Medianews.az
Azərbaycanda minlərlə dustaq vaxtından qabaq azadlığa çıxır – Risk varmı? –
132 baxış

Azərbaycanda minlərlə dustaq vaxtından qabaq azadlığa çıxır – Risk varmı? – Ekspert rəyləri  

Prezident İlham Əliyev “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Bu amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Şübhəsiz ki, amnistiya dövlətin humanist bir aktıdır. Lakin fərdi xarakter daşıyan əfvdən fərqli olaraq amnistiya kütləvi xarakter daşıyır, konkret adlara görə yox, cinayətin növünə, cəzanın müddətinə, sosial statusa görə müəyyən olunur.

İstər-istəməz ortaya sual da çıxır: minlərlə məhkumun cəzası bitməmiş azadlığa çıxması, minlərlə insanın cinayət məsuliyyətindən azad edilməsi ölkədə kriminogen duruma necə təsir göstərəcək? Bu cür humanist aktlar insanlarda islah olunma hissini daha da stimullaşdırır, yoxsa təkrar cinayətlərə də sövq edə bilər? Azərbaycanda müstəqillik dövründə 10 dəfəd’n çox amnistiya verilib. Keçmiş təcrübə nəyi göstərir? Keçmiş amnistiyalar kriminogen duruma daha çox müsbət, yoxsa mənfi təsir edib?

Mövzu ilə bağlı Medianews.az-ın suallarını cavablandıran sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev öncə xatırladıb ki, indiyədək bir neçə dəfə ölkəmizdə geniş amnistiya tətbiq olunub: “Bununla yanaşı, cəzanın humanistləşdirilməsi, cinayət törədənlərin islahı, cəmiyyətə yenidən inteqrasiya olunması istiqamətində Prezidentimizin təşəbbüsü ilə hüquqi müstəvidə bir sıra institusional islahatlar həyata keçirilir. Elə Probasiya Xidmətinin yaradılması da buna bir misaldır. Bu il gözlənilən amnistiya çox geniş olacaq. Söhbət 20 mindən çox şəxsin bağışlanmasından gedir. Onların 5 min nəfərindən çoxu azadlıqdan məhrum etmə cəzasına məhkum edilənlərdir. Yəni 5 mindən çox dustaq azadlığa çıxacaq. Bizi daha çox bu düşündürməlidir. Onların yenidən cəmiyyətə inteqrasiya olunması, sosial adaptasiyası, əmək bazarında özlərinə yer tapması üzərində düşünməliyik. Bununla bağlı yəqin ki, penitensiar müəssisələrdə iş aparılır, onların psixoloji cəhətdən reabilitasiyası ilə bağlı tədbirlər həyata keçirilir”.

Sosioloq qeyd edib ki, məhbusların azadlığa çıxandan sonra həm ailələrində, yaxın çevrələrində, həm də bütövlükdə cəmiyyətdə stiqmatiq yanaşmaya məruz qalmaması, yəni damğalanmaması üçün ciddi metodlar tətbiq edilməlidir: “Məsələn, onların əmək bazarına inteqrasiya oluna bilmələri üçün azadlığa çıxmazdan öncə penitensiar müəssisələrdə əmək yarmarkaları təşkil olunmalıdır ki, vaxtında özlərinə iş tapsınlar, azad olunan kimi həmin işdə çalışmağa başlasınlar. Bu, onların ailələrinə, cəmiyyətə adaptasiya, inteqrasiya olunmasına ciddi töhfə verə bilər. Həmçinin onların yenidən cinayət törətmələrinin qarşısı alınar. Ümumən çox əsaslı, kefiyyətli islah işləri aparılmalıdır ki, məhbuslar cəmiyyətə dönəndə mənəvi-psixoloji, sosial travmalar yaşamasınlar. Bunun üçün həm cəmiyyət, həm məhbus ailələri, həm də penitensiar müəssisələrdə korporativ sosial məsuliyyət çərçivəsində birgə iş olmalıdır.

Məhkumların tərcümeyi-halına nəzər salanda oğurluq, soyğunçuluq, dələduzluq, quldurluq, xuliqanlıq, eyni zamandan narkotik vasitələrin satışı, alışı kimi cinayət əməllərinin xeyli yer tutduğunu görürük. Bu cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərin bağışlanandan sonra təkrar cinayət törətməməsi üçün ilk növbədə onları düzgün islah etməyi bacarmalıyıq. Penitensiar müəssisələrdə onların peşə bacarıqları inkişaf etdirilməlidir. Bu, çox ciddi məsələdir. Dediyim istiqamətdə işlər aparılır, amma keyfiyyət göstəricilərini daha da artırmaq lazımdır. 5 mindən artıq məhbusun azadlığı cəmiyyətə çətinlik yaratmamalıdır. Belə məsələlərin tənzimlənməsi mexanizmi isə onlar azadlığa çıxana qədər işə salınmalıdır. Hesab edirəm ki, bunun üçün ailələrə, cəmiyyətə sosial çarxlarla mesaj ötürmək olar. Eyni zamanda məhbusların özləri üçün yaxşı örnəklər vermək olar. Məsələn, keçmişdə məhbəsdə olmuş, indi isə cəmiyyətə, dövlətə töhfələr verən şəxsləri göstərmək olar.

Dövlət başçımızın amnistiya təşəbbüsü çox humanist addımdır. Bu, dövlət-vətəndaş münasibətlərində ahəngdar münasibətlərə töhfə verən bir təşəbbüsdür. Biz inanırıq ki, amnistiyaya düşənlərin islahı başa çatıb və onlar normal həyata dönməyə hazırdırlar. Çox yaxşı olar ki, onlar azadlığa çıxarkən psixodiaqnostik testlərdən də keçirilsinlər”.

“Polisə Dəstək” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik, hüquqşünas Şəmsəddin Əliyev Medianews.az-a bildirib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən bəri amnistiya və əfv qərarları nəticəsində on minlərlə insan vaxtından əvvəl məsuliyyətdən azad olunub: “Onların arasında azadlığa buraxılandan müəyyən müddət, bəzən çox qısa müddət sonra təkrar cinayət törədənlərə də rast gəlinib. Əlbəttə, belə hallar cəmiyyəti narahat etməyə bilməz. Amma unutmayaq ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi dövlət qurumları üçün prioritet məsələdir. Kriminogen durum nəzarətdədir. İl ərzində təxminən 30-32 min cinayətin 90 faizə yaxını açılır. Sovet dönəmində bu rəqəm 65 faiz idi”.

Şəmsəddin Əliyev hesab edir ki, bəzi istisnalara baxmayaraq, humanist aktlar, yəni amnistiya, əfv azadlığa çıxanların əksərinin islah olunmasını daha da stimullaşır: “Cəzada məqsəd ilk növbədə sosial ədalətin bərpa olunmasıdırsa, sonrakı yerdə baş verə biləcək təkrar cinayətlərin qarşısının alınması və insanın islah edilməsidir. Yəni cəza insanın islah olunmasına gətirib çıxarmalıdır. Amnistiya və əfv kimi humanist addımlar da buna xidmət edir, insanın islah olmasında rol oynayır.

İl ərzində 30-32 min cinayət hadisəsinin təxminən 2-5 mini əvvəllər məhkumluğu olmuş şəxslər tərəfindən törədilir. Bu göstərir ki, islaholunmaz şəxslər də var. Eyni zamanda belə cinayətlərin törədilməsində iqtisadi, sosial problemlərin, işsizlik, maddi ehtiyac kimi faktorların da rolu az deyil. Ona görə keçmiş məhkumların işlə təmin olunması məsələsi öncədən araşdırılmalı, vaxtında tədbirlər həyata keçirilməlidir. Bəzisinin azadlığa çıxanda yaşamağa yeri olmaya bilər. Belələri harada, kimin yanında qalacaqlar? Tutalım, biri tutulanda ailəli olub, lakin artıq həyat yoldaşı ondan ayrılıb, buna görə azadlığa çıxanda evə qayıda bilməyəcək. Bu, insanı yenidən cinayətə sövq edə bilər. Ona görə bu tipli məsələlər aidiyyəti qurumların nəzarətinə olmalıdır.

Mütləq şəkildə özünüməşğulluq təminatı lazımdır ki, keçmiş dustaqlar cəmiyyət üçün problemli şəxslərə çevrilməsinlər. Keçmiş məhkumların sosial adaptasiyası ictimai sabitliyin qorunması baxımından çox vacibdir.

“Ədalətli cəza odur ki, insan alçalmır və o, əminliklə bilir ki, bu, onun əməlinə görə verilmiş bir cəzadır” – Qədim Yunan filosofu Aristotelin sözüdür. Digər Qədim Yunan filosofu Platon da deyib ki, cəza intiqam üçün yox, ədalət və islah olunmaq üçün tətbiq edilməlidir. Prezidentimizin humanist təşəbbüsü sayəsində yaxın vaxtda məsuliyyətdən azad olunacaq şəxslər bilməlidirlər ki, vaxtilə onlara təyin edilmiş cəza əmələ verilən cəza idi və bağışlanmaları onların islahına ümidi, inamı ifadə edir, onlar bu etimadı doğrultmalı, tam hüquqlu vətəndaş kimi cəmiyyətə qaynayıb-qarışmalı, intizamlı həyata qədəm qoymalıdırlar”.

Nailə Qasımova,
Medianews.az

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun