Medianews.az
Xaricdən Azərbaycana nə qədər pul köçürülür? -
819 baxış

Xaricdən Azərbaycana nə qədər pul köçürülür? - Ölkədən valyuta çıxışının qarşısını almaq cəhdləri nəticə verirmi?

2025-ci ilin birinci yarısında xaricdən Azərbaycanda yaşayan fiziki şəxslərə 534 milyon dollar vəsait köçürülüb.

2024-cü ilin eyni dövründə bu məbləğ 568 milyon dollar idi.

Bu il 34 milyon dollar azalma var – ciddi azalma deyil, amma son 5 ildə azalma tendensiyası davam edir.

Maraqlı məqam budur ki, ABŞ-dan Azərbaycandakı fiziki şəxslərə daxil olan vəsait 30.5 milyon dollardan 52.1 milyon dollara yüksəlib. Bu, 71% artım deməkdir.

Avropa İttifaqı ölkələrindən və Türkiyədən də Azərbaycandakı fiziki şəxslərə pul köçürmələri artır.

Avropa ölkələrindən və ABŞ-dan pul köçürmələrinin artması həm də o deməkdir ki, gənclər ölkədən kütləvi şəkildə Qərb ölkələrinə, Türkiyəyə gedir, oralarda iş tapıb, pul qazanıb ailələrinə yardım edirlər.

Gənclər köçür, hökumət ölkədən valyuta çıxışının qarşısını kəsmək üçün əlindən gələni edir, hətta quru sərhədləri bağlı saxlayır, amma orası var ki, 11 il məktəb, 4-5 il universitet oxuyub xaricə köçən gənc, ən azı, 30-40 min dollar ölkədən çıxarır: onun məktəb, universitet xərcləri, valideynlərinin tutduğu müəllimlərin pulu – hamısını “götürüb” ölkədən çıxır.

Deməli, hökumət quru sərhədləri bağlayıb valyutaya qənaət etməklə valyuta çıxışının qarşısını heç də ala bilmir.

Quru sərhədlər bağlanan il doğulan uşaqlar artıq böyüyüblər, gələn il məktəbə gedəcəklər...

Natiq Cəfərli,
iqtisadçı

Bizə qoşulun