Medianews.az
Kamran Əsədova hansı cəza düşür? –
341 baxış

Kamran Əsədova hansı cəza düşür? – EKSKLÜZİV

Medianews.az saytı təhsil eksperti Kamran Əsədovun Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham olunduğu haqda məlumat əldə edib.

Bəlli olduğu kimi, Kamran Əsədova və daha bir neçə şəxsə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda abituriyentlərə qanunsuz olaraq xüsusi texniki vasitələrlə kömək etdiyi üçün cinayət işi açılıb.

İbtidai istintaq artıq yekunlaşıb və iş məhkəməyə verilib.

Məhkəmə istintaqı dekabrın 19-da Gəncə Şəhər Məhkəməsində başlanacaq.

Medianews.az-ın məlumatına görə, iş Gəncə Şəhər Məhkəməsinin hakimi Elçin Məmmədovun icraatındadır.

Sayt bildirir ki, Kamran Əsədov Cinayət Məcəlləsinin 32.5, 302.3 və 308.1-ci maddələri ilə təqsirləndirilir.

32-ci maddə cinayətdə iştirakçılığın növləri haqqındadır. Yəni bu maddə əsasında ittiham tərəfi Kamran Əsədovun cinayətdə iştirakçılığının növünü müəyyənləşdirib. Cinayət Məcəlləsinə görə, iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Kamran Əsədovun iştirakçılığı 32-ci maddənin 5-ci bəndi, yəni 32.5-ci maddə ilə götürülüb.

32.5-ci maddədə deyilir: Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş  əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır.

302-ci maddə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma haqqındadır. Bu maddənin 3-cü bəndinə, yəni Kamran Əsədovun ittiham olunduğu 302.3-cü maddəyə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

308-ci maddə vəzifə səlahiyyətlərindən sui-istifadə haqqındadır. Bu maddənin 1-ci bəndinə, yəni Kamran Əsədovun ittiham olunduğu 308.1-ci maddəyə əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda 2 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Medianews.az

Bizə qoşulun