Medianews.az
Şəhidlər xiyabanında nalayiq hərəkət edən turistlər ölkəmizə necə gəliblər? -
1,835 baxış

Şəhidlər xiyabanında nalayiq hərəkət edən turistlər ölkəmizə necə gəliblər? - Hanı turizm polisi?

Ölkəmizə turist kimi gəlmiş üç əcnəbinin Bakıda Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol verməsi bir məsələni də aktuallaşdırır: Azərbaycana gələn turistlərin bilməli olduqları ən vacib məqamlar hansılardır? Həmin məqamların, tutalım, kitabça şəklində nəşr edilməsi, ölkəmizə gələn turistlərə verilməsi, yaxud bu məqsədlə zəruri tövsiyələrin xüsusi onlayn platformalarda yerləşdirilməsi lazımdırmı? Yəni Azərbaycana gələn turistləri xalqımız üçün həssas olan məsələlərdən xəbərdar etmək üçün addımlar atılmalıdırmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan turizm eksperti Cəfər Qarayev xatırladıb ki, Şəhidlər xiyabanında nalayiq hərəkətlər etmiş turistlər artıq saxlanılaraq istintaqa cəlb olunub, barələrində cinayət işi qaldırılıb, məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs ediliblər: “Həmin əcnəbilər qəbuledilməz davranışa yol veriblər, onlarla bağlı tədbir görülməli idi və görüldü də. O ki qaldı kitabçaların nəşri məsələsinə, demək olar bütün ölkələrin müharibədə həlak olan vətəndaşları var. Bu, ərəb ölkələrinə də aiddir. Amma o ölkələrin heç biri sərhəddə bizə belə bir bloknot və ya broşür, kitabça vermir. Yəni bir ölkəyə qədəm basmısansa, o ölkədə sənə “Bizim müharibə qurbanlarını aşağılama” tipli xəbərdarlıq edilmir, çünki buna ehtiyac yoxdur, bu hər kəsə özü-özlüyündə aydın bir məsələ olmalıdır. Azərbaycanda hava limanında əcnəbilərə yalnız ölkədə 15 gündən çox qalacaqlarsa, miqrasiya qurumunda qeydiyyatdan keçməli olduqları barədə xəbərdarlıq edilir”.

Cəfər Qarayev deyib ki, əslində ehtiyac duyulan məsələ turizm sisteminin sahmana salınmasıdır: “Bir çox ölkədə turizm polisləri var. Turizm polisi bir növ turistlərlə hüquq mühafizə orqanları arasında körpüdür. Turizm polisi turistlərin hüquqlarını qoruyur, onların hərtərəfli məlumatlandırılmasında da mühüm rol oynayır.

Turizm şirkətləri də mütəmadi maarifləndirici tədbirlər, o cümlədən şirkətə xidmət edən bələdçilərə, sürücülərə təlimlər keçə bilər. Təəssüf ki, Azərbaycanda bu işləri görən yoxdur. Xatırlayıram ki, 2015-ci ildə biz turizm fəaliyyətinə başlayanda Bakı turunun proqramını yazdıq və turun birinci Şəhidlər xiyabanından başlamalı olduğunu qeyd etdik. Hazırda ölkəmizə gələn turistlərin demək olar hamısı ilk növbədə Şəhidlər xiyabanına gedir. Oradan dağın üstündən Bakını seyr edir, funikulyordan yararlanmaqla dəniz kənarına enir, sonra başqa yerləri gəzirlər. Bir sözlə, Şəhidlər xiyabanı bizdə paytaxt turunun birinci günündə ziyarət olunan məkandır”.

Açıqlamasında Cəfər Qarayev “Turizm haqqında” qanunun 13 və 14-cü maddələrinə də toxunub: “14-cü maddə turistlərin hüquq və vəzifələri haqqındadır. Burada turistlərin müvəqqəti olduğu ölkədə (yerdə) özünü necə aparmalı olduğu da əksini tapıb. 13-cü maddə isə turizm reyestri haqqındadır. Bu maddənin tələbinə görə, məhz dövlət reyestrində qeydiyyatdan keçmiş şirkətlər turizm fəaliyyəti göstərməlidir. Tövsiyə edərdik ki, ölkəmizə gələn turistlər rəsmi qeydiyyatdan keçmiş turizm şirkətlərinə müraciət etsinlər. Amma bəziləri belə şirkətlərin vasitəçiliyi olmadan gəlir. Bu cür turistləri isə lazımınca məlumatlandıran, istiqamətləndirən olmur. Elə Şəhidlər xiyabanında nalayiq hərəkətlərə yol vermiş əcnəbilərin də timsalında bunu müşahidə edə bilərik. Yanlarında nə bələdçi, nə də sürücü vardı...”

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun