Medianews.az
Təhsilin görünməyən böhranı:
180 baxış

Təhsilin görünməyən böhranı: müəllim nüfuzu niyə gözdən salınır?

Son illərdə müəllim obrazının cəmiyyətdəki nüfuzunun getdikcə zəiflədiyi müşahidə olunur. Müəllimlərin maaşının az olması onların sosial statusuna mənfi təsir göstərir. Eyni zamanda mediada müəllimlərlə bağlı yayılan neqativ xəbərlər bu peşəyə olan hörməti daha da azaldır. Halbuki əvvəllər müəllim obrazı müqəddəs və toxunulmaz hesab olunurdu. Müəllim nüfuzunun bərpa olunması üçün hansı addımlar atılmalıdır?

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Medianews.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə bir neçə dəfə müraciətlər olunub və işlənib. Hətta bir neçə dəfə ictimai müzakirələrdə, diskusiyalarda belə bir fikir irəli sürülüb ki, son dövrlərdə müəllim nüfuzunun azaldığı müşahidə olunur.

“Ancaq mən bu fikirlə qətiyyən razı deyiləm. Təbii ki, müəllim obrazı əvvəlki kimi ola da bilməz. Çünki 90-cı illər, 2000-lərin əvvəllərində müəllim tamam başqa bir persona idi. O zaman təhsilin özündəki münasibət, təhsil prosesinə baxış tamam fərqli idi və bu da müəllimə olan yanaşmanı müəyyənləşdirirdi. Müasir dövrdə texnologiya inkişaf edib, dünya mobilləşib. Bu səbəbdən müəllimlik və məktəb anlayışı da dəyişib. Müəllim artıq yalnız öyrədən deyil, həm də şagirdin formalaşmasında sosial bir vasitəyə çevrilib. Dünya miqyasında müəllim sadəcə peşə sahibi kimi dəyərləndirilir. Necə ki həkim və mühəndis bir peşə sahibidir, müəllim də bir peşə daşıyıcısıdır. Amma bizim reallığımızda müəllimlik təkcə peşə deyildi. Məsələn, kənddə bir müəllim həm tədris aparan şəxs, ziyalılıq atributu, həm də yol göstərən, örnək olan bir ziyalı. Bu status başqa peşələrə nəsib olmamışdı”.

Ekspert qeyd etdi ki, indi isə bu "iki qatlı" dəyər tədricən "bir qata" endirilib:

“Amma bu, müəllimlik nüfuzunun azaldığı demək deyil. Müəllimlik onsuz da özlüyündə ali və vacib bir peşədir. Təhsil dediyimiz sistem 6 yaşlı bir uşağı 17 yaşına qədər şəxsiyyətə çevirən bir mexanizmdir. Və bu mexanizmin aparıcı qüvvəsi müəllimdir. Sadəcə, bu yanaşmanı yenidən anlamaq lazımdır. Müəllim – universitetə uşaq hazırlayan repetitor deyil. Tarix müəllimi yalnız tarixi öyrədən şəxs deyil, o, həm də fənnin proqramında olan altməzmun xəttlərindən istifadə edərək şəxsiyyəti formalaşdıran bir simadır. Əgər müəllimlərimiz bu mahiyyəti dərk edərək öz peşələrinə bu şəkildə yanaşsalar, müəllimlik nüfuzu nəinki azalmayacaq, əksinə daha da yüksələcək”.

Oğuz Ayvaz,

Medianews.az

Bizə qoşulun