İran prezidentinin Venesuelada prezident Uqo Çaveslə vida mərasimində çəkildiyi bildirilən fotosu İranda ciddi qalmaqala səbəb olub. Guya, Mahmud Əhmədinejat dostu və müttəfiqi Uqo Çaveslə vida mərasimində mərhumun anası Elena Friası qucaqlayıb və başssağlığı verib. İran dindarları bu hərəkətin əsl müsəlman üçün harama olduğunu bildirirlər. İran parlamentinin deputatı Məhəmməd Dehqan bildirib ki, müqəddəs “Qurani Kərim”in tələblərinin pozulması hallarının İranda yayılmasına imkan vermək olmaz.
İranda Mahmud Əhmədinejata yaxın dairələr isə fotonun montaj olduğunu və həqiqəti əks etdirmədiyini iddia edirlər. Onların sözlərinə görə, fotoda Mahmud Əhmədinejatın qucaqlaşdığı adam qadın yox, kişidir. Bunu həmin adamın əllərinə baxmaqla da müəyyənləşdirmək olar. Sadəcə olaraq, məqsədli şəkildə fotoya Elena Friasın başı əlavə edilib.
Venesuela rəsmiləri də bəyan ediblər ki, Uqo Çavesin anası Mahmud Əhmədinejatın əlindən öpmək istəsə də, İran prezidenti naməhrəm qadını özünə yaxın buraxmayıb.