Bəzən elə tarixi anlar və elə qəhrəmanlar olur ki, çoxları onları tanımır.
20 Yanvar faciəsi zamanı Azərbaycanın səsi dünyaya ilk növbədə Münhendə yerləşən “Azadlıq” radiosunun rəhbəri Mirzə Xəzərin efiri vasitəsilə çatdırılıb.
Amma bu səsin Azərbaycandan Münhenə gedən yolu özü-özünə açılmamışdı.
Azərbaycandakı ziyalılarla, hətta regionlarla Mirzə Xəzər arasında həmin tarixi rabitə kanalını yaradan şəxs Bakıda Beynəlxalq Telefon Stansiyasında çalışan Oruc Şirinov olub.
O zamanlar Sovet İttifaqına daxil olan respublikalarda, o cümlədən Azərbaycanda beynəlxalq rabitə Rabitə Nazirliyinin Beynəlxalq Telefon Stansiyası vasitəsilə qurulurdu.
Bütün zənglər məhdud sayda olan Bakı–Moskva magistral xətləri üzərindən və KQB-nin (Dövlət Təhlükəsizliyi Komitəsi) sərt nəzarəti altında həyata keçirilirdi. O zaman beynəlxalq əlaqə indiki kimi sadə deyildi: xarici ölkədəki nömrəyə zəng etmək üçün əvvəlcədən sifariş verilməli, Azərbaycanı Moskva ilə birləşdirən həmin məhdud sayda kanallardan növbə ilə istifadə olunmalı idi.

Təsəvvür edin ki, internetin, sosial medianın, mobil rabitənin olmadığı, ölkənin isə tam informasiya blokadasına alındığı bir vaxtda, hərbçilərin və KQB-nin nəzarəti altında bu rabitə xətləri ilə xaricə informasiya ötürmək həyatı bahasına başa gələn bir missiya idi.
Oruc Şirinov bu sistemi içəridən bildiyi üçün nəzarəti aşa bilmiş, 20 Yanvar günü Bakı–Moskva rabitə xəttini fasiləsiz rejimə keçirmiş, Moskva üzərindən xarici istiqamətə real vaxtda birbaşa rabitə yaradaraq senzuranı faktiki olaraq yarmışdı.
Məhz bu rabitə kanalı sayəsində Bəxtiyar Vahabzadə, Yusif Səmədoğlu və digər ziyalılar Mirzə Xəzərin efirinə çıxaraq “Mirzə, bizi qırırlar” deyə Azərbaycan həqiqətlərini dünyaya çatdıra bildilər.
O zaman onunla birlikdə çalışanlar bidirirlər ki, bəzi beynəlxalq xətlər üzərindən danışığın qeyri-adi dərəcədə uzun çəkməsi sonradan KQB-də şübhə yaradıb və bu əlaqələr araşdırılmağa başlanıb. Nəticədə hər şey məlum olub və KQB-nin təqdimatı ilə Oruc Şirinov Rabitə Nazirliyindəki şöbə müdiri vəzifəsindən azad edilib. Həmin dövrdə rabitə naziri Bahadur Axundov olub.
Oruc Şirinov sonralar I Qarabağ müharibəsində iştirak edib, müxtəlif hərbi hissələrdən cəbhəyə silah-sursat daşıyıb. 1992-ci ildə növbəti təhlükəli missiyadan qayıdarkən şəhid olub. Bu gün o, Şəhidlər xiyabanında uyuyur.
Sektorda çalışan dostlardan onun haqqında müəyyən məlumatlar toplamışdım. Cəsarətli, prinsipial, milli azadlıq hərəkatının fəal üzvlərindən olub. Əbülfəz Elçibəylə yaxın münasibətlərinin olduğu, hətta müəyyən dövrdə rabitə naziri vəzifəsinə namizəd kimi nəzərdən keçirildiyi də deyilirdi.
Düşünürəm ki, mühəndis Oruc Şirinovun və onunla birlikdə çalışan operatorların 20 Yanvar günü etdikləri sadəcə texniki bacarıq və peşəkarlıq deyildi. Bu, kommutasiyanın rəqəmsal olmadığı bir dövrdə “Telefonçu qız” filmindəki kimi sadəcə əl ilə xətləri qoşmaqdan ibarət proses də deyildi.
Bugünkü dillə desək, internetin bloklandığı, ölkənin informasiya blokadasında olduğu bir şəraitdə, o zaman sovet hərb maşınının və KQB-nin nəzarəti altında olan rabitə vasitəsilə dünyaya canlı yayım açmaqla eyni idi.
Bu, adi bir mühəndisin edə biləcəyi işdən qat-qat artıq – böyük fədakarlıq və əsl qəhrəmanlıq idi.
Osman Gündüz