Medianews.az
Paşinyan seçim qarşısında:
72 baxış

Paşinyan seçim qarşısında: Moskva xəbərdarlıq etdi – İrəvanı nə gözləyir?

"Son günlər Rusiya və Ermənistan arasında münasibətlərdə müşahidə olunan gərginlik, xüsusilə də bu fonda Avrasiya İqtisadi İttifaqının son iclasının keçirilməsi və həmin iclasın nəticələri mühüm siyasi məsələləri gündəmə gətirib. Bildiyimiz kimi, çox qısa müddət sonra, yəni iyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu seçkilərdə əsas namizədlərdən biri Ermənistanın hazırkı baş naziri Nikol Paşinyandır. Paşinyan seçkilərdə tam qələbə qazanaraq koalisiyasız hökumət formalaşdırmağı hədəfləyir".

Medianews.az xəbər verir ki, bu barədə Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev bildirdi.

Onun sözlərinə görə, Paşinyanın siyasi kursunda Qərb, xüsusilə də Avropa İttifaqı ilə münasibətlər mühüm yer tutur: pizza sifarişi

"Həmin kursun digər istiqamətini isə Rusiyanın təsirinin azaldılması təşkil edir. Hətta İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Paşinyanın postmünaqişə dövrünün ilk illərində verdiyi açıqlamalara nəzər salsaq, onun bu məğlubiyyəti müəyyən mənada həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), həm də Ermənistanın əsas tərəfdaşı və müttəfiqi hesab edilən Rusiya ilə əlaqələndirdiyini görərik. O, KTMT-nin və xüsusilə Rusiyanın Ermənistana lazımi dəstəyi göstərmədiyini dəfələrlə müxtəlif çıxışlarında və mühüm görüşlərdə vurğulamışdı. Bir növ, Paşinyan bu çıxışlarla bir tərəfdən müharibədəki məğlubiyyətin məsuliyyətini öz üzərindən götürməyə çalışır, digər tərəfdən isə Ermənistan cəmiyyətində mövcud olan rusiyapərəst əhval-ruhiyyəni zəiflətmək istəyirdi.

Ötən illər ərzində bu siyasi diskurs yeni məzmun qazanmağa başlayıb. Bu gün artıq Paşinyan açıq şəkildə Ermənistanın Avropa İttifaqına inteqrasiyasından və tərəflər arasında münasibətlərin daha da genişləndirilməsindən danışır. Bu baxımdan Ermənistanda keçiriləcək seçkilər müəyyən mənada Qərblə Rusiyanın qarşı-qarşıya gəldiyi, lakin bu mübarizənin Ukraynada olduğu kimi hərbi deyil, daha çox diplomatik və siyasi müstəvidə aparıldığı bir prosesə çevrilib".

Müsahibimiz qeyd etdi ki, Avrasiya İqtisadi İttifaqının son iclasından sonra Vladimir Putinin Astanada keçirdiyi mətbuat konfransında mühüm məqamlar səsləndirilib:

"Bu məsələlərdən biri Ermənistanın Avropa İttifaqına inteqrasiyaya üstünlük verəcəyi təqdirdə Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərinin dəyişə biləcəyi ilə bağlı fikirlər idi. Putin çıxışında vurğuladı ki, Ermənistan eyni vaxtda iki fərqli iqtisadi inteqrasiya modelində tamhüquqlu iştirak edə bilməz. Onun çıxışından çıxan ümumi nəticə belə idi ki, Ermənistan ya Avropa İttifaqına, ya da Avrasiya İqtisadi İttifaqına üstünlük verməli olacaq və nəticədə seçim qarşısında qalacaq.

Bununla yanaşı, Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı təqdirdə qarşılaşa biləcəyi nəticələrdən də danışdı. O, Ermənistan vətəndaşları üçün əlavə miqrasiya prosedurlarının tətbiq oluna biləcəyini, gömrük tariflərinin yüksələ biləcəyini və Rusiya ilə iqtisadi münasibətlərdə ciddi dəyişikliklərin baş verəcəyini qeyd etdi. Bunun Ermənistan ÜDM-nin 14 faizini risk altına qoya biləcəyinə də işarə etdi".

Siyasi şərhçi səsləndirilən fikirlərin İrəvan üçün kifayət qədər ciddi xəbərdarlıq olduğunu bildirdi:

"Belə bir şəraitdə, xüsusilə seçkiqabağı dövrdə Ermənistanın iqtisadi təzyiqlərlə üzləşməkdə maraqlı olmadığı aydındır. Nəzərə alsaq ki, Ermənistan artıq KTMT-də fəaliyyətini faktiki olaraq dondurub və təşkilatın bir sıra iclaslarında iştirak etməyib, Avrasiya İqtisadi İttifaqından da uzaqlaşması ölkə üçün əlavə risklər yarada bilər. Putin də mətbuata açıqlamasında məhz bu məqama diqqət çəkmişdi.

Bu gün, iyunun 1-də Ermənistanın mövqeyində müəyyən dəyişikliklərin müşahidə olunduğunu görürük. Vladimir Putinin Nikol Paşinyana zəng edərək onu ad günü münasibətilə təbrik etməsi, eyni zamanda Avrasiya İqtisadi İttifaqının son iclasında müzakirə olunan məsələlərə toxunması diqqət çəkdi. Bunun ardınca Paşinyanın sosial şəbəkədə paylaşdığı videoda balanslaşdırılmış xarici siyasətdən danışması da təsadüfi görünmür".

Həmsöhbətimiz Putin və Paşinyan arasında münasibətlərdə gərginliyin hələ də qalmaqda olduğunu da əlavə etdi:

"Lakin Paşinyan da anlayır ki, Rusiyadan birdəfəlik uzaqlaşaraq yalnız Avropa istiqamətinə yönəlmək həm siyasi, həm də iqtisadi baxımdan kifayət qədər çətindir. Xüsusilə seçki ərəfəsində belə bir iqtisadi təzyiqlə üzləşmək onun üçün sərfəli deyil. Məhz buna görə də son dövrlərdə müşahidə olunan sərt qərbyönlü ritorikanı müəyyən qədər daha balanslaşdırılmış yanaşma əvəz etməyə başlayıb.

Paşinyan bu gün bir neçə saat əvvəl öz Facebook səhifəsində paylaşdığı videoda bildirib ki, Ermənistan rəsmi şəkildə Avropa İttifaqına üzvlük üçün müraciət etməyənə və ya namizəd statusuna yaxın mərhələyə çatmayana qədər bu məsələ ilə bağlı referendum keçirilməsi məqsədəuyğun deyil. Bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, Ermənistan hazırda Avropa İttifaqına inteqrasiya prosesində həlledici mərhələyə keçməyib. Bu isə eyni zamanda Avrasiya İqtisadi İttifaqı ilə münasibətlərin qorunmasının vacibliyini göstərir.

Seçkilərin nəticələrinə təsiri baxımından son sorğular Paşinyanın siyasi qüvvəsinin müəyyən üstünlüyə malik olduğunu göstərir. Bununla belə, sorğular məhdud auditoriya arasında keçirildiyi üçün onların nəticələrini bütöv cəmiyyətin mövqeyi kimi qəbul etmək düzgün olmazdı.

Digər tərəfdən, Rusiyanın Ermənistanla daha sərt və təzyiq xarakterli dildə danışması Paşinyanın reytinqinə müsbət təsir göstərir. Çünki o, hakimiyyətinin ilk illərindən etibarən rusiyapərəst siyasi təsirləri zəiflətməyə və cəmiyyətdə Rusiyaya münasibətdə daha tənqidi yanaşmanı gücləndirməyə çalışıb. Bu baxımdan Moskvanın sərt mesajları və mümkün sanksiya xəbərdarlıqları Paşinyanın seçki kampaniyasında onun lehinə işləyə biləcək amillərdən biri kimi qiymətləndirilə bilər", - deyə Üzeyir Mustafayev yekunlaşdırdı.

Bizə qoşulun