Medianews.az
Gələn ilin xərcləri -
1,033 baxış

Gələn ilin xərcləri - Bölgü necə aparılıb?

2026-cı ilin dövlət büdcəsi layihəsində 38 milyard 609 milyon manat gəlir, 41 milyard 703,6 milyon manat xərc nəzərdə tutulub.

Xərc istiqamətləri belə sıralanıb:

müdafiə və milli təhlükəsizlik – 8,7 milyard manat;

iqtisadi fəaliyyət – 7,8 milyard manat;

ümumi dövlət xidmətləri – 5,5 milyard manat;

təhsil – 5 milyard 15,8 milyon manat;

sosial müdafiə və sosial təminat – 4,8 milyard manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 3,3 milyard manat;

səhiyyə – 2 milyard 24,3 milyon manat;

kənd təsərrüfatı – 1,2 milyard manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 631,6 milyon manat;

ətraf mühitin mühafizəsi – 420,1 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 334,4 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 1,7 milyard manat.

2026-cı ilin dövlət büdcəsinin xərc istiqamətləri hazırkı sosial duruma nə dərəcədə uyğundur? Layihədə xərc bölgüsü düz aparılıbmı?

Mövzu ilə bağlı Medianews.az-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, əslində 2026-cı ilin büdcə layihəsindəki sosial xərclərin strukturu 2025-ci ilin dövlət büdcəsindəki sosial xərclər strukturundan ciddi fərqlənmir: “Yəni struktur olaraq eynidir. Xərc hissəsində müəyyən artımlar var, bu da yəqin ki, gələn ilin yanvarında sosial müavinətlərin indeksləşdirilməsi üçündür.

Orta aylıq əmək haqqının artacağını gözləmirəm. Amma təqaüdlərin baza hissəsində artım ola bilər. Çox güman ki, bununla əlaqəli sosial xərclərdə də müəyyən artım olacaq. Amma bir daha qeyd edirəm ki, struktur olaraq son bir neçə ilin büdcəsi faktiki eynidir. 2026-cı ilin büdcəsi də bu baxımdan fərqlənmir. Struktur cəhətdən sosial xərclər istiqaməti dəyişməyib. Bu da ondan irəli gəlir ki, hələ də sosial sahədə ciddi islahat yoxdur. Dəfələrlə müzakirələrdə deyilib ki, özəl təqaüd fondları yaradılacaq, fərqli yanaşmalar olacaq, sosial siyasətdə müəyyən  düzəlişlər ediləcək. Amma bütün bunlar müzakirə olaraq qalır. Həyata keçirilən ciddi bir layihə görmürük. Ona görə də gələn ilin dövlət büdcəsinin sosial xərcləri bu ilin xərcləri ilə demək olar ki, eynidir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun