Medianews.az
Prezidentin fərmanı ictimaiyyətə səhv təqdim olunub -
9,546 baxış

Prezidentin fərmanı ictimaiyyətə səhv təqdim olunub - EKSKLÜZİV

Avqustun 25-də Prezident İlham Əliyev “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərman əsasnamənin 1.1-ci bəndindən “ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı,” sözlərinin çıxarılmasını da nəzərdə tutur.

Medianews.az qeyd edir ki, 25 avqust fərmanına qədər “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndi belə idi:

1.1. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bundan sonra - Xidmət) Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmətkeçməsi, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı, (seçdirmə Medianews.az-ındır) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin (bundan sonra - Silahlı Qüvvələr və digər silahlı birləşmələr) sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı və müharibə dövründə Silahlı Qüvvələrin və digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə və hərbi-nəqliyyat vasitələri ilə, eləcə də mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Beləliklə, Prezidentin 25 avqust fərmanı ilə “ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı,” sözləri bu bənddən çıxarılıb.

Elə həmin gün fərman Azərbaycan mediasında “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı sahəsində səlahiyyətinin ləğv edilməsi” kimi yozulub və Prezidentin fərmanı ictimaiyyətə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətlərindən biri ləğv edildi” şəklində təqdim olunub.

Medianews.az bildirir ki, bu təqdimat yanlışdır. Çünki Azərbaycanda ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı nə az, nə çox, 7 il əvvəl ləğv olunub.

2018-ci ilin oktyabr ayının 12-də Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik edib. Dəyişikliklərdən biri də qanunun “Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı” adlı 11-ci maddəsinin tamamilə ləğv edilməsindən ibarət olub. Yəni Azərbaycanda ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı deyilən bir proses, bir proqram yoxdur, buna 2018-ci ildə son qoyulub.

Sadəcə olaraq “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti haqqında Əsasnamə”nin 1.1-ci bəndində “ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı,” sözləri qalıbmış və bu, yalnız indi – 2025-ci ildə əsasnamədən çıxarılır. Həmin sözlərin əsasnamədən çıxarılması isə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin səlahiyyətinin ləğvi anlamına gələ bilməz. Ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığı çoxdan ləğv edildiyindən onsuz da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu sahədə fəaliyyəti, səlahiyyəti yox idi. Olmayan bir proqram üzrə nə fəaliyyət, nə səlahiyyət ola bilər ki?..

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun