Əbülfəs Qarayev uzun illər nazir işləsə də, zənnimcə, heç vaxt “dişli” məmur hesab olunmayıb. Bəlkə də ona həvalə edilən idman, turizm və mədəniyyət sahələrinin spesifikası onu digər nazirlərlə nisbətdə çox vaxt “kölgədə”saxlayıb. Amma onun da büdcə pullarına çıxışı olub ki, elə bu səbəbdən də “ilişdi”, 2020-ci ilin mayında nazirlikdə müavini daxil həbslərdən sonra onun da fərmanı verildi.
Bundan sonra isə barəsində mediada çoxsaylı iddialar yayıldı.Xüsusilə də müavinlərinin istintaqdakı ifadələri və məhkəmədə barəsində səslənən rüşvət ittihamları Qarayevin qanını qaraltmadı, hətta “quru” ifadə vermək üçün məhkəməyə belə dəvət edilmədi. Mediada “Mixaylo öldürüldü” başlıqlarını xatırladan “Qarayev həbsə gedir” kimi manşetlər təsdiqlənmədi. Qarayevin müavinləri mənimsənilən pulları geri ödədi, “srok” da aldılar. Bu cinayət işi bəlkə Qarayevi ona görə həbsə aparmadı ki, o, dövrünün şöhrətli musiqiçisi Qara Qarayevin nəslinin nümayəndəsi idi.

Qarayevin vəzifədə işlədiyi müddətdə medianın hədəfindən yayındıran yəqin ki, onun yeganə övladının qız və Bakıdan aralıda yaşaması idi. Doğrudur, onun qızının dəbdəbəli toyu və iranlı iş adamı ilə evlənməsi medianın diqqətini çəkmişdi, amma məhz atası işdən uzaqlaşdırılandan sonra onun və anasının adına olan şirkətləri haqda yazıldı. Maraqlıdır ki, Türkiyə, Rusiya və İngiltərə kimi ölkələrdəki şirkətlər haqda yazılanlar hələ də rəsmi təsdiq olunmamış məlumatlar sırasındadır...
Son film qalmaqalı isə diqqətləri yenidən sabiq nazirə yönəldi, Qarayevin hətta şəcərəsi, soyadı belə müzakirə mövzusu oldu, xaricdəki biznes iddiaları yenidən təzələndi.
“Məhsəti” filmi barədə fikirlərimi “isti-isti” bölüşmüşəm və hesab edirdim ki, bu, kifayət edəcək. Amma film ətrafında qalmaqalın tam səngidiyi vaxtda xanım Qarayeva(onun soyadı başqa ola bilər, amma bu heç nəyi dəyişmir) yenidən filmi və özünü yada saldı.

Qarayeva sosial şəbəkə hesabında bu barədə yazıb:
"Azərbaycanın bir vətəndaşı olaraq ölkəmə, xalqımıza və bizim mədəni dəyərlərimizə hər zaman böyük hörmət və dərin bağlılıqla yanaşmışam. Qısametrajlı filmimlə bağlı son paylaşımım heç vaxt tənqid məqsədi daşımayıb, sadəcə emosional, şəxsi bir düşüncə idi.
Sözlərimin niyyətimdən fərqli şəkildə başa düşülməsindən səmimi-qəlbdən təəssüf edirəm və bundan təsirlənmiş və ya incimiş ola biləcək hər kəsdən üzr istəyirəm. Dəyərlərimə, ölkəmə, xalqımıza və mədəniyyətimizə olan sarsılmaz bağlılığım hər zaman mənimlədir".

Bəribaşdan rəyimi deyim ki, bu mövqeyin xalqdan üzr istəmək kimi təqdim edilməsi doğru qiymətləndirmə deyil. Bəs o halda, Qarayeva niyə üzr istəyir?
Qarayevanın bundan əvvəlki bəyanatdan seçdiyim bu cümlələrə diqqət edək:“Təəssüf ki, “Məhsəti” filmimiz Bakı Film Festivalı proqramından çıxarılıb, çünki Mədəniyyət Nazirliyinin Film Şurası ona nümayiş lisenziyası verməkdən imtina edib və filmin mənəvi dəyərlərə uyğun olmadığını bildirib... Məhsəti Gəncəvinin hekayəsinə çağdaş yanaşma cəhdidir. Qadın kino yaradıcıları olaraq, qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik. Xüsusilə də bu məhdudiyyətlərin modern və dünyəvi bir ölkədən, qadınlara ən erkən səsvermə hüququ verənlərdən biri olmuş və Məhsəti kimi qadın ilhamları yetişdirmiş bir yerdən gəlməsi təəccüblüdür”. Bu əlbəttə ki, ciddi etiraz idi, amma bu iradlar xalqa ünvanlı deyildi, konkret hədəfləri Bakı Beynəlxalq Film festivalından “Məhsəti”yə qadağa qoyan münsiflərə, yəni həm də Mədəniyyət Nazirliyinə idi. O ayrı məqamdır ki, XII əsrdə yaşamış, həyatı barəsində ancaq rəvayətlər olan qadın şairəni “qadın azadlığı” deyib o cür təqdim etmək də yanlış idi. Eləcə də bu “yekəxana” iradlar da. Yəni məntiq bu idi ki, filmi geniş ekrana buraxmayanlar müasir dövrdən geri qalıblar və s.

Festivalın münsiflərinin qadağa barədə rəyinə yenə də dəstək verə bilmirəm, çünki hələ də qısametrajlı olsa da, “Məhsəti”yə baxmamışam. Amma görünür ki, sabiq nazir qızının “qadınların necə təsvir oluna biləcəyinə dair bu cür absurd məhdudiyyətləri qəbul etmirik”, “məhdudiyyətlərin modern və dünyəvi bir ölkədə” olması haqda iradlar Qarayevlərə bağışlanmayıb. Burada konkret olaraq festivalın təşkilatçılarına yönəlik ittihamlar var, zənnimcə də üzr də onlardan istənir, həm də “emosional və doğru anlaşılmama” qeydi ilə.
İstənilən halda, Qarayevanın qızının təxminən iki həftəlik aralıqdan sonra fikirlərinə düzəliş etməsi bu qalmaqal üçün “xoşbəxt final”dır.
Xalqı isə düşündürən yəqin ki, bu başıbəlalı filmdir, multifilmdir, hər nədirsə, hansı maliyyə ilə çəkilməsidir. Atasının pulları ilə çəkilibsə, xub, çox zərərləri olmaz. Amma dövlətdən alıb, pulları batırıblarsa, o halda xalqdan da üzr istəmək lazımdır. Çünki büdcə həm də xalqın vergisindən formalaşır. Heç olmasa, atasının əvvəlki yolu ilə getməsin…(Musavat.com