Medianews.az
Ramiz Rövşən onları necə yanıltdı? -
212 baxış

Ramiz Rövşən onları necə yanıltdı? - "Çatdıq..."

Bu gün Azərbaycanın böyük şairi Ramiz Rövşənin 79 yaşı olur.

Dünən sosial şəbəkədə Ramiz Rövşənin 80 yaşına yazdığı yeni şeiri geniş paylaşılıb.

Şairin öz dilindən səsləndirdiyi bu şeir bir çoxlarını yanıldıb: onlar elə biliblər ki, Ramiz Rövşənin 80 yaşı tamam olur. Bu yanlışlıqla dünəndən sosial mediada şairi 80 yaşı münasibətilə təbrik edənlər var.

Medianews.az xatırladır ki, Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan qəsəbəsində dünyaya gəlib. Onun 80 yaşı 2026-cı ildə olacaq. Şairi vaxtından tez “qocaltmaq” istəməsək, lap dəqiq götürsək, Ramiz Rövşən 80 yaşına 2026-cı il dekabrın 15-də qədəm qoyacaq. Əslində həmin günədək şair daha gəncdir: 79 yaşında.

Hərçənd Ramiz Rövşən kimi ruhən cavan nəhənglər heç 100 yaşda da qoca sayılmazlar!

Medianews.az şairin pərəstişkarlarına Ramiz Rövşənin 99 yaşında söyləyəcəyi daha bir gözəl şeirlə indiki tək daha bir gözəl aldanış arzulayır!

Çatdıq, uzun ömür bu imiş demək,
Axı görə bilmir səksəni hamı.
Tək bircə sənsənmi, yoxsa sənin tək
Səksənə çatanda səksənir hamı?

Eh, nələr görmədin bu səksən ildə,
Səksəndin, dayandın, yoxsa yuxuymuş…
Balalar qürbətdə, dostlar qəbirdə,
Demək səksən yaşın qazancı buymuş…

Bu nə bəxşiş idi, bu nə hədiyyə,
Axı niyə sənin bəxtinə düşdü,
Sənin uzun ömrün görəsən niyə
Vaxtsız gedənlərin vaxtına düşdü?

Ha səslə, ha çağır, kimdi hay verən,
Otur, dizlərini qucaqla, ağla.
Ey bu uzun ömrü mənə pay verən,
Mən indi neyləyim bu qocalıqla?

Yox, yorma özünü, illəri sayma,
Bacarsan bu səksən yaşını aldat.
Bir az qat başını cızma-qarayla,
Bir az nəvələrlə başını aldat.

Gözündə eynək yox, əlində əsa,
Ağlın başındadı, şükür Allaha!
Hər ömür bir dərsdi, uzun, ya qısa,
Son zəngə az qalır, dərs bitir daha!

Ramiz Rövşən

Bizə qoşulun