
Hökumət sosial siyasətində korrektələr edir
“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər, ipoteka fonduna ayırmaların artması və şərtlərin yüngülləşməsi, texniki baxışa tətbiq edilən yeni qaydalar hakimiyyətin sosial sferadakı gərginlikdən ehtiyatlandığını göstərir
“İcbari sığortalar haqqında” qanuna dəyişikliklər ediləcək. Sığorta hadisələri zamanı ödənişin alınması üçün bəzi sənədlərin notariuslar tərəfindən təsdiqlənməsinə ehtiyac olmayacaq. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta növü də İcbari Sığorta Bürosu tərəfindən tənzimlənəcək.
APA-nın məlumatına görə, bu dəyişikliklər Milli Məclisə təqdim olunan “İcbari sığortalar haqqında” qanuna əlavə və dəyişikliklərdə nəzərdə tutulub. Bununla bağlı qanun layihəsinin MM-in İqtisadi Siyasət komitəsində müzakirəsi zamanı Maliyyə Nazirliyinin Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib ki, hazırda qüvvədə olan “İcbari sığortalar haqqında” qanunda avtonəqliyyat sahiblərinin icbari məsuliyyətinin sığortasında sığorta şəhadətnamələrinin elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi nəzərdə tutulur. Bu da sığorta müqavilələrinin bağlanmasında operativliyi və şəffaflığı xeyli artırıb. Ümumiyyətlə sözügedən informasiya sistemi özünü doğruldub: “Amma bu yalnız bir sığorta şirkəti üçün məcburidir. Praktika göstərir ki, bütün icbari sığorta növlərinin vahid elektron informasiya sistemi vasitəsilə rəsmiləşdirilməsi daha effektiv və təkmil modeldir. Qanuna dəyişikliklərin mühüm hissəsi bu məsələyə həsr edilib.
Başqa dəyişiklik İcbari Sığorta Bürosu (İSB) tərəfindən tənzimlənən sığorta növlərinin sayının artırılmasına aiddir. N.Xəlilov bildirib ki, bu gün sığortaçının ödəmə qabiliyyətinin olmamasına görə sığorta ödənişini yerinə yetirə bilmədikdə İSB kompensasiya ödəyir. Amma belə bir təminat sistemi istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi ilə bağlı sığortaya aid edilmir. Bu isə sığorta şirkətinin müflis olacağı halda sığortalıların və sığorta olunanların maraqlarının pozulmasına şərait yaradır.
Bununla əlaqədar olaraq dəyişikliklərdə sığortaçının ödəmə qabiliyyəti olmadığı halda İSB kompensasiya ödənişini öz üzərinə götürməsi təklif edilir. Bundan başqa, hazırda qanunda sığorta ödənişinin verilməsi üçün təqdim edilməli olan bir sıra sənədlərin sürətinin notariat qaydasında təsdiq edilməsi tələb edilir. Amma N.Xəlilovun sözünə görə, praktika göstərir ki, bu gün buna ehtiyac yoxdur: “Bu barədə bizə həm sığortalılar, həm də sığortaçılar tərəfindən təkliflər daxil olur. Təklifləri nəzərə alaraq həmin sənədlərin surətlərinin notariat qaydasında təsdiq olunmasını nəzərdə tutan maddələrdə müvafiq dəyişikliklərin edilməsi təklif edilir”.
Ümumiyyətlə götürsək, yeni dəyişiklik pozitiv xarakterlidir. Burada sığorta ödənişi ödəməkdən yayınan sığorta şirkətlərinin fəaliyyətinin nəzarətin gücləndirilməsi, bürokratik baryerlərin qismən aradan götürülməsi nəzərdə tutulur. Qısası, dəyişiklər sığorta şirkətlərinin deyil, onların müştərilərinin maraqlarına hesablanıb.
Sığorta şirkətlərinin sığorta ödənişlərindən kütləvi şəkildə yayınması ilə bağlı məlumatlar müntəzəm olaraq mediada dərc edilir. Sığorta şirkətləri ən müxtəlif bəhanələrlə ödənişdən imtina edir, əksər hallarda mübahisələr məhkəmə qaydası ilə çözülür. Qanuna təklif edilən dəyişikliklər bu tip neqativ halların qarşısını xeyli alacaq, İcbari Sığorta Bürosu isə xeyli mənada Sığorta Ombudsmanı funksiyasını yerinə yetirəcək. Yəni İSB mübahisəli məqamların çoxunu məhkəməsiz və operativ qaydada həll etmək imkanı əldə edəcək.
Ümumiyyətlə, son vaxtlar hakimiyyət sosial sahənin liberallaşması ilə bağlı müəyyən addımlar atmaqdadır. İpoteka Fonduna ayırmaların artması və şərtlərin yüngülləşməsi ilə bağlı, eləcə də bank faizlərinin aşağı salınması ilə bağlı millət vəkilləri və hökumət təmsilçilərinin təklifləri göstərir ki, hakimiyyət seçki ərəfəsində sosial sektorda şərtlərin müəyyən qədər yumşalmasında maraqlıdır. Həmçinin Asan xidmətin yaradılması, avtomobillərin texniki baxışdan keçirilməsində tətbiq olunan yeni qaydalar və s. Göstərir ki, iqtidar sosial sektorda durum son dərəcə gərgin olduğunun fərqindədir.
Hakimiyyət üçün ən arzuolunmaz durum isə sosial narazılıqların sürətlə siyasiləşməsi tendensiyasıdır. Quba və İsmayıllı olaylarının timsalında bu tendensiya daha qabarıq göründü.
musavat.com