Məlum olduğu kimi, ötən həftə Azərbaycana turist kimi gəlmiş, ərəb dilində danışan üç əcnəbi paytaxtımızın Şəhidlər xiyabanında nalayiq hərəkətlər edib, bunu videoya çəkərək sosial şəbəkədə yayıblar. Artıq faktla bağlı Cinayət Məcəlləsinin 245-ci maddəsi (Qəbir üzərində təhqiredici hərəkət) ilə cinayət işi başlanıb, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər üç əcnəbi saxlanılaraq istintaqa cəlb edilib.
Məzarlıqda, özü də Şəhidlər xiyabanında təhqiramiz hərəkətlərə yol vermək, bunu videoya çəkmək, sosial şəbəkədə paylaşmaq – belə bir davranışın motivini psixoloji cəhətdən necə izah etmək olar? Nə üçün insan qəbir üzərində təhqiramiz hərəkətlər etsin? Niyə bunu videoya çəkib paylaşsın? Bütün bunlara mənəvi-psixoloji baxımdan bir izah tapmaq mümkündürmü?
Medianews.az saytı bu suallarla psixoloq Şirin Məmmədliyə müraciət edib.
Ş.Məmmədli deyib ki, belə bir davranışı müxtəlif psixoloji amillərlə əlaqələndirmək mümkündür: “Mən daha çox iki amil üzərində dayanmaq istərdim. Birincisi, sosial mediada diqqət çəkmək. İkincisi, empatiya çatışmazlığı, duyğusal uyuşmazlıq. Əgər video çəkən şəxslər uşaq, yeniyetmə olsaydılar, o zaman düşünə bilərdik ki, bu bir adrenalin alma cəhdidir. Lakin nalayiq hərəkətləri edənlər, onu yaymaq üçün videoya çəkənlər kifayət qədər yetkin yaşdadırlar. Ona görə mənə elə gəlir ki, bu, daha çox empatiya çatışmazlığından doğan və diqqət çəkmək məqsədi güdən bir hərəkətdir.
Empatiya çatışmazlığı yaşayan insanlarda belə hərəkətlərin yol verilən olub-olmaması anlayışı, daxili senzura olmur. Əylənmək istəyir, o dəqiqə ağlına gələni edir. Beyində sensor blok sistemi o qədər pis işləyir, yaxud heç işləmir ki, dəyərləndirmə aparmır, olar-olmazı düşünmür”.
Qəbiristanlığın toxunulmaz, Şəhidlər xiyabanının isə bütün xalqımız üçün müqəddəs yer olduğunu xatırladan Ş.Məmmədli nalayiq hərəkətlərə yol vermiş turistlərin cəzalandırılmasının istər hüquqi, istərsə də mənəvi-psixoloji baxımdan zəruriliyini vurğulayıb.
Xatırladaq ki, Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən, qəbir və ya meyit üzərində təhqiredici hərəkət 2 ilədək müddətə islah işləri və ya 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Lamiyə,
Medianews.az