Xalid KAZIMLI
samir_sari@mail.ru
YALIN ƏLLƏRİN GÜCÜ
Azərbaycan tipli ölkələrdə siyasətlə məşğul olmaq təhlükəli işdir – vətəndaşların hamısı bunu bilir. Demokratik ölkələrdə yaşayanlar çox vaxt situasiyanın təhlükəliliyinin nədən ibarət olduğunu sağlam məntiqlə anlamağa çətinlik çəkirlər. Ancaq belə ölkələrin vətəndaşları yaxşı bilirlər ki, adamı durduğu yerdə həbs edə bilərlər.
Bu cür ölkələrdə siyasətlə məşğul olmaq, hətta maraqlanmaq belə artıq kriminal ünsür kimi qeydə alınmağa səbəbdir. El dilində buna “hökumətlə hökumətlik etmək” deyirlər və ona görə də o fəaliyyətlə məşğul olanların həbsi dana oğrusunun həbsi qədər təbii qarşılanır.
Bu ölkələrdə siyasi dustaqlar bu üzdən azalmır. Türmələr bir ucdan boşalır, bir yandan dolur. Nə qədər ki, hakimiyyət siyasətlə məşğul olanlara kriminal ünsür kimi baxır və onları 24 saat total nəzarət altında saxlayır, bu ölkədə siyasi məhbuslar qurtarmayacaq.
Sadəcə, azadlığı tələb olunanlar yüz minnətlə buraxılacaq, yerinə başqaları salınacaq. Bu, bir konveyerdir – daima fəaliyyətdədir. Seçki illərində və ondan dərhal sonra həmin konveyer tam gücü ilə işləyir.
Budur, yeni siyasi həbslər barədə xəbərlər gəlib. Gənclər saxlanılıb və bunun səbəbi bugünkü etiraz aksiyasıdır.
Hər bir etiraz aksiyasını mütləq dövlət çevrilişinə cəhd, hakimiyyətin dəyişdirilməsi təşəbbüsü kimi qiymətləndirmək Azərbaycan tipli ölkələr üçün xarakterik davranışdır.
Halbuki insanların keçirdiyi, keçirmək istədiyi yüzlərlə etiraz aksiyasından heç də hamısı hakimiyyət dəyişikliyi tələbi daşımır.
Elə bugünkü aksiyanın da tələbi “Əsgər ölümlərinə son”dur. Ən uzağı, bu aksiyada “Səfər Əbiyev, istefa!” tələb-şüarı səslənə bilər və bu da təbiidir. İnsanların belə bir hüququ var. Hətta artıq bu tələb zərurətə çevrilib.
Müdafiə nazirini istefaya çağırmaq yalnız xunta rejimlərində, hərbçilərin mülki-siyasi postları nəzarətdə saxladığı ölkələrdə hakimiyyət əleyhinə addım kimi dəyərləndirilir. Mülki rejimlərdə bu, konstitusion addımdır. Güc nazirlərinin istənilən birindən istefa verməsinin tələb etmək adidən də adi bir işdir.
Di gəl, tikinti şirkətləri tərəfindən aldadılan və tez-tez Prezident Administrasiyasının önündə toplaşan şikayətçilərdən başqa, bu ölkədə kim başını tərpədirsə, səsini çıxarmaq istəyirsə, qovulmaq, döyülmək, həbs edilmək təhlükəsi ilə üzləşir.
Seçki ilidir, gərgin dövrdür və hakimiyyət həm ölkə xaricindən hiss etdiyi təzyiqlərdən, həm də ölkə daxilindəki tərpənişlərdən xeyli hövllənib, ona görə də işə düşmüş özünüqoruma instinkti onu bu kimi radikal addımlar atmağa sövq edəcək.
Burada məqsəd məsələni şişirdib-böyüdüb hakimiyyət əleyhinə ciddi bir kriminal hərəkət kimi qələmə vermək, cəza maşınını işə salmaq, gənc və yaşlı fəalların gözünü qorxutmaqdır.
Təbii ki, ayağa qalxan, etiraz edən, səsini çıxaran insanların hamısını, hətta yarısını, 10 faizini tuta bilməzlər, amma 10 faəlı girov götürüb məhkəməyə çəkə, insanları xoflandırmağa çalışa bilərlər.
Belə ölkələrdə siyasətlə məşğul olmağın bu kimi təhlükələri olduğu üçün fəallar da son dərəcə ehtiyatlı olmalıdırlar, bəyanatlarında, atdıqları addımlarda açıq verməməlidirlər. Bu cür hakimiyyətlə mübarizədə ehtiyatsız olmaq, təmas xəttində blindajdan çıxıb nümayişkaranə şəkildə gərnəşmək, yaxud rinqdə sifəti qorumadan, əllərini yana açıb döyüşmək kimi bir şeydir.
Ancaq son ayların müşahidəsi göstərir ki, təcrübəsiz gənclər xüsusilə də sosial şəbəkələrdə özlərini olduqca sərbəst aparır, çox ciddi məsələlərə yüngül ironiya prizmasından yanaşır və onların hər addımını izləyən strukturlara təqib üçün bəhanələr verirlər.
Hiss olunur ki, onlar hələ kimlərlə çilinağac oynadıqlarını bilmirlər. Burası Suriya və ya Liviya olmadığı üçün və siyasi müxalifət yalnız və yalnız dinc mübarizə yolunu seçdiyinə görə mövcud rejimə qarşı səslənən çağırışlarda da bu xətt prioritet təşkil etməlidir. Hakimiyyətə bəhanə yaratmaq, onun repressiv tədbirlər görməsinə rəvac vermək olmaz.
Mübarizə güc, silah, iğtişaş müstəvisinə çıxa bilməz – xüsusilə də ortada heç bir ciddi plan yoxdursa, yalançı radikallığın yeri yoxdur. Burada hakimiyyət güclüdür. Siyasi müxalifətin, xalqın gücü yalın əlində və haqlı olmasındadır.