Medianews.az
TƏSADÜFİ ÖLÜM, YOXSA PLANLI QƏSD?
222 baxış

TƏSADÜFİ ÖLÜM, YOXSA PLANLI QƏSD?

Xalid KAZIMLI

samir_sari@mail.ru

 

TƏSADÜFİ ÖLÜM, YOXSA PLANLI QƏSD?

 

Yəhudi mənşəli rusiyalı maqnat, prezident Putinin qatı düşmənlərindən biri Boris Berezovskinin İngiltərədəki ölümü bütün dünyanın nəzərlərini yenidən Rusiyaya yönəldib. Mətbuat maqnatın ölümünü “müəmmalı” qrifi ilə şərh edir. Ortada doğrudan da müəmma var. Ürəyində şuntlama əməliyyatı aparılmış şəxslər uzun illər boyunca yaşadığı halda, hüdudsuz maddi imkanlara malik, daima özünə, səhhətinə fikir verən şəxsin qəflətən infarktdan ölməsi tibbi baxımdan o qədər də inandırıcı görünmür.

 

Ancaq orası da var ki, Berezovski kimi adamlar öz əcəlləriylə, hətta 85 yaşda ölsələr də, bu işdə mütləq müəmma axtaranlar və tapanlar olacaq. 

Bu da nəsə bir psixoloji nüansdır. İctimaiyyət varlı, məşhur və qalmaqallı adamların istənilən yaşda vəfat etməsi faktını təbii qarşılaya bilmir, onların hansısa sui-qəsdə qurban getməsi barədə on illərlə müzakirə aparır, son nəticədə məsələ ekshumasiya ilə bitir. 

Bununla belə, ortada Rusiya, Putin, asi oliqarx söhbəti varsa, şayiələrin havada uçuşması, şübhə dolu versiyaların səslənməsi təbiidir. 

Ona görə ki, 2000-ci ildən başlayaraq Rusiya rəhbərliyi bu kimi şübhələrin baş qaldırması üçün münbit şərait yaradıb, ciddi əsaslar verib. 

Təsadüfi deyil ki, qazdan ayıq Boris Abramoviç Rusiyanı məhz 2000-ci ildə tərk etmişdi. O, Qusinski, Qutseriyev, Xodorkovski və digər oliqarxlarla müqayisədə yaxınlaşan təhlükəni daha tez duymuşdu. 

Köhnə DTK polkovniki Vladimir Putinin Rusiyada hakimiyyətə gəlməsindən sonra kommunistlərin hakimiyyəti bərpa olunmasa da, onları qurub-yaratmış olduqları SSRİ-nin, qırmızı Rusiya imperiyasının süqutuna görə qisas aksiyalarının keçirilməsi bu ölkəni yaxşı tanıyanların heç birinə sirr deyil.

Hədəfdə ilk növbədə imperiyanın ümdə maraqlarını, kəşfiyyat sirlərini satan təhlükəsizlik zabitləri, hərbi-sənaye kompleksinin xəyanətkar məmurları, satqınlıq hesabına milyonlarla dollar həcmində varidata yiyələnərək Amerikada, Avropada komfortlu həyat tərzi sürənlər idi. Onları hər yerdə ovlayırdılar. 

Azərbaycanlı yazıçı Çingiz Abdullayev bu mövzuda üç roman yazıb. Trilogiyaya aşağıdakı kitablar daxildir: “Soyuğu qoruyanlar”, “Qərb bürküsü” və “Şərq küləyi”.

Bu üç kitab Rusiyanın təhlükəsizlik qüvvələrinin ölkənin xaricində yaşayan satqınlar və Kremlin vətən xaini elan etdiyi şəxslərə qarşı apardığı məhvetmə əməliyyatlarından bəhs edir. 

Hiss olunur ki, sovet imperiyasının dağılmasına bir qədər təəssüflə yanaşan müəllif bu kitabları faktoloji materiallar əsasında yazıb. Sonuncu kitabda o, hətta bu cür göstərişlərin hansı dövlət strukturunda çıxarılması, onların kimin qarşısında necə cavabdehlik daşımasına dair təfərrüatlara varır. 

Söz yox, bunlar nə qədər siyasi-kriminal səciyyə daşısalar da, detektiv janrında yazılan bədii əsərlərdir və burada müəyyən təxəyyül məhsulu, ümumiləşdirmələr var. Çingiz Abdullayevin kitabları təhqiqata dayanan sənədli əsər olsaydı, bu məsələyə dair daha dolğun mənzərə yaranmış olardı. 

Ancaq o da faktdır ki, son 13 ildə “SSRİ-nı dağıdıb varlanan satqınlar”ın ovu uğurlu bir şəkildə davam edib və onlarla şəxs ölkə daxilində və xaricində qətlə yetirilib. Bu qətllərin çoxu qalmaqalla müşayiət olunmasa da, beynəlxalq skandala səbəb olanları da olub. 

Məsələn, sabiq DTK zabiti Aleksandr Litvinenkonun Londonda radioaktiv polonium maddəsi ilə zəhərlənib öldürülməsi tam açılmış, ancaq mühakimə olunmamış bir cinayət faktıdır. Əslində qətl uğurla həyata keçirilmişdi, fəqət onun səsi-küyü çox bərk çıxdı və bu işdə Rusiya dövlətinin əli olduğu məlum oldu. Moskva qətldə şübhəli olanları İngiltərəyə verməməklə özü barədə tam təəssürat yaratdı. 

Ona görə də Berezovskinin meyitinin tapıldığı malikanədə radiasiya izi axtarılması təsadüfi deyil. London yenə də Moskvadan şübhələnir. 

Rusiya Dumasının xaricdə gizlənən satqınların və ölkəyə zərbə vurmuş şəxslərin məhv edilməsinə dair xüsusi qanunvericilik aktı var və bu sayaq qətllər həmin qanuna əsasən həyata keçirilir. 

Çox çəkməz, Berezovskinin ölümündə “Kremlin izi” olub-olmadığı aşkara çıxar.

Bizə qoşulun