Medianews.az
HƏRƏ ÖZ ÖLÜSÜNÜ SİYASİLƏŞDİRSİN...
142 baxış

HƏRƏ ÖZ ÖLÜSÜNÜ SİYASİLƏŞDİRSİN...

Zamin HACI

[email protected]

HƏRƏ ÖZ ÖLÜSÜNÜ SİYASİLƏŞDİRSİN...

Göyçaylı əsgər Qazax rayonunda müəmmalı şəkildə həlak oldu, bu vaxt onun valideynləri Rusiyada idilər. Valideynlər dolanışıq üçün işləməyə xaricə gedirlərsə, uşaq burda hansı vətəni qoruyurdu? Bu, əlbəttə, mənasız sualdır, vəziyyəti siyasiləşdirməkdir. Siyasi suallar verən jurnalist Zamin Hacıya ar olsun!

Ümumiyyətlə, bütün sual verən jurnalistlərin başına daş düşsün. Onlar sual verməsə, heç zad siyasiləşməz. Hamı xoşbəxt yaşayar. Rüşvət verənlə rüşvət alan eyni axurun qırağında qolboyun yatar, bir örüşdə ağız-ağıza otlayarlar. 
Ancaq kimə deyirsən? Bəzi nadanlar, yaramaz gənclər həmin göyçaylı əsgərin ölümündən sonra orduda nahaq ölüm hallarını yenidən gündəmə gətiriblər və Bakı şəhərində etiraz aksiyası keçirəcəklərini bildiriblər. Həlak olmuş əsgərin atası və xalası oğlu bu etiraz aksiyasına etiraz ediblər, APA vasitəsi ilə (Ya rəbb, sən Əbiyevin ömründən kəsib bu agentliyin ömrünə cala!) müraciət yayıblar. Video-müraciətdə jurnalist sualları kəsilib, biz bunu alqışlayırıq. Nəyə lazımdır sual? Bunlar siyasiləşdirməkdir. Sual süjetdə saxlanılsa, bəlkə jurnalistin şəhid əsgərin xalası oğluna siyasi sual verdiyi ortaya çıxar? 
Uzun sözün qısası, əsgərin atası və xalası oğlu deyir ki, ölü bizim ölüdür, başqaları buna görə mitinq eləməsin, bizim ölünün adı hallanmasın. Doğrudan da, nəyə görə kiminsə şəhidindən başqaları yararlanmalıdır? Zəhmət çəksin, hərə Qazağa öz uşağını göndərsin. Ümumiyyətlə, valideyni Rusiyada işləyib özü Qazaxda ölən göyçaylı əsgər üçün Bakının Fəvvarələr meydanında etiraz aksiyası düzənləmək absurddur. Coğrafi baxımdan tamam fərqli koordinatlardır. Sanarsan Elçibəy Bakıda Çin uyğurlarının azadlığı haqda danışır. Kim deyir biz millətik? Biz millət deyilik. Biz - xalauşaqlarından ibarət qəbiləyik. 
Özlərini elə aparırlar, guya Göyçay Qəzzə bölgəsidir, ya da Fəvvarələr meydanı Fələstindir-nədir... Camaatın uşağı əsgərlikdə ölüb, bəziləri isə mitinq keçirmək, meyiti çiyinlərinə qaldırıb siyasi xal qazanmaq istəyirlər. Bunu eləmək istəyənlər şəhidin dağ boyda xalası oğlunu görmürlərmi? Xalaoğlu kamera önündə açıq dedi ki, lazım gəlsə prezident xalı özümüzə versin, siyasi xal qazanmaq istəyənlərə imkan verməsin, prezidentin ətrafında sıx birləşirik, o bizim evin böyüyüdür və sairə. Uzun danışıb. Çox yetkin xalaoğlu idi, kimin elə xalası oğlu varsa, onun “Dove” sabununa ehtiyacı yoxdur və dərhal şəhid olmaq istəyər. YAP Göyçay rayon təşkilatına tapşırıq verilməlidir, o xalaoğlunun potensialından başqa əsgər ölümlərində də istifadə edilməlidir. Qoy onu MN ştata götürsün - əsgər ölümlərini Eldar Sabiroğlundan pis malalamırdı. 
Qayıdaq əsgər ölümlərini siyasiləşdirmək məsələsinə. Bu, çox ciddi məsələdir. Erməni dəyirmanına su axıdanlar hər zaman bu çirkin yolu tuturlar. Həqiqətən, tutaq ki, Məmmədov Məmməd Məmməd oğlu əsgərlikdə müəmmalı şəkildə ölübdür. Bunun yerdə qalan respublika vətəndaşlarına nə dəxli var? Niyə hansısa Əhmədov Əhməd Əhməd oğlu bunu siyasiləşdirib etiraz aksiyasına çıxmalıdır? Ölən Məmməddir, Əhməd deyil ki!? Məmmədin atası pul tapmayıb oğlunu cəbhə xəttinə göndərəndə, Əhmədin atası pul verib oğlunu komandirə sürücü düzəltmişdi. İndi utanmır, hələ istəyir Məmmədin şəhid oğlunun prezidentdən ala biləcəyi statusdan buna da pay düşsün... Guya Zahid Oruc Malıbəyli uğrunda döyüşlərdə ona görə şəhid olubmuş ki, bu gün deputatxanada millətimizi Yevda Abramov təmsil etsin. 
Siyasət çirkin işdir, siyasətlə siyasətçilər məşğul olmalıdır. Əsgərlər vətən uğrunda ölməlidir. Məmur uşaqları “Porşe” sürməlidir. Generalların peysəri şəhid atalarının belindən yoğun olmalıdır. Fəvvarələr meydanında isə “Mızdonalds”da kartof qızartması yeyən toppuş şəhər uşaqları oynaqlamalıdır.

 

 

Bizə qoşulun