Medianews.az
Azərbaycanda “ikinci çörəyə” TƏLƏBAT ARTIR: <span style=color:red>Rusiyaya kartof ixracı daxili bazara necə TƏSİR EDƏCƏK?
117 baxış

Azərbaycanda “ikinci çörəyə” TƏLƏBAT ARTIR: Rusiyaya kartof ixracı daxili bazara necə TƏSİR EDƏCƏK?

Bir müddət əvvəl Rusiya baş nazirinin müavini Dmitri Patruşev kartofa artan tələbatı ödəmək üçün İqtisadi İnkişaf Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyinə dost ölkələrdən idxalı məsələsi üzərində işləməyi tapşırıb. "Rusprodsoyuz" Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov isə bu günlərdə mediaya açıqlamasında bildirib ki, Rusiyaya kartof idxalını Misir, Azərbaycan, Çin və Pakistandan tədarük hesabına artırmaq olar. Assosiasiya rəhbərinin məlumatına görə, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyaya ərzaqlıq kartof idxalı 56,9 min ton təşkil edib. Bu dövrdə ən yaxşı tədarükçülər (Avrasiya İqtisadi Birliyi və İran istisna olmaqla) sırasına Misir daxil olub ki, Rusiyaya bütün kartof tədarükünün 85,3%-i bu ölkənin payına düşüb. Həmçinin bu sırada Azərbaycan, Çin və Pakistan da yer alıb. Görünən budur ki, Rusiya yaxın günlərdə yenə Azərbaycandan kartof idxal edəcək. Bəs bu, Azərbaycanın özündə daxili bazara necə təsir edəcək? Azərbaycanın kartofa olan illik tələbatı nə qədərdir? İllik istehsal bu tələbatı ödəyirmi? Əgər özümüzün tələbatımızı tam ödəyə bilmiriksə, xaricə kartof ixracını necə təşkil edəcəyik? Bu, kartofun qıtlığına, daxili bazarda bahalaşmasına səbəb olmazmı? Mövzu ilə bağlı Medianews.az-a danışan kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov bildirib ki, Azərbaycandan Rusiyaya yalnız faraş kartof ixrac edilir. Onun sözlərinə görə, həmin kartof təxminən aprel-may aylarında yığılır və Rusiyaya göndərilir: “Azərbaycan bu il faraş kartof ixracını 31 faiz azaldıb. Bu da onunla bağlıdır ki, Azərbaycan ixrac etdiyi kartofa Rusiyada əvvəlki illərə nəzərən yaxşı dəyər vermirlər. Çox ucuz alırlar və bu bizim istehsalçılara sərf etmir. Digər tərəfdən, kartof ixracında həm də müəyyən problemlər yaranır. Ümumiyyətlə, ixracda problem yaranıb, ona görə də meyvə-tərəvəz ixracımız xeyli azalıb. Azərbaycan hər il 70-80 min ton Rusiyadan kartof idxal edirdi. Həmin kartof hazırkı mövsümdə idxal edilirdi. Ona görə ki, bir azdan soyuqlar başlayacaq və kartofu vaqonlarla, hətta maşınlarla gətirmək belə, riskli olacaq. Hazırda kartofun qiyməti Rusiyada kəskin şəkildə artıb. Bunu baş nazirin müavini guya tələbatın artdığı kimi təqdim etməsinə baxmayaraq, bu, Rusiyanın Ukraynaya başlatdığı müharibə ilə əlaqəlidir. Bir necə il bundan əvvəl demişdim ki, vaxt gələcək Rusiyanın kənd təsərrüfatı məhsulları istehsalında ciddi azalma olacaq. Ona görə ki, onlar toxum materiallarını Qərb, Avropa ölkələrindən idxal edirlər. Bu səbəbdən onlarda məhsuldarlıq artmışdı. Bu gün taxılın istehsalı da Rusiyada ciddi azalıb. Bu azalma təxminən 20 milyon tona qədərdir ki, onun da 10 milyon tonu buğdadır. Tərəvəz, o cümlədən kələm, kartof və sair istehsalı da azalıb. Rusiyada bu problem gələcəkdə də dərinləşə bilər”. V.Məhərrəmov söyləyib ki, yüksək keyfiyyətli məhsul əldə etmək, ümumən məhsuldarlığı artırmaq üçün daha yaxşı genetik materiallara, toxuma ehtiyac yaranır: “Rusiyanın bununla bağlı problemi var, çünki ona embarqo qoyulub. Şimal qonşumuzun indiki halda üzləşdiyi bu çətinliklər Azərbaycanı da gözləyir. Bizdə də müəyyən problemlər yaranacaq. Biz kartof ixrac edə bilmərik. Çünki bizim bu il ümumi kartof istehsalımız 7 faiz azalıb, məhsuldarlıq 5 sentnerə qədər aşağı düşüb. Bu o deməkdir ki, istehsal etdiyimiz məhsulun maya dəyəri yüksəkdir. Ona görə də hər ildə 200 min tona qədər digər ölkələrdən, o cümlədən 70-80 min ton da Rusiyadan kartof idxal edirik. Yəni, bizim elə imkanımız yoxdur ki, Rusiyaya böyük həcimdə kartof ixrac edək. Ola bilsin ki, hökumət belə bir qərar qəbul etsin, kampaniya xarakterli addım atsın. Misal üçün, bəzi kartof istehsalçıları, xüsusən böyük təsərrüfatlara bununla bağlı müəyyən göstərişlər verilsin və nümayiş etdirilsin ki, Azərbaycan da Rusiyaya kömək edir. Bir necə maşın, haradasa 100-150 tona yaxın məhsul da göndərə bilərlər. Amma bu, nə Rusiyanın kartofa olan ehtiyacında ciddi rol oynayır, nə də bizim bazara təsir etməyəcək. Bizim bazara təsir edəcək amil Rusiyada qiymətin artımı və buradan kartofun idxalının mümkün olmadığı hallardır”. Ekspert söyləyib ki, Azərbaycan fermeri istehsal etdiyi kartofu uzun müddət saxlaya bilmirlər: “Bir müddətdən sonra bizim ümumiyyətlə kartofa ciddi ehtiyacımız yaranacaq. Azərbaycana İrandan, digər ölkələrdən də kartof idxal edilir. Əgər belə gedərsə, digər ölkələrdə də istehsalla bağlı problem yarana bilər. Nəticədə Azərbaycanda çox ciddi qıtlıq yarana bilər. Ona görə də Azərbaycan hökuməti bu sahəyə ciddi fikir verməlidir. Hər il kartofun əkin sahəsi azalır. Keçən il 49,8 min hektarda kartof əkini həyata keçirilmişdi. Bu il düşüb 45 min hektara. Halbuki 2005-ci ildə 70 min hektarda kartof əkini həyata keçirilmişdi. Biz o zaman öz kartof ehtiyacımızı tam qarşılamağa çox yaxın idik, hətta demək olar ki, ödəyirdik. Azərbaycanın indiki halda təxminən 1 milyon 300 min ton istehlak imkanı var. Biz təxminən o zaman 1 milyon 80 min ton istehsal etmişdik. O zaman da əhali sayı az idi və bizə kifayət edirdi. Hazırda əhalinin sayı artıb deyə, bizim “ikinci çörəyə” ehtiyacımız da artıb. Ümumiyyətlə, belə götürəndə Azərbaycan 1 milyon 500 min ton kartof istehsal etməlidir ki, istehsal edilən kartofun bir hissəsi, təxminən 500 mindən çoxu  təxminən 350 min tonu toxum materialı kimi istifadə olunsun. Azərbaycanın kartof istehsalı ilə bağlı son bir neçə ildə ciddi problemlər yaranıb. Kartof istehsalçıları ərazinin genişləndirilməsində bir o qədər maraqlı deyil. Həmçinin məhsuldarlıq aşağı düşür. Sahədə ciddi problemlər öz həlini tapmır. Problem ondan ibarətdir ki, biz toxumçuluğu inkişaf etdirə bilmirik. Halbuki yaxşı kartof toxumlarımız var idi, onlar sıradan çıxıb. Digər tərəfdən, müasir suvarma sistemini qura bilməmişik. Daha ciddi problemlərdən biri soyuducu anbarların inşa etdirilməməsidir. Fermer istehsal etdiyi məhsulu uzunmüddətli saxlaya bilmir. Nəticədə istehsal edilən məhsulun bir hissəsi sahədə, bir hissəsi daşınmada, bir hissəsi isə anbarda xarab olur”. Nailə QASIMOVA

Bizə qoşulun