Medianews.az
Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə aparılıb
1,632 baxış

Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə aparılıb

2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov Türkiyə xüsusi xidmət orqanları tərəfindən “zərərsizləşdirilib” və dindirilib.

Bunu diplomatik mənbələrə istinadən Böyük Britaniyanın “Middle East Eye” saytının  Ankara bürosunun müxbiri Ragıp Soylu yazıb.

Məlumata görə, 44 günlük müharibə zamanı Ankara Azərbaycanı təkcə dronlar, elektron döyüş sistemləri, kəşfiyyat vasitələri ilə təmin etməyib. Türkiyə rəsmiləri də Azərbaycan ordusunun sıralarında Rusiyapərəst ünsürlərin müəyyən edilməsində iştirak ediblər.

"Bu "ünsürlərdən" biri Rusiyayönlü, Rusiyaya simpatiyada şübhəli bilinən Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nəcməddin Sadıqov idi. Vəziyyətdən xəbəri olan mənbə “Middle East Eye” nəşrinə bildirib ki, Türkiyə hakimiyyəti 2020-ci il müharibəsi zamanı onun deportasiyasını təşkil edib. Nəcməddin Sadıqov dindirilmək üçün Türkiyəyə gətirilib və yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib".

Ragıp Soylu əvvəllər Türkiyə KİV-lərinin – ingilis dilində çıxan “Daily Sabah” qəzetinin və ATV kanalının Vaşinqton və London bürolarında müxbir kimi çalışıb. O həmçinin CNN, “Foreign Policy” və digər KİV-lər üçün yazılar hazırlayıb.

Medianews.az bildirir ki, Nəcməddin Sadıqov 1956-cı ildə Rusiyanın Dağıstan bölgəsinin Dərbənd şəhərində doğulub. Bakıda Ali Ümumqoşun Komandirlər Məktəbini, Moskvada Hərbi Akademiyanı bitirib. 1979-cu ildən SSRİ Silahlı Qüvvələri tərkibində vzvod, rota, batalyon komandiri və polk komandirinin müavini vəzifələrində xidmət edib. 1992-ci ildən Azərbaycan Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, cəbhə komandanının birinci müavini-Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrini tutub. 1993-cü il noyabrın 2-dən Silahlı Qüvvələrin Baş Qərargah rəisi-müdafiə nazirinin birinci müavini olub.

2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusu Qarabağ bölgəsində hərbi əməliyyatlara başlayandan bir müddət sonra Nəcməddin Sadıqovun adı Müdafiə Nazirliyinin rəsmi saytının “Rəhbərlik” bölməsindən çıxarılıb. Ancaq onun vəzifədən götürülməsi barədə hər hansı qərar açıqlanmayıb. 2021-ci il yanvarın 28-də Müdafiə Nazirliyindən media quruluşlarının birinə verilən rəsmi açıqlamada Nəcməddin Sadıqovun hərbi xidmətdə olmadığı bəyan edilib. 2021-ci il iyulun 23-də isə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə yeni təyinat olub.

Medianews.az

Bizə qoşulun