
Xalid KAZIMLI
Cəza maşınının bunkerində
Siyasi fəal gənclərin həbsi ilə əlaqədar peşəkar və ictimai mediada 37-ci il repressiyasını xatırladanlar var. Onlar xeyli dərəcədə haqlıdırlar. Gerçəkdən də 10-15 günün içində çoxu bir təşkilata mənsub olan 10-a yaxın gənc fəalın qondarma ittihamlarla həbsə alınması repressiya maşınının yenidən hərəkətə gətirilməsindən xəbər verir.
Gördüyünüz kimi, söhbət repressiya maşınının “yenidən hərəkətə gətirilməsi”ndən gedir. Son 20 ildə bu maşınının mühərrikinin söndürülüb qaraja qoyulduğu olmayıb. O, həmişə işlək vəziyyətdə olub, sadəcə, zərurət yarandıqda hərəkət etdirilib.
Bu 20 ildə ədalətsiz məhkəmələrdə mühakimə olunan, vaxtaşırı dolub-boşalan türmələrdə yatan insanları, bu və ya digər şəkildə siyasi motivlərlə cəza çəkdirilmiş minlərlə məhkumu xatırlayaq. Onların hamısı mövcud rejimin repressiya maşınının vərdənəsindən, bunkerindən keçib.
O maşının tırtılları altında qalıb əzilən minlərlə insanla yanaşı, qorxunc görünüşündən, amansız hərəkətindən qorxub kənara çəkilənlər, başının salamatlığını birtəhər qoruyan şəxslər də minlərlədir.
İndi növbə yeni nəslə çatıb. Hakim komandanın repressiya kombaynı onları öz bunkerinə doldurmaqdadır.
Hakim komanda, daha doğrusu, neoburjuaziya oliqarxiyası hakimiyyəti qoruyub saxlamağın yeganə yolunu həmin kombaynın daima tırıldamasında, sağa-sola davrayaraq, başı tərpənənləri biçməsində görür.
Plutokratiya başa düşür ki, normal idarəetmə üsulları ilə siyasi dövran sürmək şansını çoxdan itirib. Bir ədalətli, şəffaf, dürüst seçki onların hüdudsuz hakimiyyətinə son qoya bilər. Ona görə də onların hər dəfə seçkilərdə saxtakarlıq maşınından, daha sonra repressiya kombaynından istifadə etməsi təəccüblü deyil.
Bu dəfə isə repressiya maşını o biri maşından - saxtakarlıq mexanizmindən qabağa düşüb. Belə görünür ki, bunu 2013 seçkilərinin spesifikliyi şərtləndirib. Hiss olunur ki, hakim komanda payızda keçiriləsi seçkilərdən aylar öncə repressiya tədbirlərinə başlamağı vacib sayır, sövq-təbii başa düşür ki, sonra gec ola bilər.
Siyasi motivlərlə həyata keçirilən repressiya aktları elə bir şeydir ki, o, mütləq şərləmələrlə, qurama işlərlə, saxtakarlıq və hüquq pozuntuları ilə müşayiət olunmalıdır. Gənclərə qarşı irəli sürülən ittihamlar məhz bunu sübut edir.
Ortada hər hansı real və ciddi kriminal əməl olsaydı, əsasən sosial şəbəkədə fəaliyyət göstərən, şəxsi maddi imkanları sıfıra bərabər olan gənclərə qarşı dünyanın ən ciddi, ən bahalı siyasi-kriminal-hərbi əməliyyatını (dövlət çevrilişi) təşkil etmək ittihamı səslənməzdi.
Təcrübəsiz olsalar da, gənclərin dirənişi, qorxmazlıqları göstərir ki, onlar həbsdən, siyasi motivlərlə mühakimə olunmaqdan çəkinmirlər. Elə olsaydı, hər dəfə bir “NİDA” üzvü həbs olunduqdan sonra təşkilatın sıralarına daxil olmaq üçün daha çox gənc, hətta daha yetkin şəxslər müraciət etməzdi.
Hərdən bəzi saytlarda, sosial şəbəkədə bu kimi həbslərlə bağlı deyinən insanlar gənclərin qızışdırılıb qabağa yeridilməsindən, güdaza verilməsindən yazırlar. Sanki yetkin yaşlı siyasətçilər nəsli gənclərin enerjisindən, potensialından sui-istifadə edirlər.
Amma bu kimi iddiaların tutarlı əsası yoxdur. 1988-90-cı illərin gənclərini meydanlara heç də yaşlı nəslin nümayəndələri qızışdırıb çıxarmadıqları kimi, indiki gəncləri də heç kəs qızışdırıb fəallaşdırmayıb. O vaxtın gəncləri instinktiv olaraq vətənin və özlərinin gələcəkləri üçün təhlükə hiss etdiklərinə görə birləşib meydanlara çıxmışdılar, indiki gənclər də eyni cür təhlükə hiss edir və yaxınlaşan təhlükəyə birlikdə müqavimət göstərmək istəyirlər. Ona qalsa, küçələrdə minlərlə qızışqan gənc var ki, onların həyat idealları maşın oynatmaq, lağlağı etmək, cinsi ehtiyaclarını ödəmək üçün səhərdən axşama qədər orda-burda sülənməkdir.
Hazırda repressiya maşınının bunkerində olan gənclər isə tamam başqa düşüncəli insanlardır. Görmək və yetmək istədikləri gələcək barədə onların təsəvvürləri aydındır.
Görək, repressiya kombaynı nə vaxta qədər işlək olacaq. Hər bir mexanizm müəyyən zaman kəsiyində işlək olur, sonra köhnəlir və sınır.