“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyası ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində "Mediada Rəqəmsal savadlılıq" mövzusunda təlim keçirildi. Təlimin spikeri Agentliyin brend və marketinq kommunikasiyalar departamentinin rəqəmsal marketinq şöbəsinin müdiri Alican Arkun oldu.Təlimdə əsas müzakirə mövzusu süni intellekt alətlərinin praktik tətbiqi, kontent istehsalında yeni yanaşmalar və rəqəmsal kommunikasiya strategiyalarının düzgün və effektli qurulması oldu.
Bildirildi ki, rəqəmsal bacarıqlar artıq yalnız sosial şəbəkələrdən istifadə ilə məhdudlaşmır, daha geniş kompetensiyaları əhatə edir. Buraya informasiya ilə işləmək, rəqəmsal məzmun yaratmaq, onlayn əməkdaşlıq,kibertəhlükəsizlik və problem həll etmə bacarığı daxildir.
Mütəxəssis qeyd etdi ki, bu beş əsas bacarıq müasir rəqəmsal səriştənin təməlini təşkil edir. Bununla yanaşı, süni intellektdən istifadə bacarığı artıq beynəlxalq trendlərə uyğun olaraq ayrıca kompetensiya kimi dəyərləndirilir və “altıncı bacarıq” kimi qəbul edilir.
Təlimdə süni intellektin işləmə mexanizmi sadə dillə izah olundu. Bildirildi ki, istifadəçinin verdiyi sorğular məlumat mərkəzlərinə göndərilir, orada güclü GPU çiplər, serverlər, yaddaş sistemləri və şəbəkələr vasitəsilə emal olunur və nəticə istifadəçiyə geri qaytarılır.
Vurğulandı ki, bu prosesdə yalnız ChatGPT deyil, Gemini, Claude kimi müxtəlif modellər iştirak edir. Sistemlər cavabı formalaşdırarkən Reddit, Wikipedia, YouTube və digər açıq mənbələrdən məlumat toplayır və ehtimala əsaslanan nəticə yaradır.
Məhz buna görə süni intellektin cavablarında bəzən səhvlər və ya qeyri-dəqiqliklər yarana bilər. Bu hal “hallucination” problemi kimi tanınır.Təlimdə müasir mediada istifadə olunan süni intellekt alətləri də təqdim olundu.
Təlimdə vurğulandı ki, bir çox beynəlxalq media qurumu artıq süni intellektdən xəbər istehsalı və arxiv idarəetməsində istifadə edir. Məsələn, böyük media platformaları 30–40 illik arxivləri Sİ sistemlərinə inteqrasiya edərək oxuculara qısa və optimallaşdırılmış xəbər məzmunu təqdim edir.
Mütəxəssis bildirdi ki, xüsusilə jurnalistlər və media işçiləri üçün faktların yoxlanılması vacib şərtdir və Sİ-dən istifadə edərkən “ikiqat yoxlama” prinsipi tətbiq olunmalıdır.
Təlimin yekununda qeyd olundu ki, süni intellekt media sahəsində insan əməyini tam əvəz etmir, lakin onu daha sürətli, effektiv və analitik edir.
Sonda iştirakçıların sualları cavablandırıldı və xatirə fotosu çəkildi.
Fəridə Sadıqzadə