“Meta”nın daxili sənədləri şirkətin Çin mənşəli fırıldaqçı reklamlardan hər il milyardlarla dollar qazandığını üzə çıxarıb.
Medianews.az xəbər verir ki, məlumata görə, “Meta” istifadəçi təhlükəsizliyindən çox reklam gəlirlərini qorumağa üstünlük verib.
Sənədlərə əsasən, 2024-cü ildə Çinli reklamverənlərdən əldə olunan təxminən 18 milyard dollarlıq gəlirin 3 milyard dollardan çoxu fırıldaqçılıq, qanunsuz qumar, pornoqrafiya və platforma qaydalarına zidd reklamlardan formalaşıb. Çin “Meta” platformalarında rəsmi olaraq qadağan olunsa da, Çin şirkətlərinin xarici istifadəçilərə reklam verməsinə icazə verilməsi bu gəlirləri artırıb.
“Reuters”un araşdırmasına görə, Çin “Meta” platformalarında fırıldaqçı reklamların ən böyük mənbəyidir. Bu cür elanlar qlobal miqyasda ümumi həcmin təxminən dörddə birini təşkil edir. Qurbanlar arasında Tayvanda saxta tibbi məhsullar alanlar, ABŞ və Kanadada investisiya fırıldaqları ilə pulunu itirənlər var.
“Meta” 2024-cü ilin əvvəlində Çin mənşəli fırıldaqçılığa qarşı xüsusi komanda yaratsa da, sonradan bu fəaliyyətlər dayandırılıb və məhdudiyyətlər aradan qaldırılıb. Nəticədə, 2025-ci ilin ortalarına doğru qadağan olunmuş reklamların payı yenidən artaraq 16 faizə çatıb.
ABŞ hüquq-mühafizə orqanları isə 2025-ci ilin martında Çin mərkəzli investisiya fırıldaqları ilə bağlı 214 milyon dollarlıq aktivin müsadirə edildiyini açıqlayıb. “Meta” rəhbərliyi isə fırıldaqçılıqla qlobal səviyyədə mübarizənin davam etdiyini bildirir.
Medianews.az