Medianews.az
Tramp İrana bu səbəbdən zərbə endirmir –
182 baxış

Tramp İrana bu səbəbdən zərbə endirmir – “Uoll Strit Jurnal”

ABŞ Prezidenti Donald Trampa deyiblər ki, İrana hərbi zərbələr Tehran rejimini süquta uğratmaya, eyni zamanda daha pis nəticələrə - regionda geniş müharibəyə gətirib çıxara bilər.

Medianews.az xəbər verir ki, bunu ABŞ-ın “Uoll Strit Jurnal” (“Wall Street Journal”) qəzeti yazıb.

Qəzetin bildirdiyinə görə, İranın bombardman olunmasının qeyd edilən riskləri haqda bilgini Trampa amerikalı rəsmilər, Prezidentin müşavirləri və Amerikanın Yaxın Şərqdəki tərəfdaşları çatdırıblar. Mənbələr onu da vurğulayıblar ki, ABŞ-ın İrana hücumdan əvvəl Yaxın Şərqdə həm öz bazalarını, həm də İsrail kimi müttəfiqlərini cavab zərbələrindən qorumaq üçün əlavə tədbirlərə ehtiyacı var. Trampa həmçinin deyiblər ki, məhdud miqyaslı zərbələr İranda etirazçılar arasında ruh yüksəkliyi yarada bilər, amma bu, rejimin repressiya siyasətini dəyişməyəcək.

“Uoll Strit Jurnal” iddia edir ki, məhz bu səbəbdən Tramp hələlik İrana zərbə qərarı verməyib və Tehranın etirazçılarla necə davrandığını izləmək xəttini seçib.

Buna baxmayaraq, Trampın hər ehtimala qarşı irimiqyaslı hücum anında lazım olacaq hərbi vasitələri əvvəlcədən hazır vəziyyətə gətirməyi tapşırdığı da bildirilir.

Ağ evin mətbuat katibi Karolin Livitt yanvarın 15-i jurnalistlərə deyib ki, Prezident və komandası İran hakimiyyətinə açıq mesaj ötürüb: “Əgər qətllər davam edərsə, bunun çox ağır nəticələri olacaq”.

Livitt vurğulayıb ki, Trampın hansı addımı atacağını yalnız onun özü və çox məhdud sayda müşavirləri bilir.

Ağ ev sözçüsü Trampın bugünlərdə İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığı apardığını təsdiqləsə də, müzakirənin detalları barədə məlumat verməyib. Məlumatlara görə, İsrail mümkün hücumla bağlı narahatlığını ABŞ tərəfinə çatdırıb.

NBC daha əvvəl xəbər vermişdi ki, Trampın müşavirləri ABŞ-ın zərbəsindən sonra İran rejiminin sürətlə çökəcəyinə zəmanət verə bilməyiblər.

Məlumata görə, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Ratkliff Ağ evdə bir sıra rəsmilərin iştirakı ilə keçirilən qapalı görüşdə Trampa İranda öldürülən aksiyaçıların gizli yollarla əldə edilmiş video görüntülərini təqdim edib.

ABŞ Senatının respublikaçı üzvü, Trampın yaxın dostu Lindsi Qrem bildirib ki, İrana qarşı mümkün əməliyyatın miqyası hələ də müzakirə mövzusudur: “Əməliyyat geniş, yoxsa məhdud miqyaslı olsun? Mən geniş miqyaslı variantın tərəfdarıyam. Zaman göstərəcək”.

Bu arada İran rəsmiləri Türkiyə, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Oman hökumətləri ilə əlaqə saxlayaraq xəbərdarlıq ediblər ki, hücum olacağı təqdirdə Tehran bölgədəki Amerika bazalarına zərbə endirəcək.

Medianews.az

Bizə qoşulun