Milli Məclisin sentyabrın 17-də keçirilən iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin adının dəyişdirilərək Böyük Qayıdış Komitəsinə çevrilməsini təklif edib.
Medianews.az saytı Z.Orucdan bu təklifini əsaslandırmasını xahiş edib.

Z.Oruc bildirib ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan torpaqlarının işğal edildiyi, yüz minlərlə soydaşımızın yerindən-yurdundan didərgin düşdüyü bir dövrdə o zamanın reallığına uyğun olaraq yaradılmış bir qurumdur: “Yaddan çıxarmayaq ki, qaçqınların və məcburi köçkünlərin problemləri kifayət qədər ağır, ciddi idi. Onları həm Bakıda, həm də bölgələrdə məskunlaşdırmaq üçün dövlət son onilliklərdə mühüm işlər gördü - qəsəbələr, yeni kəndlər salındı, sosial ehtiyacların, təhsil, məişət və mənzil məsələlərinin həlli istiqamətində effektli addımlar atıldı. Bu yük bütünlüklə dövlətin üzərində idi”.
Həmin dövr ərzində işğal altında olan rayon və şəhərlərin icra hakimiyyəti strukturlarının qorunub saxlanmasını da vacib bir addım kimi qiymətləndirən Z.Oruc vurğulayıb: “Əgər o dövrdə işğal olunmuş rayon və şəhərlərimizin inzibati-idarəetmə strukturları ləğv edilsəydi, bu, insanlar üçün mənfi siqnal olardı. Düşünərdilər ki, artıq dövlət torpaqların azad ediləcəyinə inanmır, “ona görə ləğv ediblər” kimi bir qənaət yaranardı. Lakin dövlətimiz həmin icra hakimiyyəti strukturlarını qoruyub saxladı. İndi isə həmin strukturlar xüsusi nümayəndəliklər çərçivəsində azad edilmiş torpaqlara köçürülür, orada möhkəmlənir. Bu, tarixi əhəmiyyətə malik hadisədir. Azərbaycanın zəfərindən sonra ölkənin bütün coğrafiyasında hakimiyyət subyektləri formalaşır və bu, yeni dövrün başlanğıcıdır. Artıq neçə müddətdir daxili işlər orqanları, prokurorluq, dövlət təhlükəsizlik strukturları, təhsil və səhiyyə qurumları, digər qurumlar azad edilmiş ərazilərə yönəldilir”.
Müstəqillik dövründə Qarabağda bu cür idarəetmə bütövlüyünün ilk dəfədir yaşandığına diqqət çəkən Z.Oruc bildirib: “Bu, konstitusion və suveren bütövlüyün göstəricisidir. Bayaq qeyd etdiyim kimi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yaradılması məcburi addım idi və onun üzərinə düşən işlərin miqyası kifayət qədər geniş idi. Başlanğıcda xarici donorlar bu prosesə dəstək verirdi, amma sonrakı illərdə, xüsusilə neft gəlirləri dövlət büdcəmizə daxil olandan sonra bu yardımlar dayandırıldı. Azərbaycan dövləti köçkünlərin ağrı və qayğılarını təkbaşına daşıdı”.

İdarəetmə sistemində varislik ənənələrini qorumağın, vaxtilə zərurətdən yaranmış dövlət qurumlarının, o cümlədən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətinə yüksək dəyər verməyin tərəfdarı olduğunu söyləyən Z.Oruc eyni zamanda qeyd edib ki, dövrün yeni çağırışları qarşısında prosesləri düzgün yönləndirmək, bunu özündə ehtiva edən siyasət qurmaq da vacibdir: “Diqqət edin. Ali Baş Komandanımız azad edilmiş torpaqları siyasi mərkəzə çevirir, Şuşada, Xankəndidə dövlət, hökumət rəhbərlərini qəbul edir, protokolu həmin bölgəyə daşıyır, bir sıra mühüm beynəlxalq tədbirlər Qarabağda keçirilir, oradan dünyaya mesajlar verilir... Bütün bunlar özlüyündə Qaçqınların və Köçkünlərin İşləri üzrə Komitənin də fəaliyyətində dəyişikliyə zərurət yarandığını düşünməyə əsas yaradır.
Bir vaxtlar, nə qədər ağır olsa da, biz köçkünlük dövrünün hüquqi çərçivəsini formalaşdırdıq. İndi isə qayıdış, məskunlaşma, azad edilmiş ərazilərdə mülkiyyət hüquqları, sosial imtiyazlar, vergi güzəştləri və digər məsələlər gündəmdədir. 2022-ci ildə 10 növ vergi üzrə azadolma tədbirləri həyata keçirildi. Hazırda bu istiqamətdə yeni hüquqi baza hazırlanır. 2021-ci ildə qəbul olunmuş Qayıdış Proqramı uğurla icra olunur. Təxminən 20 milyard manatlıq investisiya və on minlərlə insanın qayıdışı nəzərdə tutulur. 2027-ci ilə qədər doğma yurduna qayıdan insanların sayının 100 min nəfəri keçəcəyi gözlənilir. Bu proses isə yeni idarəetmə və təchizat modeli tələb edir. Belə olan şəraitdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini daha artıq dərəcədə Böyük Qayıdışa yönəltməyə ehtiyac yaranır.
Əgər əvvəllər, tutalım, Goranboydan, Lənkərandan, Şəkidən Bakıyadək məskunlaşma təmin edilməli idisə, indi əks proses gedir. İnsanlar ata-baba yurduna qayıdır, azad edilmiş torpaqlara kapital qoyulur, bu da öz növbəsində ölkə üzrə ÜDM-i artırır, əlavə iqtisadi dəyər yaradır. Bütün bunlar isə yeni strukturlaşma tələb edir”.
Z.Oruc onu da deyib ki, irəli sürdüyü – sadəcə təklifdir: “Biz yalnız təklif veririk, fikir və təşəbbüsləri ictimailəşdiririk. Hansısa dövlət komitəsinin adının dəyişdirilməsi, yaxud yeni qurumun yaradılması, onun komitə, yaxud nazirlik adlandırılması isə Ali Baş Komandanın səlahiyyətində olan məsələdir.
Bizim mövqeyimiz Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin fəaliyyətini, indiyədək gördüyü misilsiz işləri kölgədə qoymaqdan ibarət deyil, əksinə, onu daha da inkişaf etdirmək, qələbəmizə uyğunlaşdırmaq, qalib idarəçilik sistemi formalaşdırmaq niyyəti ilə bu təklifi irəli sürürük. Məqsədimiz yalnız və yalnız buna xidmət etməkdir”.

Böyük Qayıdış hələ ki, Qarabağ və Şərqi Zəngəzura qayıdışı nəzərdə tutur. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, tutalım, Böyük Qayıdış Komitəsinə çevrilsə, Ermənistandan qaçqın düşmüş soydaşlarımızın məsələsi necə olacaq, onların problemləri ilə məşğul olan ayrıca bir qurum yaratmaq lazım gələcəkmi?
Z.Oruc Medianews.az-ın sualını belə cavablandırıb:
“Zənnimcə, xeyr. Artıq Qərbi Azərbaycan İcması adlı qeyri-hökumət təşkilatı mövcuddur. Onun profili, qarşısında duran vəzifələr, cənab Prezidentin bu quruma həssas münasibəti, icmanın bina ilə təmin olunması, icmaya geniş ictimai dəstək göstərilməsi özü-özlüyündə o deməkdir ki, bu fəaliyyət elə bu uğurlu platforma çərçivəsində davam edə bilər.
Ümumiyyətlə cənab Prezidentin İkinci Qayıdış proqramı konsepsiyasını irəli sürməsi o anlama gəlir ki, əslində qayıdış dedikdə təkcə işğaldan azad olunmuş torpaqları deyil, bütövlükdə tarixi kökə, yurda, ənənələrə qayıdışı göz önünə gətirməliyik. Yəni qayıdış ideyası daha geniş miqyaslı milli ideologiyaya çevrilməlidir”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusunda hazırlanıb.
