Medianews.az
Çin Rusiyanın parçalanmasına hazırlaşır
145 baxış

Çin Rusiyanın parçalanmasına hazırlaşır

Rusiyanın hansı ərazilərinin Çinə keçməli olması ilə bağlı çinlilər arasında üç yanaşma var. Tarixə istinad edənlər Rusiyanın 1.54 milyon kvadrat kilometr ərazisinin Çinin tarixi torpaqları olduğunu, Pekinin bu torpaqları geri qaytarmalı olduğunu düşünürlər. İkinci fikir isə ondan ibarətdir ki, Rusiyanın 3-4 milyon kvadrat kilometr ərazisi Çinə məxsus olmalıdır. Radikal yanaşma tərəfdarları ümumiyyətlə ərazisi təxminən 7 milyon kvadrat kilometr olan Rusiyanın Uzaq Şərq Federal Dairəsinin bütövlükdə Çinə keçməsini təbliğ edirlər.

Qeyd edim ki, Rusiyaya qarşı ərazi iddiası Çin Xalq Respublikası qurulduqdan dərhal sonra gündəmə gəlib. Çinin ilk kommunist lideri Mao Tszedun 1949-cu ildə Moskvaya səfəri zamanı SSRİ-nin o vaxtkı rəhbəri İosif Stalinlə apardığı danışıqlarda bu torpaqların Çinə qaytarılmasını müzakirə edib, ancaq çox sərt şəkildə rədd cavabı alıb.

Çində 800 milyon insanı aclıqdan xilas etmiş dahi Den Syaopin XX əsrin sonlarına yaxın Sovet İttifaqının xarici işlər naziri Eduard Şevardnadze ilə Pekində apardığı danışıqlarda mübahisəli sərhədyanı ərazilərin Çinə verilməsi ilə bağlı təklifinə qəti rədd cavabı alanda belə demişdi: “Siz indi kiçik bir ərazilərlə bağlı istəyimizi rədd edirsiniz. Ancaq tarixdən məlumdur ki, Çinə aid torpaqlar bu ərazilərlə müqayisə olunmayacaq dərəcədə çoxdur. Siz kiçik bir ərazini güzəştə getmirsiniz, Moskva bilməlidir, çinlilər səbirlə gözləyə bilirlər”.

Çinin indiki rəhbəri Si Cinpin 2014-cü ildə Berlinə səfəri edərkən Almaniyanın kansleri Angela Merkel hörmətli qonağa çox diqqət çəkən bir xəritə hədiyyə etmişdi. Bu, 1735-ci ildə Almaniyada tərtib edilmiş “Çinin ilk dəqiq xəritəsi” idi. Həmin xəritədə Rusiyanın indiki əraziləri olan Uzaq Şərq, Tıva, Amur, Sibir və Cənubi Çin dənizi bütün adaları ilə birlikdə Çin dövlətinin sərhədləri daxilindədir.

Angela Merkelin Si Cinpinə hədiyyə etdiyi ikinci xəritədə isə həmin ərazilər Rusiyanın sərhədləri daxilində, ancaq fərqli görsənmək üçün qırmızı rənglə təsvir edilib. Merkelin bu addımı Çində Almaniyaya qarşı rəğbəti artırmaqla yanaşı, Rusiya ilə keçmiş düşmənçiliyi yenidən qabartdı. O zaman Çin qəzetlərindən birində bu hadisə ilə bağlı baş məqalədə belə bir cümlə vardı: “Biz yüz ilə yaxındır ki, imperializmə (yəni Qərbə) qarşı mübarizə bayrağını daşıyırıq, amma sonda məlum olur ki, bizim torpağımızı şər imperializmi (yəni Qərb) zəbt etməyib”. Başqa bir məqalədə isə deyilirdi ki, bu xəritə əsl xəzinədir. “Bu, dərin məna daşıyan qiymətli hədiyyədir! Bu xəritədə ehtiyacımız olan hər şey var”.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin rus imperiyasını bərpa etmək məqsədilə Ukraynaya qarşı 24 fevral 2022-ci ildə başlatdığı və təxminən 46 aydır davam edən cinayətkar müharibə Rusiyanı o qədər zəiflədib ki, onun dağılması artıq zaman məsələsi hesab olunur. Buna görə də Çində Rusiya ərazisinin təxminən 40 faizinə, Uzaq Şərq Federal Dairəsinin 7 milyon kvadrat kilometr ərazisinə iddia edənlərin mövqeyi güclənməyə başlayıb.

Çinin “NetEase” media korporasiyasına məxsus olan və dünyanın ən populyar saytları sırasında yer alan 163.com saytıda dərc olunan məqalədə qeyd edilir ki, Rusiya parçalansa, Uzaq Şərqin 7 milyon kvadrat kilometr ərazisi itirilməməlidir. “Uzaq Şərqdəki bu torpaq Çin üçün xəzinədir, amma Rusiya üçün yükdür. Resurslar baxımından Çinin ehtiyac duyduğu hər şey - almaz, qızıl və meşələr ordadır və onilliklər üçün kifayətdir”.

Tarixi torpaqları Rusiya işğalında olan bütün xalqlar şər imperiyasının dağılacağı günə hazırlaşır ki, yaranacaq tarixi şansdan istifadə edərək torpaqlarını geri qaytarsınlar.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun