Medianews.az
Su savaşları – Və millətin kökünün quruması məsələsi
560 baxış

Su savaşları – Və millətin kökünün quruması məsələsi

Əslən Gəncədən olan professor İlber Ortaylı “Hürriyet” qəzetində yayımlanan “Su savaşları” başlıqlı köşə yazısında Türkiyənin üzləşdiyi su qıtlığı problemi ilə yanaşı Fərat və Dəclə hövzələrinin Türkiyə üçün həm texniki, həm demoqrafik, həm də siyasi baxımdan həyati əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək boşalan kəndlərin Çinin nüvə sınaqları ilə viran qoyduğu Uyğur bölgəsinin zəhmətkeş kəndliləri ilə məskunlaşdırılmasını təklif edib.

Qənaətimcə, professor İlber Ortaylının bu təklifi terrorbaşı Abdullah Öcalanın Türkiyənin torpaqları hesabına böyük Kürdüstan dövləti qurmaq strategiyasının qarşısını alacaq yeganə çarə də ola bilər.

Sosioloqların hesablamalarına görə, 2053-cü ildə Türkiyədə qeyri-türklərin çoxluq təşkil etmə təhlükəsi var. Türkiyədə 2001-ci ildə 2.38 olan doğum əmsalı 2024-cü ildə 1.48 uşağa düşüb. Son 8 ildə müşahidə olunan bu azalma türklər arasında daha acınacaqlıdır. Belə ki, türklərin doğum əmsalı kürdlərə nisbətən 2.5 dəfə, ərəblərə nisbətən 3 dəfə azdır. Bunu rəsmi statistika da təsdiq edir. Kürdlərin əksəriyyət təşkil etdiyi Şırnak və Mardində doğum əmsalı 3.3 olduğu halda, türklərin çoxluq təşkil etdiyi Əskişəhərdə 1.1-dir. Buna görə də İlber Ortaylının uyğur və qırğızların Türkiyəyə köçürülməsi Türkiyənin türk dövləti olaraq qalmasının yeganə yolu ola bilər.

Professor İlber Ortaylının bu təklifi terrorbaşı Öcalanın yeni strategiyasını məhv edəcək gücdə olmasına görə DEM Partiyası Ortaylının təklifini irqçilik adlandıraraq sərt tənqid edib. Qənaətimcə, DEM Partiyasının bu narahatlığı əbəsdir. Çünki Türkiyənin siyasi elitası Öcalanın yeni strategiyasını “Türk-kürd-ərəb qardaşlığı” adı ilə həyata keçirməyə o qədər aludə olub ki, Ortaylının çağrışını eşidə bilməz. Avropanın yüz il öncə yaşadığı millətləşmə, milli dövlət quruculuğu prosesinə indi qədəm qoymuş Asiya, xüsusilə də Yaxın Şərqdə yüz il əvvəl başa çatmış ümmətçiliyin indi “Türk-kürd-ərəb qardaşlığı” adı altında bərpa oluna bilinəcəyinə inanmaq isə reinkarnasiyaya inanmaq kimi bir şeydir.

Türkiyə və əksər ölkələr kimi Azərbaycanı da su qıtlığı təhdid edir. Qarşıdan gələn su qıtlığının qarşısını alacaq strategiya indidən hazırlanmalı və həyata keçirilməyə başlanmalıdır. Su qaynaqları ilə bol olan Şimal torpaqlarımızın (Dərbənd) 200 illik rus işğalından azad edilməsi artıq həyati əhəmiyyət kəsb edir.

Azərbaycanı təhdid edən su qıtlığının Xəzərdə yarada biləcəyi fəlakətin qarşısını almaq üçün Qara dənizdən Xəzərə kanal çəkilişi üzərində düşünməyin də vaxtı çatıb. İnşası beynəlxalq konsorsium tərəfindən maliyyələşdiriləcək kanal eyni zamanda Xəzər hövzəsi ölkələrinin dünya okeanına çıxışını təmin edərək yeni geosiyasi şərait yarada bilər.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun