Avqustun 15-də ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi olacaq. Bu müharibənin Cənubi Qafqazın taleyinə təsirsiz ötüşmədiyini nəzərə aldıqda sual yaranır: İndi Rusiya-Ukrayna müharibəsi üzrə danışıqların hər hansı nəticəsi də Cənubi Qafqazın, konkret desək, bir neçə gün öncə Donald Trampın vasitəçiliyi ilə Ağ evdə Birgə Bəyannamə imzalamış, sülh sazişini paraflamış Azərbaycanla Ermənistanın taleyinə təsir göstərə bilərmi? Həmin təsirlər nədən ibarət ola bilər?

Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Oqtay Qasımov bildirib ki, Rusiya-Ukrayna savaşı dünyaya ciddi təsir göstərən bir prosesə çevrilib: “Bu savaşın təsirləri özünü Güney Qafqazda da göstərdi. Bölgədə Qərb-Rusiya qarşıdurması gücləndi. Qərb açıq şəkildə Rusiyanı bölgədə sıxışdırmaq siyasəti yürütməyə başladı və müəyyən qədər buna nail oldu. Hazırda Rusiyanın Güney Qafqaza təsir imkanları xeyli azalıb. Məhz bu səbəbdən Azərbaycan-Ermənistan sülh danışıqları üçtərəfli formatlardan, yəni Rusiya, Avropa İttifaqı, ABŞ formatlarından ikitərəfli formata – Azərbaycan-Ermənistan formatına keçib. Və burada da ciddi nəticələr əldə olunub”.
O.Qasımov qeyd edib ki, 15 avqust görüşündə Trampla Putinin Ukrayna ilə bağlı hansı razılaşmalara gələcəyini indidən demək çox çətindir: “Doğrudur, müəyyən ehtimallar, təxminlər var. Lakin hər bir halda yekun razılaşma əldə olunmadığı üçün indidən qəti fikir söyləmək doğru olmazdı”.
O.Qasımov 15 avqust görüşünün bir neçə gün öncə Azərbaycanla Ermənistanın Vaşinqtonda imzaladığı razılaşmalara təsir göstərə biləcəyinə inanmır: “Çünki artıq ABŞ bu prosesə qoşulub, o cümlədən Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərdə Amerikaya müəyyən bir nəzarət funksiyasının verilməsi razılaşdırılıb. Düşnmürəm ki, 15 avqust görüşündən sonra ABŞ Vaşiqtonda razılaşdırılmış məsələlərdən imtina etsin. Bu, mümkün deyil. ABŞ Azərbaycanla Ermənistan arasında Vaşinqtonda əldə edilmiş razılaşmalar sayəsində artıq Güney Qafqazda öz rolunu ciddi şəkildə artırıb və onun sonradan bu məsələdə Rusiyaya hansısa güzəştə gedəcəyi gözlənilmir”.

Xatırladaq ki, 7-8 avqust 2025-ci il tarixlərində Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə səfəri həyata keçirilib.
Səfər çərçivəsində Azərbaycanla ABŞ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi istiqamətində iki ölkənin Prezidentləri tərəfindən “Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” imzalanıb.
Anlaşma Memorandumuna əsasən, qarşılıqlı maraq kəsb edən sahələrdə strateji tərəfdaşlığın gücləndirilməsinə xidmət edəcək Strateji Tərəfdaşlıq Xartiyasının növbəti 6 ay ərzində hazırlanması məqsədilə iki ölkə arasında Strateji İşçi Qrupu yaradılması nəzərdə tutulur. Strateji İşçi Qrupu çərçivəsində enerji, ticarət və tranzit daxil olmaqla regional bağlantılar; süni intellekt və rəqəmsal infrastruktur daxil olmaqla iqtisadi sərmayə; eləcə də müdafiə, təhlükəsizlik və terrorla mübarizə kimi sahələrin prioritetləşdirilməsi planlaşdırılır. Bu, ikitərəfli praktiki əməkdaşlıq üçün institusional çərçivənin təsis edilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Səfər həmçinin iki ölkə Prezidenti arasında keçirilən görüş çərçivəsində ABŞ Prezidenti tərəfindən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncamın imzalanması ilə yadda qalıb.
Azərbaycan Prezidentinin ABŞ-yə səfəri həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi kontekstində mühüm nəticələr ilə əlamətdar olub. Səfər zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammiti keçirilib və bu görüşün nəticəsində Azərbaycan və Ermənistan liderləri tərəfindən, habelə şahid qismində ABŞ Prezidenti tərəfindən Birgə Bəyannamə imzalanıb. Bununla yanaşı, hər iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsi paraflanıb və ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin ünvanına birgə müraciət məktubu imzalanıb.
Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamənin imzalanması Azərbaycanın irəli sürdüyü sülh gündəliyini təsdiq edib. “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” layihəsinin paraflanması ilə bağlı müddəa çərçivəsində, Sazişin imzalanması və ratifikasiyasına nail olmaq üçün əlavə tədbirlərin görülməsinə ehtiyac olduğu təsbit edilib. Bu kontekstə, Azərbaycan tərəfi Sazişin imzalanması üçün Ermənistan konstitusiyasında dəyişiklik edilərək Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılacağını gözləyir.
Birgə Bəyannamədə xüsusi əhəmiyyət kəsb edən daha bir müddəa iki ölkə arasında nəqliyyat kommunikasiyalarının açılmasına dair bənddir. Burada, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsinin zəruri olduğu vurğulanıb.
Sənəddə həmçinin Ermənistan ərazisində xüsusi bağlantı layihəsi – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun” həyata keçiriləcəyi təsbit olunub. Bu müddəa, Ermənistan ərazisi vasitəsilə Azərbaycanın əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantının təmin edilməsi məqsədilə ABŞ tərəfindən həyata keçiriləcək layihəni nəzərdə tutur.
ATƏT-in Minsk Prosesi və əlaqəli strukturlarının bağlanması barədə ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətin ünvanlanması 2020-ci ildən bəri Azərbaycan tərəfinin davamlı olaraq gündəlikdə tutduğu, sülh və normallaşma prosesi üçün ən ciddi əngəllərdən birinin aradan qaldırılması istiqamətində digər vacib addımdır.
Bununla yanaşı, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidentinin və ABŞ Prezidentinin xüsusi elçisinin iştirakı ilə SOCAR və ExxonMobil korporasiyası arasında “Əməkdaşlıq haqqında Memorandum” imzalanıb. Sənəd şirkətlər arasında mövcud olan müsbət əlaqələri möhkəmləndirmək və Azərbaycan Respublikasında həm qeyri-ənənəvi, həm də ənənəvi neft və qaz imkanlarının dəyərləndirilməsi istiqamətində potensial əməkdaşlıq sahələrini ehtiva edir.
Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-yə səfəri çərçivəsində Azərbaycan-ABŞ arasında əldə edilmiş razılaşmalar və Azərbaycan-Ermənistan normallaşma prosesi çərçivəsində nəticələr tarixi əhəmiyyətə malikdir.
Nailə Qasımova,
Medianews.az