Medianews.az
Rusiya onu Azərbaycana təhvil verir? -
87 baxış

Rusiya onu Azərbaycana təhvil verir? - Kritik GƏLİŞMƏ

Xəbər verdiyimiz kimi, Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasov “Mehdiyev işi” çərçivəsində istintaqa cəlb edilib. Hazırda ölkə hüdudlarından kənarda olduğu və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Onun Rusiyada olduğu bildirilir.

Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcəkmi?

Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Aydın Quliyev deyib ki, A.Abbasov Ramiz Mehdiyev işi üzrə aparılan istintaqda bir çox məsələlərin aydınlaşdırılmasında mühüm rol oynaya bilər:

“Bu cinayət işinin gedişində dövlət və cəmiyyət üçün olduqca maraqlı məqamlar var. Abbas Abbasov həmin məsələlərin konkretləşdirilməsinə ciddi töhfə verə biləcək fiqurdur. Digər tərəfdən, bəzi sualların cavablandırılması Abbas Abbasovun özü üçün də vacibdir. Çünki Abbasovun Ramiz Mehdiyevlə hansı səviyyədə əlaqədə olması ciddi maraq doğurub.

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? - Kritik gəlişmə

Abbas Abbasov uzun illər Azərbaycanda məsul vəzifələrdə çalışıb, Baş nazirin müavini olub, oğlu isə Milli Məclisin deputatı kimi fəaliyyət göstərib. Bu baxımdan Abbasov “Mehdiyev işi” üzrə həm prosesin sürətlənməsində, həm də faktların daha dolğun şəkildə üzə çıxarılmasında mühüm rolu ola bilər.

Onun nə dərəcədə səmimi ifadələr verəcəyi irəli sürülən ittihamların tam aydınlaşdırılmasına təsir göstərəcək. Hər halda, Abbas Abbasovun Azərbaycanda olması həm davam edən istintaq, həm də ittiham olunan şəxs kimi onun özü üçün daha məqsədəuyğundur”.

Ekspert deyib ki, Rusiyanın Abbas Abbasovu Azərbaycana təhvil verib-verməyəcəyi ilə bağlı dəqiq fikir söyləmək çətindir:

“Böyük ehtimalla Rusiya bu məsələdə ciddi müqavimət göstərəcək. Çünki Abbasov Rusiya dövlət və siyasi elitası ilə sıx təmaslarda olub. Son illərdə Rusiyada yaşaması, biznes və siyasi dairələrlə geniş əlaqələrinin olması onun Azərbaycana ekstradisiyasına ciddi maneə yarada bilər”.

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov məsələyə belə münasibət bildirib:

“Abbas Abbasov sıradan şəxs deyil, geniş əlaqələrə malik fiqurdur. O, uzun müddət Rusiyada yaşayıb. “Milyarderlər ittifaqı”nın qeydiyyata alınması məhz Abbas Abbasov tərəfindən həyata keçirilib. Bu baxımdan onun istintaqa cəlb olunması gözlənilən idi. Ramiz Mehdiyevin Rusiya ilə əlaqələrinin möhkəmləndirilməsində, operativliyin təmin edilməsində, eləcə də Ramiz Mehdiyevə aid olduğu bildirilən və ilk nüsxəsi AXCP sədri Əli Kərimlinin evində tapılan məktubun Rusiyadakı müəyyən dairələrə çatdırılmasında Abbas Abbasovun birbaşa iştirakı olub.

Ramiz Mehdiyev belə bir məktubu etibar etmədiyi şəxslər vasitəsilə göndərməzdi. O bu sahədə təcrübəsi olan və güvəndiyi şəxsə müraciət edərdi. Həmçinin məxfi məlumatların daşınması prosesində də Abbas Abbasovun rolunun olduğu iddia edilir”.

Hüquqşünas deyib ki, onun Azərbaycana qaytarılması məsələsi mürəkkəbdir:

“A.Abbasovun istintaqla könüllü şəkildə əməkdaşlıq etməsi daha məqsədəuyğun olardı. Cinayət işi Cinayət Məcəlləsinin 278-ci maddəsi — “dövlət hakimiyyətinin zorla ələ keçirilməsi və ya zorla saxlanılması, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlmiş hərəkətlər” üzrə açılıb. Həmin maddənin qeyd hissəsində göstərilir ki, bu cinayətin törədilməsində iştirak etmiş, lakin dövlətə mühüm zərər vurmamış şəxslər hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etdikləri təqdirdə məsuliyyətdən azad edilə bilərlər. Təbii ki, bu, cəmiyyət tərəfindən düzgün qiymətləndirilməlidir.

Abbas Abbasov gecikdi, bu addımı daha əvvəl atmalı idi. Lakin istintaqdan yayınması səbəbindən barəsində axtarış elan edilib. Adları hələlik hallanmayan digər şəxslər də bu prosesdən nəticə çıxarmalıdırlar”.

Abbas Abbasov gecikdi: Rusiya onu Azərbaycana təhvil verir? - Kritik gəlişmə

Xəyal Bəşirov

X.Bəşirov vurğulayıb ki, Abbas Abbasov Azərbaycan vətəndaşlığından çıxıbsa, Bakıya təhvil verilməsi prosesi çətinləşə bilər:

“Çünki Moskva onun Rusiya vətəndaşlığını əsas götürə bilər. Lakin bu, Kremlin haqlı mövqedə olduğu qənaətinə gəlməyə əsas vermir. Çünki Abbas Abbasova irəli sürülən ittihamlar onun Azərbaycan vətəndaşı olduğu dövrə aiddir. Azərbaycan və Rusiya arasında cinayət törətmiş şəxslərin qarşılıqlı təhvil verilməsi ilə bağlı müvafiq razılaşmalar mövcuddur. Azərbaycan indiyədək analoji hallarda cinayətkarları Rusiyaya təhvil verib. Əgər əks proses baş verərsə, bu, səsləndirilən ittihamların doğruluğunu bir daha təsdiqləmiş olar. Gələcəkdə isə onun barəsində Azərbaycan qanunvericiliyinə uyğun olaraq qiyabi hökm çıxarıla bilər”.

Bizə qoşulun