Ermənistanda siyasi hakimiyyətlə Apostol Kilsəsi arasında açıq qarşıdurma yeni mərhələyə keçib. Son qərarlar göstərir ki, kilsə rəhbərliyi baş nazir Nikol Paşinyana açıq və ya dolayı dəstək verən iyerarxlara qarşı sərt xətt seçib.
Musavat.com xəbər verir ki, bütün ermənilərin katolikosu II Qaregin Masiaçots (Masiaçotn) yeparxiyasının rəhbəri, yepiskop Gevork Saroyanı vəzifəsindən azad edib.
Saroyan kilsə daxilində Paşinyanın təşəbbüslərinə yaxınlığı ilə seçilən və “üsyankar iyerarxlar” sırasında göstərilən fiqurlardan biri idi.
Rəsmi açıqlamaya əsasən, Saroyan vəzifə səlahiyyətlərindən sui-istifadə, yeparxiya rəhbəri kimi öhdəliklərini lazımi səviyyədə yerinə yetirməmək, eləcə də ruhanilərə təzyiq göstərmək ittihamları ilə postundan kənarlaşdırılıb. Lakin kilsədaxili mənbələr bu qərarın sırf inzibati deyil, siyasi motivli olduğunu gizlətmir.
Xüsusilə diqqət çəkən məqam odur ki, Gevork Saroyan daha əvvəl 9 yüksək rütbəli iyerarxla birlikdə Paşinyanın irəli sürdüyü və “Kilsənin yenilənməsi üzrə yol xəritəsi” kimi təqdim olunan sənədi imzalamışdı. Həmin sənəd Apostol Kilsəsinin daxili həyatına hökumət müdaxiləsi kimi qiymətləndirilmiş və katolikosluq tərəfindən açıq narazılıqla qarşılanmışdı.
Bu qərarla faktiki olaraq kilsə rəhbərliyi mesaj verir: Paşinyanın tərəfində yer alan ruhanilər kilsə iyerarxiyasında qorunmayacaq. Bu addım Paşinyanla katolikos II Qaregin arasında gedən səssiz müharibənin artıq açıq fazaya keçdiyini göstərir.
Qərara əsasən, Masiaçots yeparxiyasına müvəqqəti rəhbərlik iyeromonaх Ruben Zargaryana tapşırılıb. Kilsə daxilində isə yeni istefaların və cəzalandırmaların istisna olunmadığı bildirilir.