Medianews.az
İran: əhalisi, ərazisi, etnik tərkibi
239 baxış

İran: əhalisi, ərazisi, etnik tərkibi

Qətərdən yayımlanan “Əl-Cəzirə” beynəlxalq telekanalının internet səhifəsində İranın ərazisi, əhalisi, etnik-dini tərkibi haqda məqalə dərc olunub.

Medianews.az bildirir ki, təqdim olunan statistikaya görə, İranın ərazisi təxminən 1,65 milyon kvadrat kilometr, əhalisi 92 milyon nəfərdir. Bu, həm ərazi, həm də əhali sayı baxımından dünyanın 17-ci ən böyük dövləti deməkdir.

Məqalədə Xəzər dənizindən Oman körfəzinədək uzanan İranın mühüm strateji su yollarına, o cümlədən dünya neft ticarətinin təxminən 20 faizinin keçdiyi Hörmüz boğazına nəzarət etməyə imkan yaradan coğrafi mövqedə yerləşdiyi vurğulanır.

Ölkənin nominal ümumi daxili məhsulu (ÜDM) 418 milyard dollar civarında göstərilir, qeyd olunur ki, İran iqtisadiyyatın həcminə görə dünyada 36-cı pillədə qərarlaşır.

İşsizlik səviyyəsinin təxminən 7,2 faiz olduğu bildirilir.

Məqaləyə görə, yetkin əhali arasında savadlılıq səviyyəsi 89 faizdir, gənclər arasında bu göstərici 99 faizə yaxınlaşır, lakin şəhər və kənd yerləri arasında fərqlər var.

İran zəngin neft və qaz ehtiyatlarına malikdir: dünya üzrə neft hasilatında 9-cu, təbii qaz istehsalında isə 3-cü yerdədir.

Yazıda İranın yeddi dövlətlə quru sərhədi olduğu xatırladılır: ən uzun sərhəd İraqla, daha sonra Türkmənistan, Əfqanıstan, Pakistan, Azərbaycan, Türkiyə və Ermənistanladır.

İranın ərazisi ABŞ-dan təxminən altı dəfə kiçikdir, Avropanın təqribən altıda birinə, Avstraliyanın beşdə birinə, Hindistanın yarısına bərabərdir və İsraildən təxminən 80 dəfə iridir.

İran əhalisinin böyük hissəsi ölkənin qərb yarısında məskunlaşıb.

Ölkənin ən böyük şəhəri olan paytaxt Tehranın 9,6 milyon sakini var.

Məşhəd 3,4 milyon əhalisi ilə ikinci yerdədir.

2,3 milyonluq İsfahan ölkənin üçüncü böyük şəhəridir.

İri şəhərlər sırasında daha sonra Şiraz (1,7 milyon), Təbriz (1,7 milyon), Kərəc (1,6 milyon), Qum (1,4 milyon) və Əhvaz (1,3 milyon) yer alır.

BMT-nin statistikasına görə, İran əhalisinin təxminən 60 faizi 39 yaşdan aşağıdır. Ölkədə orta yaş həddi 33-34 yaş arasındadır.

İran əhalisinin 77 faizi şəhərlərdə yaşayır.

Ən böyük yaş qrupları 30-34 və 35-39 yaş aralığına aiddir. Bu da əhalinin əsas hissəsinin 1979-cu ilin islam inqilabından sonra doğulduğunu göstərir.

“Əl-Cəzirə”nin məqaləsində daha sonra rəsmi məlumatlara istinadla deyilir ki, əhalinin təxminən 61 faizini farslar, 16 faizini azərbaycanlılar, 10 faizini kürdlər, 6 faizini lurlar, 2 faizini ərəblər, 2 faizini bəluclar, qalan 2-3 faizini isə türk mənşəli digər icmalar təşkil edir.

Əhalinin 99 faizi müsəlmandır.

Onlardan 90 faizi şiə, 9 faizi sünni və digər islam məzhəblərindəndir.

Qalan 1 faiz isə dini azlıqlardan ibarətdir: təxminən 300 min bəhai, 300 min xristian, 35 min zərdüşti, 20 min yəhudi, 10 min manixeist.

Medianews.az

Bizə qoşulun