01.07.2025, 09:09
130 baxış
Azad
Avropa Komissiyası Ukrayna ilə danışıqları başa çatdırdı
Avropa Komissiyası Ukrayna ilə azad ticarət sazişi üzrə apardığı danışıqları başa çatdırıb. Komissiyanın Brüsseldə verdiyi məlumata görə, bu saziş Ukraynanın mərhələli şəkildə Avropa İttifaqının daxili bazarına inteqrasiyasına xidmət edəcək.
Avropa İttifaqı bu prosesdən daha aşağı gömrük tarifləri və ya tam gömrük azadlığı formasında faydalanacaq. Ukrayna isə öz növbəsində bir çox məhsul üzrə əvvəlki illərdə olduğu kimi eyni həcmdə ixrac həyata keçirmək imkanına malik olacaq. Sazişin əsas diqqət mərkəzində kənd təsərrüfatı məhsulları dayanır.
Avropa İttifaqı 2022-ci ildə Ukraynadan gətirilən kənd təsərrüfatı məhsulları üçün gömrük rüsumlarını əsasən ləğv etmişdi. Bu addım həm də Rusiyaya qarşı aparılan müharibədə Ukraynaya dəstək məqsədi daşıyırdı. Lakin xüsusilə Şərqi Avropadan olan fermerlərin etirazlarından sonra bu gömrük azadlığı tədricən geri çəkildi.
Hazırda Brüssel və Kiyevdə hüquqşünaslar yeni sazişin detalları üzərində işləyirlər. Sazişin qüvvəyə minməsi üçün Avropa İttifaqı Şurasında və Avropa Parlamentində təsdiq olunması lazımdır.
Sarvan Səmədoğlu