Medianews.az
Bizim xəbərlərdə gördüyümüzü onlar hər gün yaşayırlar... -
87 baxış

Bizim xəbərlərdə gördüyümüzü onlar hər gün yaşayırlar... - Videomüsahibə

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları – yanğınsöndürənlər və xilasedicilər çoxumuzun yalnız xəbərlərdə eşitdiyi, oxuduğu hadisələrin ön xəttində dayanırlar. Onların işi həm fiziki güc, həm də ciddi psixoloji hazırlıq tələb edir. 

Artıq 20 ildir ki, 16 dekabrda FHN əməkdaşları öz peşə bayramlarını qeyd edirlər. Bu tarix hər gün həyatlarını riskə atan qəhrəmanların görünməyən zəhmətinin, fədakarlığının və peşəkarlığının simvoludur. “Qafqazinfo” olaraq biz də həmin peşə sahiblərinin işini öz dillərindən eşitmək üçün onların yanına yollandıq. Həmsöhbət olduğumuz zaman bir daha aydın oldu ki, bu iş yalnız bir peşə deyil, həm də vicdan, məsuliyyət və insanlıq deməkdir.

Yanğınsöndürən Xəzər Vəlili və xilasedici İntiqam Həsənovla söhbətləşdikcə qəhrəmanlarımızın gündəlik mübarizəsi, yaşadıqları çətinliklər və həyat dərsləri gözümüzün önündə canlanır. 

Əslən Naxçıvandan olan 35 yaşlı Xəzər Vəlili həyatının 13 ilini yanğınla mübarizəyə həsr edib. 2013-cü ildən Yanğından Mühafizə Xidmətində çalışır. Hazırda manqa komandiri vəzifəsindədir. 

İki övlad atası olan yanğınsöndürən deyir ki, bu sahəyə həvəsi uşaqlıqdan yaranıb: “Filmlərdə gördüyüm səhnələr diqqətimi çəkirdi. Tale elə gətirdi ki, mən arzuladığım peşədə çalışmağa başladım”.

Yanğınsöndürənlərin işi çox vaxt filmlərdəki qəhrəmanlıq kimi görünür. Xəzər Vəlili isə bunun arxasında görünməyən ağır və məsuliyyətli bir prosesin dayandığını deyir: “Fiziki güc vacibdir, amma əsas qorxmaz və soyuqqanlı olmaqdır”.

Hadisə yerində keçirdikləri hisslər isə bəzən vahiməli, bəzən sevindiricidir: “Biz də həyəcan keçiririk. Bu, öz canımıza görə yox, ailəmizə görə olur. Amma nə olursa olsun, öncəliyimiz xilas gözləyən insanlar və digər canlılardır. Bu, sadəcə bizim vəzifəmiz deyil, eyni zamanda vicdanımızdan irəli gələn bir haldır. Çalışdığım 13 il ərzində qarşılaşdığım çox ağır yanğın hadisələri olub. Məhz insan faktoru olan yanğınlar daha çox təsir edir. Təbii olaraq xidmət etməyə başladığım ilk illərdə keçirdiyim hisslərlə indi keçirdiyim hisslər eyni deyil. İnsan zamanla soyuqqanlı olur”.

Yanğından Mühafizə Xidməti üç növbə ilə fəaliyyət göstərir. Səhər saat 9-da növbə dəyişir, texniki ləvazimatlar yoxlanılır, mübarizəyə hazır vəziyyətə gətirilir. Gün ərzində təlimlər keçirilir və hər an çağırış ola bilmə ehtimalı nəzərə alınır. Lakin işi çətinləşdirən əsas səbəblərdən biri vətəndaşların davranışlarıdır: “Hadisə yerində bəzən sakinlərin elə davranışları olur ki... Onlar düşünür ki, bizə kömək edirlər, lakin əksinə, bizim işimizə mane olurlar. Çalışırlar yanğını ilk olaraq özləri söndürsünlər. Amma bu üsulla vəziyyəti daha da korlayırlar, yanğın daha çox yerə yayılır. Yaxud da ilk olaraq telefonu alıb çəkməyə başlayırlar. Əmlakı yanan vətəndaşı başa düşmək olur, həyəcanlı olduqları üçün çalışırlar yanğının qarşısını alsınlar. Bütün bunları etməzdən öncə yaxşı olar ki, ilk bizə müraciət etsinlər. Bundan sonra təhlükəsiz əraziyə keçsinlər. Ən çox rastlaşdığımız çətinliklərdən biri də hündürmərtəbəli binaların həyətində düzgün park edilməyən avtomobillərdir. Yaxşı olar ki, sakinlər bunu da nəzərə alsınlar. Maşınlar yolu bağlayır, bu isə hadisə yerinə çatmağımıza mane olur”.

Onların üzləşdiyi başqa çətinlik isə daxil olan yanlış məlumatlardır: “Təbii olaraq biz bu məlumatın yanlış olduğunu bilmədiyimiz üçün hadisənin baş verdiyi məkana getmişik və heç bir yanğın hadisəsi olmadığını gördüyümüz üçün geri qayıtmışıq. Bəzən də vətəndaşlar ünvanı yanlış deyirlər. Bu da bizim hadisə yerinə gecikməyimizə səbəb olur. Bu isə insanlarda yanlış fikir formalaşdırır ki, “yanğınsöndürənlər hadisə yerinə gec gəldilər”. Buna görə xahiş edirik ki, dəqiq və düzgün məlumatları ötürsünlər”.

Güclü yanğınlarda alovla üz-üzə qalan təkcə yanğınsöndürənlər yox, həm də xilasedicilərdir. Üç övlad böyüdən 45 yaşlı İntiqam Həsənov 16 ildir xilas işi ilə məşğuldur. 

İdmançı olduğuna görə özünü peşənin tələblərinə uyğun hesab edib, iş üçün müraciət ünvanlayıb. Onun sözlərinə görə, işi fiziki güclə yanaşı, psixoloji davamlılıq tələb edir: “Uşaq vaxtlarımdan idmanla məşğul olurdum. Xilasedici olmazdan öncə bir çox işlərdə çalışmışdım. Sonra öyrəndim ki, xilasedici olmaq üçün fiziki hazırlığın yüksək olması tələb olunur və özümü buna uyğun gördüm. İdmançı idim və eyni zamanda insan həyatını xilas etmək qürurverici hal idi. Çalışdığım 16 il ərzində saysız-hesabsız xilasedici işlərim olub. Bəzən yorucu, bəzən ağır mənzərələrlə qarşılaşmaq heç də asan olmur. Bunun üçün eyni zamanda insanın psixoloji hazırlığı da olmalıdır. Buna görə biz bir çox təlimlərdə iştirak edirik. Günə başlayarkən bilmirik ki, bizi nə gözləyir, hansı hadisə ilə qarşılaşacağıq. Lakin qarşılaşacağımız bütün hallara hazırlıqlı oluruq. İnsan fiziki olaraq hazırlıqlı olub, psixoloji olaraq hazırlıqsız olarsa, bu işdə işləyə bilməz”.

Müsahibimiz deyir ki, ən çox qarşılaşdıqları hallar qəza və intihara cəhd hadisələridir: “Son zamanlar isə yanğın hadisələri olduqca çoxdur. Orada insan faktoru olduğu üçün mütləq şəkildə biz də iştirak edirik”.

İ.Həsənov 2011-ci ildə Türkiyənin Van şəhərində baş verən zəlzələdə də xilasedici kimi iştirak edib: “Orada çox hadisələrlə qarşılaşdıq. Ən təsirlisi isə balaca bir uşağı xilas etmək olmuşdu. Düz 109 saat sonra onu dağıntılar altından çıxara bilmişdik”.

Xilasedicilərin rolu intihara cəhdlə bağlı hadisələrdə xüsusilə önəmlidir, onların söhbəti çox vaxt insanları yanlış addımdan çəkindirir: “İşimiz həm maraqlıdır, həm də çətin. Adətən intihara cəhd hadisələrində qarşılaşdığımız məqamlar çox təsirli olur. Yaxınlarının belə fikrindən daşındıra bilmədiyi həmin insanlarla apardığımız söhbətlər öz nəticəsini göstərib. O insanlar geri addım atıblar. Bu, işimizin ən dəyərli tərəfidir”.

Yanğınsöndürənlərin və xilasedicilərin işi çox vaxt saniyələrlə ölçülür. Hər çağırış onların həm peşəkarlıq, həm də insani cəhətdən sınağına çevrilir. Öz həyatlarını riskə ataraq başqalarına necə dəyərlər, həyat olurlar...

Biz də həm öz, həm də oxucularımızın adından isti-soyuq, qar-yağış bilmədən dağ başında, binaların eyvanında, hətta evlərin quyusunda belə xilasetmə işləri aparan FHN əməkdaşlarını təbrik edir, üzü-gözü his olsa da, sağ adam görərkən gözləri parıldayan hər bir yanğınsöndürənə təşəkkür edirik!


Bizə qoşulun