Binəqədi rayonunda fəaliyyət göstərən “Dağlılar Balıq” restoranında nöqsanlar aşkarlanıb.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb.
Bildirilib ki, AQTA əməkdaşlarının Novxanı bağları, ev 679 ünvanında fəaliyyət göstərən və fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus həmin ictimai iaşə müəssisəsində keçirdikləri yoxlama zamanı obyektdə balıq və balıq məhsullarının baytarlıq sənədlərinin olmadığı, yararlılıq müddəti bitmiş qida məhsullarının istehlaka təqdim edildiyi aşkarlanıb:
“Eyni zamanda sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmur, texnoloji ardıcıllıq və mal qonşuluğu prinsipi pozulub, bəzi qida məhsulları birbaşa döşəmənin üzərində saxlanılır, soyuducularda rəflər korroziyaya uğrayıb, işçilər ilkin və dövrü tibbi müayinədən keçirilmir, müvafiq təmizlik işləri aparılmır və digər nöqsanlar müəyyən edilib”.
Balıq məhsullarından nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, nöqsanlar aradan qaldırılanadək qida obyektinin fəaliyyəti müvvəqəti dayandırılıb.





