Ötən axşam ölkə telekanalları “NİDA” Vətəndaş Hərəkatının həbs edilən üzvlərinin “özünü ifşa” ifadələrini yayıb. Buna qədər də siyasi motivli həbslərdə belə “etirafların” alınaraq yayıldığı təcrübəsi olduğundan “NİDA”çılardan dövlət çevrilişinə hazırlaşdıqları barədə ifadənin təzyiq altında alındığı şübhə doğurmur. “NİDA”çıların “etirafları” efirə gedən kimi sosial şəbəkələrdə bunun həqiqət olmadığına dair geniş müzakirələr açıldı, mövqelər bildirildi.
AXCP sədri Əli Kərimli də özünün Twitter hesabında hakimiyyətin hazırladığı bu növbəti şouya münasibət bildirib: “Maraqlıdır, N!DA-çı gənclərə “Kapital” əsərini də yazdıqlarını etiraf etdirə biliblərmi? Hökumətə, onun hüquq mühafizə orqanlarına, mətbuatına normal adamlar inanmırlar. Bundan sonra hakimiyyətin xalqı aldatmaq imkanı olmayacaq. İqtidarin gənclərə qarşı qaraguruhçu kampaniyası bir daha sübut edir ki, gənclərin kütləvi şəkildə mübarizəyə qoşulması hökuməti qorxudur”. /Azadliq.info/