Medianews.az
“Hökumət ucuzlaşmaya dözə bilmədi” -
554 baxış

“Hökumət ucuzlaşmaya dözə bilmədi” - Azərbaycanda taksilər niyə bahalaşdı?

“Azərbaycan Avropada taksi qiymətlərinə görə ən ucuz ölkələrdən biri idi. Taksi xidməti yeganə sahə idi ki, son 10 ildə qiymətlər xeyli ucuzlaşmışdı (son bir ilə qədər). Devalvasiyalardan öncə daha baha olan taksidə gediş haqqı 2015-dən, manat dəyərdən düşəndən sonra, əksinə, daha da ucuzlaşmışdı”. Medianews.az xəbər verir ki, bu fikirləri sosial media hesabında siyasətçi, iqtisadçı Natiq Cəfərli yazıb.

O, bildirib: “Hökumət, təbii ki, belə şəraitə dözə bilməzdi, necə yəni rəqabət, ucuzlaşma var – olmaz axı, rəqabət də olmaz, ucuz xidmət də. Ona görə də “qlobalist trendlərə” tam sadiq hökumətimiz bu sahəyə aşırı tənzimləmə qaydaları gətirərək taksi xidmətini bahalaşdırmağa başladı. Keyfiyyət dəyişməsə də, qiymətlər artdı, mediada hələ bunu “tixaclarla mübarizə” kimi təqdim edənlər də var idi – hanı, tıxaclar azaldımı?! Təbii ki, yox, amma qiymətlər artdı, rəqabət zəiflədi, əsas məqsəd də bu idi. Çünki taksi sahəsində rəqabət, rəqabət sahəsində ucuzluq görən vətəndaş, birdən çaşıb başqa sahələrdə də rəqabət istəyər, hökumətdən bunu gözləyə bilərdi – olmaz axı, vətəndaş niyə rəqabət haqqında düşünməlidir?!

İndi də xəbər yayılıb ki, Bakının beynəlxalq hava limanından şəhərə taksi xidməti tam inhisara alınır, ora getmək olar, amma şəhərə gəlmək üçün ancaq xüsusi taksilərdən, özü də daha baha qiymətə istifadə etmək lazım gələcək - əladır da, məmurlarımız bu yolla yəqin ki, turizmi inkişaf etdirirlər...”

N.Cəfərlinin fikrincə, bütün digər inhisarçılıqlar kimi, bu addım da çox bəsit "məntiqdən" doğub: “Hansısa məmur, hansısa ingilisdilli qaqulik balası düşünüb ki, niyə taksi xidməti azad, rəqabətli olmalıdır ki?! Öz-özünə deyib ki, gəl elə hava limanından şəhərə gəlişi alım inhisara, ancaq mənə hər gedişdən pay verən sürücülər işləsinlər, oturduğum yerdə günə 5-10 min manat qazanım...”

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun