Avropa İttifaqı (Aİ) Brüsseldə Ukraynaya 90 milyard avroluq faizsiz kredit ayırmaqla “güclü dəstək” nümayiş etdirdiyini iddia edir. Amma bu qərarın alt qatına baxanda ortaya çıxan mənzərə o qədər də qəhrəmanlıqla dolu deyil. Əksinə, bu, ehtiyatlılıq pərdəsi altında Rusiyaya verilmiş vaxt və rahatlıq təsiri bağışlayır.
Əgər Rusiya Ukraynaya qarşı işğalçı müharibə aparırsa, əgər şəhərlər dağıdılıb, milyonlarla insan evindən didərgin düşübsə, onda sual sadədir: niyə bu müharibənin maliyyə bədəlini hələ də Rusiya yox, dolayısı ilə Ukrayna və Avropa vergi ödəyiciləri daşıyır?
Aİ dondurulmuş Rusiya aktivlərinə toxunmamaqla hüquqi risklərdən qaçdığını deyir. Amma siyasi risklər necə? Qərarsızlıq da riskdir. Bu qərarsızlıq Moskva üçün açıq mesajdır: Avropa hələ də Kremlin cızdığı “qırmızı xətləri” keçməyə hazır deyil. Elə buna görə də Kremlin “ağıl qalib gəldi” sevinci təəccüblü deyil.
Kredit – istənilən halda borcdur. Faizsiz olsa belə. Ukrayna bu gün yaşamaq üçün borclanır, sabah isə yenidənqurma mərhələsinə artıq yük altında girir. Rusiya isə hələ də “sonra baxarıq” siyahısındadır. Yəni məsuliyyət ertələnir, ədalət təxirə salınır.
Aİ daxilində birliyin olmaması da bu qərarın zəif nöqtəsidir. Belçikanın hüquqi narahatlıqları bütün Avropanın siyasi iradəsindən daha ağır gəlirsə, deməli, problem təkcə hüquqda yox, iradədədir. Bu isə Aİ-ni qlobal güc yox, tərəddüd edən müşahidəçi kimi göstərir.
Ukraynaya yardım lazımdır - bu, mübahisəsizdir. Amma yardım adı altında məsuliyyəti dəyişmək çıxış yolu deyil. Əgər bu gün Rusiya öz vəsaitləri ilə cavab vermirsə, sabah niyə versin?
Brüssel kompromisi Ukraynaya pul, Rusiyaya isə zaman qazandırdı. Müharibələrdə zaman həmişə hücum edən tərəfin xeyrinə işləyir.
Sarvan Səmədoğlu,
Almaniya