Medianews.az
Zəngəzur dəhlizi: hüquqi prosedurlar yekunlaşdı? -
126 baxış

Zəngəzur dəhlizi: hüquqi prosedurlar yekunlaşdı? - AÇIQLAMA

Dünən ABŞ-nin dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vaşinqtonda Tramp Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) icra çərçivəsini elan etdilər

Bu o deməkdirmi ki, Zəngəzur dəhlizi ilə bağlı bütün hüquqi, siyasi məsələlər həllini tapdı və artıq dəhlizin açılmasına heç bir siyasi, hüquqi maneə qalmadı?

Medianews.az-ın sualını cavablandıran politoloq Oqtay Qasımov bildirib ki, Marko Rubio ilə Ararat Mirzoyan arasında keçirilən görüşdə əldə olunan razılaşmalar Zəngəzur dəhlizinin, yəni “Tramp maşurutu”nun açılması istiqamətində önəmli addımdır: “Ötən il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılığa görə ABŞ bu nəqliyyat dəhlizinə nəzarəti öz üzərinə götürüb. Bununla bağlı Ermənistanla razılaşma əldə olunmuşdu. Ardınca ABŞ-nin nümayəndələri Ermənistana səfərlər edərək ilkin dəyərləndirmələr apardılar. Dəhlizin açılması üçün 145 milyon dollar vəsaitin lazım olduğu müəyyənləşdirildi. Artıq məbləğin ayrılması da həllini tapıb. Bunun ardınca məsələnin həm hüquqi, həm də texniki, iqtisadi əsaslandırmaları yekunlaşmalı idi ki, dünən Rubio ilə Mirzoyanın elan etdiyi icra sənədi məhz həmin hüquqi və texniki əsaslandırmada önəmli bir mərhələdir”.

O.Qasımov qeyd edib ki, faktiki olaraq icra sənədi hüquqi prosedurların yekunlaşdığını göstərir: “Bundan sonra çox güman ki, tərəflər artıq texniki məqamları müzakirə edərək tikintinin başlanma tarixini, onun mərhələlərini, digər praktik işləri razılaşdıracaqlar. Hüquqi bazanın razılaşdırılmasının yekunlaşması praktik addımların atılmasına yol açır. Yerevandan verilən açıqlamalar onu göstərir ki, bu ilin ikinci yarsında, yəqin ki, Ermənistandakı parlament seçkilərindən sonra Zəngəzur dəhlizinin açılması start götürəcək. Bu baxımdan dünən Vaşinqtonda əldə olunmuş razılaşma, icra çərçivəsinin elan edilməsi mühüm irəliləyişdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun