Rusiya mediasında baş nazirin müavini Vitali Savelyevin prezident Vladimir Putinə xüsusi məktubla müraciət etdiyi barədə xəbərlər yayılıb. Məlumata görə, Savelyev Putinə Volqa-Xəzər dəniz gəmiçiliyi kanalının 188 kilometr hissəsində dərinliyi 4,2 metrdən 4,5 metrə çatdırmağı hədəfləyən layihənin səmərəli olmadığını bildirib və layihənin maliyyələşdirilməsinin dayandırılmasını təklif edib. Baş nazirin müavini layihənin hədsiz baha başa gəldiyini, indiki halda ona iri maliyyə yatırılmasının lüzumsuz olduğunu vurğulayıb.
Medianews.az qeyd edir ki, burada söhbət əslində Xəzər dənizinin dayazlaşmasının qarşısını almaq üçün Rusiyanın illər öncə həyata keçirməyə başladığı layihədən gedir. Belə ki, Volqa Xəzərə tökülən ən iri çaylardan biridir və Xəzər dənizinin qismən qurumasının başlıca səbəbi Volqa ilə bağlıdır.

Onu da yada salaq ki, Vitali Savelyevin Vladimir Putinə məktubla müraciət etməsi xəbəri yayılandan bir qədər əvvəl, avqust ayının əvvəllərində Bakıda Xəzəryanı dövlətlərin hökumət rəsmiləri səviyyəsində iclas keçirilib və görüşdə Xəzər dənizinin dayazlaşmasının mənfi təsirlərini azaltmaq üçün birgə fəaliyyətin əsas istiqamətləri müzakirə olunub.
Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev iclasda çıxışı zamanı ekoloji çağırışlara toxunaraq su səviyyəsinin aşağı düşməsinin bütün regionda narahatlıq doğurduğunu, bu problemin hələ 2022-ci il Aşqabad Sammitində Azərbaycan Prezidenti tərəfindən qaldırıldığını və Bakıda beştərəfli ekspert qrupunun ilk toplantısının təşkilinə hazırlıqların davam etdiyini vurğulayıb.

Əlavə olaraq, tədbirdə Xəzər dənizinin ekosistemində baş verən dəyişikliklərin sosial-iqtisadi və ekoloji aspektləri geniş şəkildə müzakirə edilib. Su səviyyəsindəki dəyişikliklərin sahilyanı ərazilərdəki həyat şəraitinə və regional inkişaf proseslərinə mümkün təsirləri diqqət mərkəzində olub.
Ş.Mustafayev qeyd edib ki, səviyyə dəyişikliklərinin mənfi təsirlərinin minimuma endirilməsi üçün elmi-tədqiqat əməkdaşlığının genişləndirilməsi, balıqçılığın, gəmiçiliyin və biomüxtəlifliyin qorunması sahəsində birgə proqramların həyata keçirilməsi zəruridir.
İclas zamanı Xəzər dənizində baş verən dəyişikliklərin öyrənilməsi üçün ümumi standartlar və yanaşmalar formalaşdırmağa imkan verəcək çoxtərəfli qarşılıqlı fəaliyyət mexanizminin işə salınması təşəbbüsü irəli sürülüb.
Əgər Vladimir Putin Vitali Savelyevin təklifini qəbul edərsə, Rusiya Xəzərin dayazlaşmasının qarşısının alınmasına yönəlmiş layihəni dayandırarsa, nə baş verər? Doğrudanmı Vitali Savelyevin məktubunda qeyd olunduğu kimi, bu layihə səmərəsizdir? Yəni layihədən imtina üçün real ekoloji faktorlar varmı, yoxsa bu imtina ideyası yalnız siyasi faktorlara söykənir? Rusiyanın bu layihəni dayandıracağı, yəni prezident Putinin Savelyevin təklifini qəbul edəcəyi nə dərəcədə inandırıcıdır?

Mövzu ilə bağlı Medianews.az-a danışan ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, Xəzərin bu vəziyyətə düşməsində Rusiya ərazisində həyata keçirilən yanlış su idarəçiliyinin rolu böyükdür: “Bu yanlış idarəçilik ona əsaslanır ki, Volqa çayı üzərində mümkün qədər çoxlu su anbarları tikilsin. İş o yerə çatıb ki, həmin su anbarlarının ümumi sahəsi 25 min kvadrat kilometrə çatıb. Rıbinsk və Samara su anbarlarını götürək. Bu iki nəhəng su anbarını anbar yox, elə dəniz adlandırmaq mümkündür. Bu cür iri anbarlar suyun buxarlanmasını artırır. Anbarın səthindən su daha güclü şəkildə buxarlanır. Nəticədə Volqa çayının suyu azalır. Eyni zamanda Xəzər quruyur, dənizdə suyun səviyyəsi aşağı düşür.

Mən ilk növbədə üzümü Rusiya idarəçilərinə tutub demək istərdim ki, problemi yaradan səbəbləri aradan qaldırmaq lazımdır. Bunsuz problemin həlli mümkün deyil. Dayazlaşmanı doğuran səbəblər ortadan götürülsə, Xəzərin səviyyəsi də bərpa olunar və kanalların dibini qazmağa da ehtiyac qalmaz. Kanalların dərinləşdirilməsinə əslində mən süni bir fəaliyyət kimi baxıram. Bu, xəstə insana ağrıkəsici vurmağa bənzəyir. Yəni belə üsullar problemi həll etmir, sadəcə bir müddətə səngidə bilər. Hesab edirəm ki, daha əsaslı həllər axtarıb tapılmalıdır. Bu həllərdən biri Xəzərə tökülən çayların suyunun bərpa edilməsidir. Bu məsələdə də yenə ilk növbədə Rusiyanı vurğulamaq lazım gəlir. Çünki Xəzərə çaylar vasitəsilə gələn suyun 80 faizindən çoxu Volqadan gəlir. Ona görə Volqa hövzəsində inteqrasiyalı hövzə idarəetməsinin tətbiqi məqsədilə təcili addımlar atılmalıdır. Su itkilərinin qarşısı alınmalıdır. Yeni dənizlər yaratmaq sevdası böyük bir dənizin itirilməsi təhlükəsinə gətirib çıxarıb”.
Nailə Qasımova,
Medianews.az 
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda hazırlanıb.
