Medianews.az
Kanal rəhbəri və aparıcının narkotik testlərinin cavabı açıqlandı
168 baxış

Kanal rəhbəri və aparıcının narkotik testlərinin cavabı açıqlandı

Türkiyədə həyata keçirilən narkotik əməliyyatı çərçivəsində saxlanılaraq həbs edilən jurnalist Mehmet Akif Ersoyun narkotik testi pozitiv nəticə verib. Ersoy ifadəsində "heç vaxt narkotik istifadə etməmişəm" desə də, aparılan ekspertiza zamanı saç nümunələrində kokain və onun metabolitlərinə rast gəlinib.

Eyni əməliyyat çərçivəsində saxlanıldıqdan sonra sərbəst buraxılan və irəli sürülən ittihamları rədd edən aparıcı Ela Rumeysa Cebecinin də narkotik testlərinin pozitiv çıxdığı bildirilib. Məlumata görə, Cebecinin saç nümunələrində esrar, sintetik narkotik maddələr, kokain və onun metabolitləri aşkarlanıb. Qan nümunələrində isə narkotik maddəyə dair tapıntı qeydə alınmayıb.

Milli.Az xəbər verir ki, aparıcı Meltem Acetin narkotik testlərinin nəticələrinin mənfi olduğu açıqlanıb. Eyni istintaq çərçivəsində testləri aparılan daha beş nəfərin nəticələrinin isə pozitiv olduğu öyrənilib.

Hadisə ilə bağlı bildirilib ki, Ədli Tibb Qurumunda Mehmet Akif Ersoy və şübhəli şəxslərdən saç və qan nümunələri götürülüb. Test nəticələrinə əsasən, Ersoyun qanında narkotik maddəyə rast gəlinməsə də, saç analizlərində kokain və törəmələri müəyyən edilib.

İstanbul Respublika Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində Mehmet Akif Ersoy və daha üç nəfər İstanbul İl Jandarma Komandanlığının əməkdaşları tərəfindən saxlanılmışdı. Daha sonra Ersoy TMSF tərəfindən Habertürk TV-nin Baş Yayım Direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Mehmet Akif Ersoy barəsində məhkəmə tərəfindən "narkotik maddə istifadəsi üçün şərait yaratmaq", "ətrafındakı qadınları cinsi münasibətə cəlb edərək maddi və sektoral qazanc əldə etmək" və "cinayətkar qrup yaratmaq və idarə etmək" ittihamları ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, aparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da eyni istintaq çərçivəsində saxlanılmış, daha sonra Ədli Tibb Qurumuna göndərilmişdilər.

Bizə qoşulun