Medianews.az
Cərimə yox, sevgi lazımdır -
127 baxış

Cərimə yox, sevgi lazımdır - MÜSAHİBƏ

Prezident İlham Əliyev noyabrın 3-də Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edərkən Azərbaycan dilinin saflığının qorunması məsələsindən də söz açdı, bəzi narahatlıqlarını ifadə etdi. Dövlət başçısı bildirdi ki, o, 10 il əvvəl də Milli Elmlər Akademiyasının kürsüsündən Azərbaycan dilinin qorunması məsələsini qaldırmışdı. Ötən müddət ərzində bu istiqamətdə bir sıra addımların atıldığına diqqət çəkən Prezident onu da qeyd etdi ki, hazırkı vəziyyət tam qənaətbəxş sayıla bilməz. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dilinin ana dili olduğunu xatırladan dövlət başçısı eyni zamanda vurğuladı ki, təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti: “Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.

Prezident İlham Əliyev çıxışında daha sonra qeyd etdi ki, Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır: “Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.

Dövlət başçısının 2025-ci il iyulun 31-də imzaladığı “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə əlavələr edilməsi haqda fərmana əsasən, Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək vəzifəsi Mədəniyyət Nazirliyinə həvalə olunub.

Məsələ ilə bağlı Medianews.az saytı Prezident təqaüdçüsü, Əməkdar jurnalist, professor Qulu Məhərrəmlidən müsahibə götürüb.

- Qulu müəllim, öncə Azərbaycan dili ilə bağlı normativ hüquqi aktların ümumi mənzərəsinə nəzər yetirək. Dövlət-hökumət səviyyəsində lazımi qədər qərarların, sənədlərin qəbul olunduğunu deyə bilərikmi?

- Müstəqillik illərində Azərbaycan dilinə, onun inkişafına, statusunun möhkəmlənməsinə, dilin doğru-düzgün işlənməsinə dair təxminən 20-dən çox rəsmi dövlət sənədi qəbul olunub. “Dövlət dili haqqında” qanun qüvvədədir. Həmin qanun dilin işlənməsi ilə bağlı bir çox məsələni tənzimləyir. Bundan başqa qloballaşma şəraitində dilin işlənməsi, müasir şəraitdə dilin inkişaf etdirilməsi ilə bağlı dövlət proqramı və digər mühüm sənədlər mövcuddur. Bu konteksdə ölkə Prezidentinin Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxışı, dilin inkişaf etdirilməsi, çağdaş vəziyyətinin daha da yaxşılaşdırılması üçün irəli sürdüyü təkliflər, qaldırdığı məsələlər, hesab edirəm ki, həddindən artıq aktualdır, mövcud şəraitdə birbaşa Azərbaycan dilinin saflaşdırılmasına, möhkəmləndirilməsinə, mühafizə olunmasına xidmət edir.

- Bəs bu qədər qayğı, şərait, dilin inkişafına dəstək olduğu halda ana dilimizin işlənməsi sahəsindəki problemlərin səbəbi nədir?

- Düşünürəm ki, bu, birinci növbədə vətəndaşlarımızın dil bilgisi ilə, dilə olan münasibəti ilə bağlıdır. Azərbaycan dili faktiki olaraq həyatımızın, elmin, texnologiyanın ən müxtəlif sahələrində uğurla işlənir, tətbiq olunur. Bu sahədə elmi əsərlər yazılır, kitablar buraxılır, onlayn resurslar, portallar yaradılır. Bunların hamısı dilin tətbiqi və inkişafı ilə bağlı perspektivlərə çox ümidlə baxmağa əsas verir. Amma dil normalarının pozulması, bəzən dilin danışıq səviyyəsindən məişət səviyyəsinə endirilməsi, onun statusuna hörmət olunmaması kimi problemlər də var. Cənab Prezident də bunları çıxışında çox açıq şəkildə göstərdi. Dövlət başçısının çıxışından irəli gələn vəzifələrdən önəmlisi dil qaydalarını yaxşı bilmək, dilin normalarına əməl etmək, dilin saflığını qorumaq, yerli-yersiz alınma sözlərdən istifadə etməməkdir.

- Dil normalarına əməl olunmasına nəzarət mexanizmini gücləndirmək üçün yeni qurumların yaradılmasına ehtiyac varmı?

- Tənzimlənmə məqsədilə yeni qurumların yaradılması bəzən gözlənilən effekti vermir. Yeni tənzimləmə orqanlarının özü prosesin gedişində hərdən ciddi problemə çevrilir. Dilin mükəmməl şəkildə işlənməsi üçün əlavə quruma ehtiyac yoxdur. Hər kəs bu dildə danışır, hər kəs normalara uyğun danışmalı, yazmalıdır. Hər kəs dilin saflığının keşiyində dayanmalıdır. Hamı bu dilin təəssübünü çəkməlidir. Belə olmasa, əlbəttə ki, dilimizdə xoşagəlməz tendensiyalar dərinləşə bilər. Dil milli ruhun ifadəsidir. Millətin varlığının ifadə formasıdır. Ona görə də biz – dil daşıyıcıları dilimizin saflığının, sağlamlığının, inkişafının keşiyində dayanmalıyıq.

- Dil normalarına əməl olunmamasına görə məsuliyyət növlərinin ciddiləşdirilməsi, cəzaların, sanksiyaların tətbiqi məsələsinə necə baxırsınız?

- Yenə bayaq toxunduğum məsələyə qayıtmaq istəyirəm. Dilə cərimədən, inzibati qaydalardan çox sevgi lazımdır. Şüurlu yanaşma lazımdır ki, bu dil bizim milli kimliyimizin əsas göstəricilərindən biridir və ona sevgi ilə, hörmətlə yanaşmaq gərəkdir. İstər televiziya verilişlərində, mətbuatda, istər digər auditoriyalarda, çıxışlarda, sosial şəbəkədə adicə bir rəy yazanda da, hətta məişət səviyyəsində də biz dilin qaydalarına sayğı ilə yanaşmalıyıq. Belə olmasa, çox ciddi hərc-mərclik yarana, ciddi problemlər ortaya çıxa bilər. Bütün bunlar isə öz növbəsində dil qaydalarının etibarsızlaşmasına gətirib çıxara bilər.

Kitablar, qəzet-jurnallar, telekanallar, saytlar, onlayn platformalar – bunlar hamsı dilin inkişafı üçün müəyyən bir istiqamət yaradır. Belə məqamda önəmli olan dilə inzibati yanaşma deyil. Şüurlu, düşünülmüş, milli mövqedən, milli platformadan çıxış edərək yanaşmaq çox vacibdir. Cərimə tətbiq oluna bilər, amma o cərimə köklü surətdə nəyisə həll etməyəcək. Dili dərindən öyrənmək, dilin tədrisini yaxşılaşdırmaq, televiziyada, radioda ana dili ilə bağlı verilişləri, proqramları çoxaltmaq gərəkdir ki, xüsusilə gənclərə dilin normaları haqqında, dili təmiz saxlamağın, saflaşdırmağın, qorumağın, onu yad ünsürlərdən təmizləməyin yolları haqqında izahlar verə bilək. Bu işdə onlara müəyyən dərəcədə kömək edə bilək. Hesab edirəm ki, bu məsələdə tədrisin üzərinə, orta, ali məktəblərin üzərinə, televiziyanın, radionun, bu sahədə tənzimləyici rol oynayan institutların üzərinə böyük vəzifələr düşür. Məsələn, Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda monitorinq mərkəzi var. Bu, çox gözəldir.

İndi Mədəniyyət Nazirliyinin vəzifələri sırasına Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi və tətbiqi sahəsində yeni istiqamətlər əlavə edilib. Ümid edirəm ki, nazirlik bu sahədə effektli işlər görə biləcək. Bütün bunlarla yanaşı hər bir vətəndaş, hər bir azərbaycanlı, yəni Azərbaycan dilinin hər bir daşıyıcısı dilimizin saflığının qayğısına qalmalıdır. Dilə sevgi ruhdan, içdən, şüurdan, ağıldan qaynaqlanmalıdır. Ana dili, onun saflığını qorumaq, onu daha da inkişaf etdirmək bizim mənəvi borcumuzdur.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun