Medianews.az
Yanvarın 1-dən qiymətlər artacaq?
94 baxış

Yanvarın 1-dən qiymətlər artacaq?

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Bu yenilik Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində nəzərdə tutulub və ölkədə ƏDV sistemində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Yeni mexanizm vasitəsilə vətəndaşlar ödəmiş olduqları əlavə dəyər vergisini geri ala biləcəklər, yəni xidmətlərin faktiki qiymətində şəffaflıq artacaq. Bununla yanaşı, bu dəyişiklik bərbərxana və kosmetoloji xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün də vergi hesabatlılığını artıracaq, qəbzlərin verilməsi və rəsmi qeydiyyatın təmin olunması daha ciddi şəkildə izlənəcək.

Bəs bütün bu yeniliklər real olaraq xidmət qiymətlərinə təsir edəcəkmi və vətəndaşların ödədiyi məbləğdə hansı dəyişikliklər müşahidə olunacaq?

İqtisadçı Xalid Kərimli “Yeni Sabah”a açıqlamasında bildirib ki, bu prosesin qiymətlərə heç bir təsir olmayacaq:

“Birincisi, bərbərxanalar və gözəllik salonlarının əksəriyyəti ƏDV ödəyicisi və ya sadələşdirilmiş vergi ödəyicisi deyil. Yəni bu dəyişiklik onlara şamil olunmayacaq. İkincisi isə qanun çərçivəsində, şəffaf şəkildə fəaliyyət göstərən obyektlər artıq əvvəldən ƏDV-ni qiymətlərin üzərinə əlavə edirdilər. Onlar qəbz verirdilər və bundan sonra da qəbz verib oxudacaqlar”.

Ekspert vurğulayıb ki, şəffaf işləməyənlər, yəni qəbz verməyənlər isə bu məsələdə yenə də yayınmağa çalışa bilərlər:

“Ola bilər ki, indiyədək qəbz verməyən bəzi obyektlər daha ucuz qiymət təklif edirdilər. Ancaq bundan sonra vətəndaşlar qəbz tələbini gücləndirsə və dövlət orqanları nəzarəti artırsa, qəbz verməyənlərin də qiymətləri qaldırmaq məcburiyyətində qalması mümkündür. Lakin bu yalnız həmin halda baş verə bilər.

Ümumilikdə isə bu məsələnin qiymətlərə xüsusi təsiri yoxdur. Dövlət artıq indiki şəraitdə də şəffaf işləməyənlərə qarşı nəzarət və mübarizə apara, onları cəzalandıra bilər. Buna görə də sırf bu ƏDV məsələsinin xidmət qiymətlərinə ciddi təsir göstərəcəyini düşünmürəm. Məncə, qiymətlərə hər hansı bir təsir olmayacaq”.

Bizə qoşulun