Medianews.az
Dörd Prezidentlə işləmiş dövlət müşaviri -
87 baxış

Dörd Prezidentlə işləmiş dövlət müşaviri - FOTO

Tanınmış ictimai xadim, iqtisad elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar dövlət qulluqçusu Vahid Axundov 2025-ci il dekabrın 14-də 84 yaşında vəfat edib.

Modern.az-ın məlumatına görə, mərhum Vahid Axundov 4 iqtidarın Prezidenti ilə işləməklə müstəqil Azərbaycanın siyasi tarixinə uzun müddət eyni post tutmuş vəzifəli şəxslərdən biri kimi düşüb.

Vahid Axundov 1991-ci ilin oktyabrında Prezident Aparatına vəzifəyə gətirilmişdi. O,  4 prezidentlə - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy, Heydər Əliyev və İlham Əliyevləişlədi. 


İqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri əvvəlcə eks-prezident Ayaz Mütəllibovun komandasına daxil olub. 

O, Mütəllibovun komandasında 04.10.1991 - 31.10.1991-ci illərdə Prezident Aparatında dövlət başçısının müşaviri, 31.10.1991 - 06.05.1993-cü illərdə yenə “Ağ ev”də iqtisadi siyasət üzrə dövlət müşaviri postunu tutub.

Yeri gəlmişkən, 1992-ci ildə Mütəllibov hakimiyyətdən getmiş, prezidentliyə isə Əbülfəz Elçibəy gəlmişdi. Amma V.Axundov Prezidentin İcra Aparatındakı vəzifəsini qorumaqla Elçibəyin də komandasında yer ala bilmişdi.

Doğrudur, sonralar onu çox qısa müddətə (14.05.1993 - 23.11.1993) Nazirlər Kabinetinin İqtisadi siyasət və beynəlxalq əməkdaşlıq mərkəzinə direktor vəzifəsinə göndərdilər. Amma V.Axundovun Nazirlər Kabinetində qalması uzun zaman çəkmədi...

1993-cü ildə Heydər Əliyev hakimiyyətə gələndən az sonra (04.11.1993-cü ildə) onu yenidən Prezident Aparatına qaytardılar. Bu dəfə Heydər Əliyevin komandasına daxil olan Vahid Axundov yenə iqtisadi siyasət üzrə dövlət müşaviri postunda əyləşdi.

2003-cü ildə İlham Əliyevin Prezident seçilməsindən sonra da Vahid Axundov vəzifə kürsüsünü qoruya bildi. O, 2003-dən ta 2017-ci ilin iyun ayınadək Prezident Administrasiyasında iqtisadi siyasət məsələləri üzrə dövlət müşaviri postunu tutdu.

2017-ci ildə Prezident Adminstrasiyasında edilən struktur dəyişikliyi nəticəsində müşavirlik institutu ləğv olundu. Nəticədə İqtisadi siyasət məsələləri üzrə Dövlət müşaviri postu da ixtisara düşdü. Bununla da həmin vaxt 75 yaşı olan V.Axundov təqaüdə göndərildi.

Vahid Axundovun dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyəti və iqtisad elminin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, 1992-ci ildə “Əməkdar elm xadimi”, 2006-cı ildə “Əməkdar dövlət qulluqçusu” fəxri adlarına layiq görülüb, 2007-ci ildə “Şöhrət”, 2012-ci ildə “Şərəf” ordenləri ilə təltif edilib.

Bizə qoşulun