaq. Ermənistan xarici işlər naziri Edvard Nalbəndyan bildirmişdi ki, prezidentlərin də görüşü istisna deyil.

Lakin rəsmi Bakı danışıqlarda irəliləyişə ümid etmir və Vaşinqtonun münaqişənin həlli üçün fəallaşmasına çalışır. Bu yöndə Azərbaycan hakimiyyətinin neçə vaxtdır lobbi fəaliyyətləri apardığı müşahidə olunmaqdadır. Azərbaycanın Birləşmiş Ştatlardakı səfiri Elin Süleymanov son bir neçə gündə artıq ikinci dəfə Amerika mətbuatında məqalə ilə çıxış edərək Vaşinqtonu danışıqlarda daha fəal rol almağa çağırıb. Konqresin nəşri olan Roll Call qəzetində dərc olunmuş məqaləsində E.Süleymanov yazıb ki, ABŞ və digər beynəlxalq güclər Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün səyləri artırmalı, məsələnin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmalıdır.

Məqalədə Azərbaycanın regionda əhəmiyyəti vurğulanır, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi xatırladılır, Əfqanıstandakı koalisiya qüvvələrinə texniki dəstək verdiyi bildirilir. Səfir qeyd edir ki, Azərbaycanın ABŞ, Avropa və bütövlükdə Qərb üçün əhəmiyyəti artıb. Lakin Qarabağ məsələsinin həll olunmamış qalması regionun gələcəyinə kölgə salır. “Beynəlxalq səylərə baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında real irəliləyiş əldə edilməyib, bu da bütün Avrasiya regionunda sülh və təhlükəsizliyi təhdid edir” deyə o yazır. Səfir xatırladır ki, erməni qüvvələri 1993-cü ilin aprelində Kəlbəcəri işğal edəndən bir ay sonra BMT Təhlükəsizlik Şurası işğala dərhal son qoyulması barədə qətnamə qəbul etsə də həmin qətnamə hələ də həyata keçirilmir. “Azərbaycan əraziləri hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır, məcburi köçkünlər öz evlərinə qayıda bilmir. ABŞ hakimiyyəti Konqresin dəstəyi ilə nüfuzlu vasitəçi kimi bu situasiyanı dəyişməyə kömək etməli, danışıqlar prosesində daha fəal rol almalı və münaqişənin beynəlxalq hüquq çərçivəsində nizamlanmasına dəstək verməlidir” deyə səfir yazır.

musavat.com

 

Bizə qoşulun