Medianews.az
Kreml ideoloqundan gözlənilməz açıqlama: “Rusiya daha 16-17 il döyüşəcək”
903 baxış

Kreml ideoloqundan gözlənilməz açıqlama: “Rusiya daha 16-17 il döyüşəcək”

Rusiyalı filosof Aleksandr Duqin “Kremlyovskaya Tabakerka” teleqram kanalına qəribə açıqlama verib.

Medianews.az-ın məlumatına görə, o, kanala deyib ki, yuxu görüb:

“Mənə Allahdan vəhy gəldi. Tam ciddi deyirəm, Allahı ənənəvi rus geyimində gördüm, mənimlə danışdı. Və dedi ki, Rusiya daha 16-17 il döyüşəcək. Müharibədən sonrakı çətinliklər dövrü olacaq və yalnız bundan sonra çiçəklənmə, Rusiyanın bütün dünyada gücü bərqərar olacaq”.

Medianews.az xatırladır ki, 1962-ci il təvəllüdlü Aleksandr Duqin Kremlin ideoloqlarından biri kimi tanınır. O özünü “mühafizəkar inqilabçı”, “geopolitik nəzəriyyəçi” adlandırır və “Avrasiyaçılıq” ideyasının əsas ideoloqlarından olunur.

Duqin Rusiya ictimai-siyasi mühitində ən radikal fikir sahiblərindən biridir. O, Qərbə qarşı kəskin mövqeyi, Rusiyanı “Avrasiya imperiyası” kimi təqdim etməsi ilə məşhurdur. Onun baxışları həm mühafizəkar, həm də millətçi ideologiyaları birləşdirir.

Duqin hesab edir ki, Rusiya nə tam Avropa, nə də Asiyadır, özünəməxsus “Avrasiya sivilizasiyasıdır”. O, Qərbin liberal dəyərlərinə qarşı çıxaraq, Rusiyanın Avrasiya məkanında siyasi-ideoloji hegemonluğunu müdafiə edir.

O, “Dördüncü siyasi nəzəriyyə” kitabında liberalizm, kommunizm və faşizmin iflasa uğradığını, yeni bir ideoloji model – “dördüncü yol” lazım olduğunu vurğulayıb.

Duqinin ideyaları Kreml siyasətində ciddi yer alır. Xüsusən də Ukrayna məsələsində. O, “Novorossiya” konsepsiyasının ideya müəlliflərindən sayılır.

Qərbdə Duqini “Putinin beyni” və ya “Kreml ideoloqu” kimi təqdim edirlər. Onun ideologiyası bəzi analitiklər tərəfindən neo-faşist və imperialist adlandırılır.

Sabiq millət vəkili Etibar Əliyev Duqinin “Kremlyovskaya Tabakerka” teleqram kanalına yuxusunu danışmasına reaksiya verib.

E.Əliyev Medianews.az-a bildirib ki, Duqin müxtəlif çıxışlarında və məqalələrində tez-tez proqnozlar verir: “Ancaq bu dəfə yalnız yuxusunu danışıb. Amma proqnoz verə bilərdi ki, 17 ildən sonra Vladimir Putinin 90 yaşı olacaq və o, ahıl yaşında Rusiyanın çiçəklənməsini görəcəkmi? Bu lotu bəlkə həmin yuxusunda Putini də görüb, ancaq danır...”

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun