Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili və Xüsusi Dövlət Mühafizəsi Xidmətinin keçmiş rəisi Teymuraz Canaşiya dövlət büdcəsinə 8,8 milyon laridən çox vəsait qaytarmalıdır.
Medianews.az xəbər verir ki, qərarı sentyabrın 29-da Tbilisi Şəhər Məhkəməsi Maliyyə Nazirliyinin iddiası əsasında çıxarıb.
Maliyyə Nazirliyi mülki iddianı paytaxt məhkəməsinin 12 mart 2025-ci il hökmündən sonra qaldırıb. Həmin hökmlə Mixail Saakaşvili dövlət başçısı olarkən, 2009-2012-ci illərdə Xüsusi Dövlət Mühafizəsi Xidmətinin vəsaitini israf etməkdə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası alıb, Teymuraz Canaşiyaya isə 300 min lari cərimə kəsilib.
Mixail Saakaşvili başqa üç hökmlə ümumilikdə 12 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
1967-ci il təvəllüdlü Mixail Saakaşvili 2004-2013-cü illərdə prezident postunu tutub.
2015-ci ildən Ukraynada yaşayan sabiq prezident bu ölkədə vətəndaşlıq aldığı üçün Gürcüstan vətəndaşlığından məhrum edilib.
2013-cü ildə Gürcüstanı tərk edəndən sonra Mixail Saakaşviliyə iki qiyabi hökm çıxarılıb.
2018-ci il yanvarın 5-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidenti bankir Sandro Qirqvlianinin işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilərək ona 3 il azadlıqdan məhrumetmə cəzası verib.
Sandro Qirqvliani 2006-cı ildə öldürülüb. 2008-ci ildə prezident postunu tutan Mixail Saakaşvili bu ölüm işinə görə tutulmuş 4 polis zabitini əfv edib və onlar azadlığa çıxıblar.
2018-ci il iyunun 28-də Tbilisi Şəhər Məhkəməsi Mixail Saakaşvilini 6 il müddətinə azadlıqdan məhrum edib. Sabiq prezident 2005-ci ildə parlamentin deputatı Valeri Gelaşviliyə edilmiş hücumun təşkilində təqsirli bilinib.
2005-ci ildə Mixail Saakaşvili dövlət başçısı postunu tutarkən Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə Valeri Gelaşvilini döyüblər. Deputat ağır xəsarətlərlə xəstəxanaya düşüb. Valeri Gelaşvili hücumu prezidentin sifarişi saydığını bəyan edib.
2021-ci il sentyabrın 29-da Gürcüstana dönən sabiq prezident oktyabrın 1-i paytaxt Tbilisidə tutulub. Oktyabrın 20-də Mixail Saakaşviliyə dövlət sərhədini qanunsuz keçmək ittihamı irəli sürülüb. Onun sentyabrın 29-da gizli şəkildə Ukraynadan Gürcüstanın liman şəhəri Potiyə gəmi ilə gəldiyi, həmin gün əvvəl Batumi şəhərinə, ardınca Tbilisiyə getdiyi açıqlanıb.
Sabiq prezident xəstədir, 2022-ci il mayın 12-dən Tbilisidəki “Vivamedi” Tibb Mərkəzində müalicə olunur.
2025-ci il martın 12-də 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası alanadan beş gün sonra - martın 17-də Tbilisi Şəhər Məhkəməsi sabiq prezidentə 4 il 6 aylıq həbs cəzası kəsib. Siyasətçi dövlət sərhədini qanunsuz keçməkdə təqsirli bilinib.
Mixail Saakaşvilinin yekunlaşmamış bir mühakiməsi qalır. Tbilisi Şəhər Məhkəməsinin icraatında olan proses vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı üzrə aparılır. Mixail Saakaşvili 2007-ci il noyabrın 7-də xüsusi təyinatlı qüvvələrin müxalifətin mitinqində zorakılıq, “İmedi” telekanalının ofisində dağıntılar törətməsində, biznesmen və siyasətçi Badri Patarkatsişvilinin (2008-ci ildə vəfat edib) əmlakının ələ keçirilməsində təqsirli bilinir.
Parlament respublikası olan Gürcüstanda hökuməti qanunverici orqanda çoxluq əldə edən partiya formalaşdırır. 2012, 2016, 2020 və 2024-cü illərin parlament seçkilərində Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyası qalib gələrək hökumət qurub. Mixail Saakaşvili hökumətə sərt müxalif mövqedə dayanır.
Toğrul Əli,
Medianews.az