Medianews.az
Polşaya hücum NATO-ya hücumdur
945 baxış

Polşaya hücum NATO-ya hücumdur

Rusiyanın PUA-larla Polşanın hava məkanını pozaraq həmlələr etməsi Qərbin Ukraynaya logistika zəncirini qırmaq cəhdidir. Qərbdən Ukraynaya göndərilən silahların çoxu Polşadan daxil olur. Ona görə də Polşanın hədəf seçilməsi Qərbin nəbzinin yoxlanmasıdır. Əgər ABŞ başda olmaqla NATO ölkələri bu hücuma görə Rusiyaya qarşı sərt addımlar atmasa, bəyanatlarla kifayətlənsə, Rusiya Polşa ərazisində Ukraynaya göndərilən silah və logistika mərkəzlərini vura bilər.

Rusiya Polşanı hədəf seçməklə NATO-nu parçalamaq və Şərqi Avropanı nəzarət altına almaq istəyir. Rusiya prezidenti Vladimir Putinin belə bir addım atmasına ABŞ prezidenti Donald Trampın ona loyal yanaşması və Alyaska görüşü səbəb olub.

Göründüyü kimi, Rusiya hücum edir, Qərb isə müdafiədə dayanaraq bu hücumun qarşısını almaqla Putini dialoqa çağırır. ABŞ prezidenti nə Polşanı, nə də Avropanı müdafiə etmək niyyətində deyil. O, NATO müqaviləsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsinin tətbiqində maraqlı deyil. Tramp üçün əsas strateji siyasət İsrail və onun təhlükəsizliyidir.

Təbii ki, ABŞ-ın dövlət maraqları var. Tramp ən azı məcbur olub Vaşinqtonun geosiyasi və beynəlxalq maraqlarını qorumalıdır.

Proseslərin Putinin planlaşdırdığı kimi getməsi mümkün görünmür. Bir növ Putin Polşanın hava məkanını pozmaqla öz ayağına güllə atmış oldu. Artıq Ukrayna prezidenti Volodimir Zelenskinin haqlı olduğu və təhlükəsizlik zəmanətinin zəruriliyi bir daha sübuta yetir. Aydındır ki, Putin təkcə Ukrayna ilə kifayətlənmək istəmir, digər Avropa ölkələrini də hədəf almağı planlaşdırır.

Avropanın təhlükəsizliyi təhdid olunur. Baş verənlər Qərb alyansını daha da gücləndirə və Ukraynaya hücum silahları verilməsi ilə nəticələnə bilər.

Eyni zamanda Rusiyanın dərinliklərinə kütləvi hücumlar həyata keçirilərsə, Kremlin Polşada və Baltikyanı ölkələrdə hərbi hədəfləri vurmaq əmri verməsi mümkündür.

Rusiyanın Polşaya hücumu bir daha göstərir ki, Ukraynaya ciddi hərbi yardımlar edilməsə, Şərqi Avropa Putinin tam hədəfində olacaq.

Məhəmməd Əsədullazadə,
siyasi ekspert

Bizə qoşulun