Medianews.az
İcra başçılarını “ipdən alan”
88 baxış

İcra başçılarını “ipdən alan” QƏRAR

Bakı şəhərinin rayonlarının bir sıra icra hakimiyyətlərində  şöbələr ləğv edilərək sektorlarla əvəzlənib. Bundan başqa, bəzi şöbələr birləşdirilib və həmin şöbələrə rəhbərliyi icra başçılarının müavinləri həyata keçirəcək. “Qaynarinfo”nun məlumatına görə, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı, Pirallahı, Binəqədi, Səbayel, Nəsimi, Nərimanov, Nizami, Xətai və Yasamal rayonlarının icra hakimiyyətlərində artıq bu yenilənmə olub. 

Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri  bundan sonra müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili və ictimai-siyasi və humanitar məsələlər sektorunu kurasiya edəcək. 

Başçının müavini sosial-iqtisadi məsələlər, informasiya təminatı və təhlili, eləcə də memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna nəzarəti həyata keçirəcək. Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi, habelə hüquq və inzibati işlər şöbəsi ləğv edilib və onların bazasında sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsi yaradılıb.  Sənədlərlə və vətəndaş müraciətləri və  hüquq və kadr məsələləri sektoru yeni şöbəyə tabe olacaq.

Qeyd edək ki, icra hakimiyyəti başçısının şəhər və ya sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin strukturunda da dəyişikliklər edilib. Bütün dəyişikliklər iki ay ərzində tamamlanacaq. O da bildirilir ki, ixtisar olunan əməkdaşlar Dövlət İmtahan Mərkəzi vasitəsilə müvafiq dövlət qurumlarında işlə təmin ediləcəklər. 

Qeyd edək ki, icra hakimiyyətlərində son həbslərdən sonra bu strukturun birdəfəlik ləğvi mövzusu yenidən gündəmə gəlmişdi. Belə ki, oktyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat çərçivəsində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev saxlanılıb. İ.Rzayevə Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri üzrə ittiham elan olunub. Onun barəsində 4 aylıq həbs qərarı verilib.

Noyabrın 1-də isə Qaradağ Rayon İcra Hakimiyyətində  Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən yoxlama nəticəsində, icra başçısının müavini Nadir Muradov və bir sıra vəzifəli şəxslərə Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.  

Konstitusiyanın 3-cü maddəsinə əsasən, icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur: “Konstitusiyanın 6-cı fəsli bütövlükdə icra hakimiyyətinə aiddir. İcra hakimiyyətinin məsuliyyəti ilə bağlı konstitusiyanın 99-cu maddəsində qeyd olunur ki, Prezident icra hakimiyyətinin başında duran şəxsdir. İcra hakimiyyətinin məsuliyyəti Prezidentə aiddir. Konstitusiyanın 149-cu maddəsinin 7-ci bəndinə əsasən, Prezident icra hakimiyyətinin fəaliyyətini formalaşdırmaq üçün icra hakimiyyəti orqanları yaradır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yuxarı icra orqanı hesab olunur. Konstitusiyanın 124-cü maddəsinə əsasən, yerlərdə rəhbərliyi icra hakimiyyəti başçıları həyata keçirir. Qanunvericiliklə icra hakimiyyətlərinin ləğvi yalnız konstitusiyaya uyğun şəkildə əlavə və dəyişikliklərin edilməsi ilə mümkündür. 

Yola salmaqda olduğumuz ildə İH ləğvi üçün referendum keçiriləcəyi haqda iddialar təsdiqlənmədi; amma növbəti ildə nə olacaq, bunu indidən demək çətindir... 

REAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, rayon icra hakimiyyətlərində islahat aparmağın nə mənası, nə də faydası var: “Ona görə ki, bu yurum institusional olaraq köhnəlib və funksionallığını itirib. Biz əgər yerlərdə idarəçilikdə ciddi müsbət irəliləyişə nail olmaq istəyiriksə, bunu köhnəlmiş icra hakimiyyətlərində şöbələrin ixtisarı, birləşdirilməsi və hansısa icra başçılarını həbs etməklə çətin nail ola bilərik. Artıq təcrübə də göstərir bunu, nə qədər icra başçıları həbs edilsə də, yerlərdə vəziyyət istənilən kimi düzəlmir. Deməli, yerli özünüidarəetmə institutlarına keçid olmalıdır. Hesab edirəm ki, indiki eksperiment də bir gün bitəcək və rayonlarda icra hakimiyyətlərinin ləğvi və yeni idarəetmə sisteminə keçidlə bağlı fundamental qərarlar qəbul olunacaq. Yəni sizin dediyiniz struktur dəyişiklikləri icra hakimiyyətlərinin ləğvi məsələsini tamamilə gündəmdən çıxarmaq hesab olunmamalıdır”.

Bizə qoşulun