Vüqar Tofiqli
Yəqin ki, hər birimiz işğal altındakı Ağdamımızın şəkillərinə baxanda diqqətimizi ilk növbədə Çörək muzeyinin binasındakı panno-mozaika çəkir. Hansısa sehrli qüvvənin təsirindən p
anno indiyədək cazibədarlığını itirməmişdir. Şəhər yerlə-yeksən edilsə də, panno öz görkəmini dəyişməyib. Muzeyin aparılası və söküləsi bütün hissələri ermənilər tərəfindən daşınıb. Mişar daşı, taxta materialları, dəyirmanın üst örtüyü…
Amma panno qalır. Onu apara bilməyiblər. Nə də sökə biliblər. Bəlkə də söküb yenidən quraşdıra bilmədiklərindən əl vurmayıblar…
Xeyli vaxt idi ki, mozaikanın müəllifi ilə nəzərdə tutduğum görüş bugünlərdə baş tutdu. Muzeylə bağlı tədqiqatımda unutduğum məqamlardan biri də məhz bununla bağlı idi…
***
Zakir Rüstəmov Ağdamda doğulub. Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirib. V.İ. Muxina adına Leninqrad Ali Rəssamlıq-Sənaye məktəbinə daxil olsa da, sonradan təhsilini Bakıda, “Teatralnı” İnstitutunun rəssam-dizayner fakultəsində davam etdirərək 1980-ci ildə bitirib. Gözləmədiyi yerdəyişmənin də maraqlı tarixçəsi olduğunu deyir…
Ağdamdakı evləri tez-tez yuxusuna girir. Köhnə “pekarnının” yanından keçib, piyada bazarı adlayıb, bulvara getdiyini yaxşı xatırlayır. Hətta altı yaşında olanda qardaşı ilə birlikdə “Od dəyirman”ından yarım kisə un gətirməsini unutmur…
Həmsöhbətimlə “Dostluqda” oturub Ağdama gedirik. Ən əziz yer “Od dəyirmanını” hesab edir…
İş elə gətirir ki, institutu bitirən kimi Rəssamlar İttifaqının Bədii Fonduna işə düzəlir. Çox keçmir ki, yay istirahəti üçün doğma şəhərinə gəlir. Şəhərdə isə artıq hamı onu rəssam kimi tanımağa başlamışdı. Dost tanışına çəkdiyi şəkillərdən artıq şəhər rəhbərlərinin də məlumatı var idi. Mədəniyyət şöbəsinin müdiri Çimnaz Əliyeva və rayonun baş memarı Firdövsi İbrahimov Ağdam RPK-nın birinci katibi Sadıq Murtuzayevə rəssam haqqında bilgilər vermişdilər. Bu məqamda onu qəbula dəvət edirlər. Söhbət “Od dəyirmanın”dan düşür. Zakir Rüstəmov öyrənir ki, dəyirmanın binasında muzey istifadəyə veriləcək.
-Açığı dəyirmanın vəziyyəti məni də çox narahat edirdi,- deyə rəssam söhbətinə davam edir.
-Dəyirmanın bərpasının ilk günündən orada olmuşam. Onun hər bir detalında mənimdə əməyim vardır. Demək olar ki, quru divarları qalmışdı. İşə başlamamışdan əvvəl ərazidən onlarca maşın zibil atıldı.
Sadıq müəllim ardıcıl olaraq iki dəfə rəsmi şəkildə “xudfonda” müraciət edərək məni muzeyin bərpasına cəlb etdi. Görüşümüzdə Sadıq müəllim mənə muzeylə bağlı öz təklif və tövsiyyələrini verdi. Bir həftəyə bütün eskizləri hazır elədim. Bütün məsələlərdə rayonun baş memarı işləyən Firdövsi İbrahimovun öz əlavələri olurdu. Deməliyəm ki, şəhərin abadlaşdırılmasında Firdövsi müəllimin xüsusi rolu var idi. Onunla memorialın hazırlanması üçün Gürcüstana yaddaqalan səfərimizdə olmuşdu.
Bundan əvvəl isə Mədənyyət Sarayının yanındakı bağda, köhnə “raykom”la üzbəüz “Əmək Şöhrəti” memorialının istifadəyə verilməsində çalışmışdım. Memorial mənim Ağdamda ilk işim idi. Onun tərtibatında gördüyüm işlər rayon rəhbərliyinin xoşuna gəldiyindən Çörək Muzeyinin bərpasına “məcburi qaydada” cəlb edildim. Memorialın açılışına rəhmətlik Heydər Əliyevdə gəlmişdi. Yadımdadı ki, ulu öndər kompleksi bəyənmişdi…
Deməliyəm ki, Çörək muzeyi Sadıq Murtuzayevin əsəridir. Amma bu əsərin “çəkilməsində” mənimdə xidmətlərim var…
Məşhur panno üzərində xeyli işlədik. Panno xüsusi rəngli daşlardan istifadə edərək yığılmışdı. Amma iş elə gətirdi ki, cəlb etdiyim ustaların birinci qrupunun işi xoşuma gəlməmişdi. Ona görə “xudfonddan” gənc və bacarıqlı iki şəxsi cəlb etdik. Onlar da işləriylə üzümüzü ağ elədilər. Onların arasında Əmirxan Məmmədvəliyev də var idi.
Muzeyin içərisindəki geramik lövhələr dəyirmanın abu-havasına uyğun düzəldilmişdi.
Muzeyin içərisindəki dizayn işlərinin görülməsi üçün o vaxtki pulnan”xudfonda” 80 min rubl vəsait köçürülmüşdü. Ondan sonra muzeyə bitişik “Sünbül” kafesinin tərtibatına isə 20 min rubl ayrıldı. Sonuncu maliyyə vəsaiti Ağdam “raypo”su tərəfindən köçürülmüşdü.
İşimizi təhvil verdikdən sonra E.Krupkinin rəhbərliyi ilə Ağdama gələn qrup eksponatların yerləşdirilməsi üçün tərtibat işlərini həyata keçirdi.
Pəncərələrarası yerdə şüşədən layihələndirdiyim mozaikalar Bakıda düzəldilmişdi. Hər birinin öz adı və mənası var idi. Geramikadan hazırlanmış əsərlər xüsusi məna daşıyırdı…
Pannoda buğda rənginə oxşar sarı qızılı rəngə xüsusi önəm verilmişdi…
Tərtibat işləri zamanı ekponatlardan “Su dəyirmanın” maketi diqqətimi çox çəkmişdi. Onu şəhər məktəblilərindən biri muzeyə hədiyyə etmişdi…
Bundan sonra Güllücə kəndindəki Çörək muzeyinin filialının, Şahmat Məktəbinin inzibatı binasının, Üzümçülər evinin və Seyidli yolunun üstündə olan İdman məktəbinin tikintisində, habelə tərtibat işlərinin həyata keçiriməsində zəhmətim olub. Deyim ki, İdman məktəbinin sifarişi Sadıq müəllimin vaxtında olsa da, məktəbin açılışı Aydin Quliyevin rayona rəhbərliyi dövrünə düşmüşdü…
Çörək müzeyini yaradıcılığımın şah əsəri hesab edirəm.
Təəsüf edirəm ki, yaradıcılığımın şah əsəri bu gün erməni vandalları tərəfindən məhv edilmişdir. Amma ümidimi üzmürəm. Ən böyük arzum muzeyin bərpasına yenidən qatılmağımdır…
***
Ağdam Çörək Muzeyi haqqında tədqiqatımı üç il əvvəl çapa hazırlasam da bu gündə onun üzərində işimi davam etdirirəm. Muzeyin yerləşdiyi “Od dəyirmanını” kimin tərəfindən tikilməsi ilə bağlı məsələyə Ağdamın canlı siması, akademik Adilə Namazova aydınlıq gətirmişdi. Məlum oldu ki Peterburqda ali müəhəndislik təhsilini alan Məhəmməd Qarayev əslən Seyidli kəndindən olub, tanınmış nəslin nümayəndəsidir. Təhsilini başa vurub Ağdama qayıdan kimi gördüyü ilk iş məhz dəyirmanın tikintisi ilə bağlı olmuşdu…
Muzeylə bağlı ikinci qaranlıq məqam isə pannonun layihə müəllifi ilə bağlıydı…
Beləliklə, Çörək muzeyi ilə baglı bütün məqamlara üç ildən sonra aydınlıq gətirə bildim…
Amma muzeyin işğaldan azad edilənədək bərpasını isə hər birimiz səbrsizliklə gözləyirik…