Medianews.az
“Van minut”, dörd il, yarım saat
193 baxış

“Van minut”, dörd il, yarım saat

 

Xalid Kazımlı

“Van minut”, dörd il, yarım saat

Bu savaşın şərti adı “Van minut” (“Bir dəqiqə”) idi. Ancaq İsrail-Türkiyə münasibətlərinə sarsıdıcı zərbə vuran o məşum bir dəqiqə düz dörd il sürdü və iki ölkə arasında gerçək bir soyuq müharibə yaşandı.

Dünən ABŞ prezidenti Barak Obamanın birbaşa vasitəçiliyi ilə İsrail və Türkiyə baş nazirləri telefonda yarım saat danışdıqdan sonra barışığa doğru addım atıblar. İsrail Türkiyənin əsas tələbini – Qəzza sektoruna yardım aparan və çoxu türklərdən ibarət olan “Mavi Marmara” gəmisinə basqına görə üzr istəmək və həlak olanların ailəsinə təzminat ödəmək – yerinə yetirib.

İndiyə qədər İsrail bu addımı atmaqdan inadkarcasına imtina edir, Türkiyə isə onu dövlətin şərəf məsələsi hesab edərək israr göstərirdi. Budur, İsrail yarım addım geri ataraq Türkiyənin dediyini etdi. Ancaq bu, iki dövlətin arasında 4 il öncəyə qədər bərqərar olmuş isti müttəfiqlik və dostluq münasibətlərini bərpa edəcəkmi, arada qat bağlamış buz dağlarını əridəcəkmi?

Bu dörd ildə İsrail və Türkiyə arasında həzm olunması çətin mümkün olan təhqirlər, qovğalar baş verib. Məsələn, İsrailin xarici işlər nazirinin müavini türkiyəli səfiri XİN-in iqamətgahına dəvət etmiş, onu alçaq stulda oturdaraq, özü hökmdar taxtı kimi görünən kresloda əyləşmiş, bununla Türkiyənin İsraildən aşağı dövlət olduğuna açıq-açıq eyham etmişdi.

Bu hadisənin səbəb olduğu qalmaqal aylarla sürdü, iki dövlətin arasındakı münasibətləri gərginləşdirdi.

Daha sonra Türkiyə vətəndaşlarının İsraildə, İsrail vətəndaşlarının isə Türkiyəyə məxsus aeroportlarda təhqiramiz yoxlanışlara məruz qalması vaqeələri yaşandı. İş hətta adi sərnişinlərin şalvarlarının çıxarılmasına qədər böyümüşdü.

 Hər iki ölkəyə məxsus idmançıların növbəylə Türkiyədə və İsraildə təhqir edilməsi, psixoloji təzyiqlərə məruz qalması olayları davam edirdi. Türkiyə İsraili bütün müsəlman dünyasının düşməni elan edir, İsrail Türkiyəni öz üzərinə əski Osmanlı imperiyasının funksiyalarını götürmək istəməkdə suçlayırdı.

“Mavi Marmara”ya basqın hadisəsi ilə bağlı başlanmış gərginlik isə dünənə qədər azacıq da olsa azalmadan sürüb gedirdi. Beləcə, soyuq müharibə hər iki ölkəyə ziyan vurmaqda idi və barışıq üçün işıq ucu görünmürdü.

Ancaq nə baş verdisə, Amerika bir günün içində Yaxın Şərqdəki iki müttəfiqinin münasibətini normallaşdırmaq qərarına gəldi və “Qordi düyünü”nü kəsən bir qətiyyətlə bu işi bacardı.

İndən belə, yəqin ki, arada qarşılıqlı iltifatlar, qılıqlar, yaxınlaşmalar, dostluğu möhkəmləndirən jestlər yer alacaq və regionun iki qüdrətli dövlətinin əski münasibətləri xeyli dərəcədə bərpa olunacaq.

Söz yox, bu yaxınlaşmaya görə istər İsrail hökumətini, istərsə də Türkiyə iqtidarını ölkə daxilində qınayan, yıxıb-sürüyən qüvvələr peyda olacaq, hər iki ölkənin mediası baş verən hadisənin pərdəarxasını, hansısa gizli sövdələşmələri, məkrli planları ifşa etməyə çalışacaq.

Bütün bunlar həmişə olur və olacaq. Ancaq fakt budur ki, “Van minut” savaşı Türkiyəyə də, İsrailə də ciddi zərbə vurmuş, ümumiyyətlə, regionda daha bir partlayış ocağı yaratmışdı.

Bütün müharibələrin sonu onsuz da sülh sazişinin imzalanmasıdır. Ən yaxşısı isə müharibənin bu cür, soyuq, qansız-qadasız variantındaca bitməsi, qanlı, faciəvi, dağıntılı hərbi əməliyyatlara keçmədən yekunlaşmasıdır.

Bu dəfə ABŞ-ın təşəbbüskarlığı ilə İsrail və Türkiyə rəhbərləri öz xalqlarını faciəyə düçar etmədən razılaşa bildilər. Görünür, həm ABŞ-a, həm İsrailə, həm də Türkiyəyə bu ixtilafın sona yetməsi lazım idi.

 

 

 

Bizə qoşulun